Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
50 ildir işləyən fabrik və zavodların adları dəyişdirilərək, bazalarında "100 manatlıq” MMC-lər təsis edilib, nizamnamə kapitalları "sıfırlanıb”
Fabriklər Cahangir Hacıyevin nəzarətindən çıxarıldıqdan sonra olan-qalan pulların da başına daş salınıb
"Azərbaycan Sənaye Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyətinin (ASC) saytında məlumat verilir ki, "Aqrarkredit” QSC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi mülkiyyətlərdən olan, Qaradağ rayonundakı "ASK Şüşə” MMC guya 2018-ci ilin fevral ayında təsis edilib.
Müəssisə ASK-ya məxsusdur, 22 ha ərazidə yerləşir və İtaliya istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodda 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər var. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkə daxilindən təmin edilir, bir hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.
Ortada məhsul yox, mənfəət yox, hələ ki bolluca vədlər var
"ASK Şüşə” MMC-nin investisiya proqramı barədə isə yazılır ki, "zavodun hazır məhsul anbarının tikinti işləri ilə bağlı təhlillər aparılır və birinci sobanın ikinci xəttinin işə salınmasına dair "ALL Glass” və "BDF İndustries” şirkətlərinin mütəxəssisləri ilə görüşlər keçirilib.
"Ehtiyac olan avadanlıqların siyahısı müəyyən edilib və xəttin işə salınması üzərində çalışılır. Bununla zavodun 90-95% KPI (İngilis dilində Key Perfomance Indicator sözünün abbreviaturasıdır və Əsas Perfomans Göstəricisi kimi tərcümə olunur-red.) ilə fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Bu da öz növbəsində hazır məhsulun maya dəyərinin aşağı salınması deməkdir. Zavodda rəngli sobanın tikintisi layihəsinə start verilib. Hazırda soba tikintisi ilə məşğul olan bir neçə beynəlxalq şirkət ilə danışıqlar aparılır”.
Korporasiyanın baş direktoru, deputat Kamran Nəbizadə "ASK” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən deyib ki, hazırda zavod istehsal gücünün 40%-i ilə işləyir və bu göstərici ildə orta hesabla 40-45 milyon şüşə tara təşkil edir.K.Nəbizadə: "İkinci istehsalat xəttinin tam işə salınması 2019-cu ilin fevral ayına planlaşdırılır. Həmin xəttin fəaliyyəti nəticəsində zavodun istehsal gücünün 90%-ə çatdırılması gözlənilir. Bundan sonra müəssisənin istehsal gücü ildə 95-100 milyon şüşə taraya çatacaq. Yaxın gələcəkdə 2-ci şüşəbişirən sobanın inşası da nəzərdə tutulur və tikinti başa çatdıqdan sonra zavodun illik istehsal gücü 200-210 milyon şüşə tara təşkil edəcək. Yeni soba və istehsalat xəttinin işə düşməsindən sonra yeni iş yerlərinin açılması da gözlənilir”.
Saytda konkret mənfəətə işarə belə vurulmur, yalnız vədlər verilir. Lakin vədlər də çox vaxt özünü doğrultmur. Belə ki, xəttin fevral ayında işə salındığı ilə bağlı ASC-nin web-resurslarındakı xəbər bölməsində heç bir məlumat yoxdur.
100 milyon nizamnamə kapitallı müəssisə bir gündə "yox” edildi
Öz tərəfimizdən qeyd edək ki, əvvəla, şirkətin "ASK” tərəfindən təsis edildiyi barədə yazılanlar yanlışdır. "ASK Şüşə” MMC "İnter Glass” Zavodunun bazasında yaradılıb. "İnter Glass” Zavodu Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və ən böyük müəssisə idi.
Şirkət son texnologiya ilə təchiz edilmiş və zavodun əksər avadanlıqları Almaniyadan gətirilmişdi. "Beynəlxalq Bank işi”nə görə "İnter Glass” şirkətinin də direktoru həbs edilmiş, sonra buraxılmışdı ("Beynəlxalq Bank işi”ndə adı keçən şirkətlərin çoxunun sahibi saxlanılıb, lakin şirkətlərini təhvil verdikdən sonra buraxılıb-red.). Necə olur ki, keçən il yaradılan müəssisə 2011-ci ildə "İlin şirkəti” mükafatına layiq görülüb? Bu müəssisə elə "İnter Glass”ın özüdür, sonradan şirkətin adı "Bakı Glass” olaraq dəyişdirilib, indi də "ASK Şüşə” deyirlər.
2017-ci il iyul ayının 17-də "Vergilər” qəzetinə istinadən eyni gündə bir ünvanda yaradılan 7 şirkətin ABB-dən kreditləşən müəssisələr olduğu ortaya çıxmışdı. Həmin gün daha bir müəssisə – "Azərşüşətara” MMC də dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 98 mln. 997,775 min manat təşkil edir. Hüquqi unvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 25-dir. Qaradağ rayonunda bir ünvanda iki şüşə zavodu olmadığına görə, bunlar eyni müəssisələrdir. Nizamnamə kapitalı da az deyil – 100 milyon manat.
Bir vaxtlar zavodun fəaliyyətinin Gürcüstanda genişləndirilməsi məqsədilə orada da ərazi satın alınmışdı. Lakin Beynəlxalq Bankın başına gətirilənlərdən sonra, Gürcüstanda törəmə müəssisənin açılmasına şərait olmadı.
Müəssisələrin maliyə resursları hara yoxa çıxıb?
"ASK”-ın məlumat resurslarına görə, "Azəripək” MMC baramadan xam ipəyi açan, toxucu, boyaq-bəzək, pambıqəyirici və burucu kimi 5 əsas istehsal sahəsindən ibarətdir.Müəssisədə quraşdırılmış Almaniya, Polşa, Hollandiya istehsalı olan avadanlıqlarda xam ipək, ipək şərflər, ipək kəlağayılar və pambıq iplik istehsal olunur. Hazır məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac edilir.
Bu da əvvəlki "Şəki ipək” ASC-nin bazasında yaranmış şirkətdir. Lakin yenə 2017-ci ildə eyni gündə yenidən qeydiyyatdan keçirilən müəssisələrin siyahısındadır. "Şəki İpək” ASC-nin 37,5 milyon manat dəyərində əmlakı əsasında "Şəki İpək İstehsalı” MMC adı ilə qeydiyyata alınmışdı.
Amma 2018-ci il mayın 24-də dərc olunan daha bir məlumat diqqət çəkir. "Azərbaycan Sənaye Korporasiyası paralel strukturlar yaratmağa davam edir” başlıqlı xəbərdə deyilir ki, Korporasiya aprelin 16-da iki cəmiyyət – "Azəripək” MMC və "Azəralüminium” MMC təsis edib. Hər iki şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Hüquqi ünvanları Bakı, Tbilisi prospekti, 65, "ASK Plaza”-dır. Göründüyü kimi, burada da artıq nizamnamə kapitalının "əridiyi” məlum olur. Əslində, bu müəssisələrdə kreditlərin səmərəsiz istifadə olunduğu iddiaları vardı və Beynəlxalq Bank yalnız həmin kreditlərə cavabdeh idi. Kimsə müəssisələrdə başqa problemlərin mövcudluğundan danışmırdı.
İndi məlum olur ki, iri zavod və fabriklər cənab Hacıyevin nəzarətindən çıxarıldıqdan sonra olan-qalan pulların da başına daş salınıb. 100 milyonlarla sərmayə qoyulan müəssisələrin indi cəmi 100 manatlıq nizamnamə kapitalı var.
Mütəxəssislər: "yaxın illərdə barama istehsalı 700 tonu keçməyəcək”
K.Nəbizadə "Azəripək” MMC-nin fəaliyyəti ilə bağlı deyib ki, 2018-ci ildə 513 ton yaş barama tədarük edilib. Bunun 52-55 tonundan hazır xam ipək, iplik əldə edilməsi planlaşdırılır. Cənab Nəbizadənin sözlərinə görə, bu il 1000 ton yaş barama tədarükü gözlənilir və bunun üçün müvafiq tədbirlər proqramı tərtib edilib.
Proqram çərçivəsində Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, "Azəripək” MMC-yə məxsus dəyirman kombinatında 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanı ilə yanaşı, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur. Əlavə 10 tonluq buxar qazanının quraşdırılmasına zərurət yaranıb.
Mütəxəxssislərə görə, isə təşkilati işlər ən yüksək səviyyədə həyata keçirilsə belə, barama qurdunun bəslənilməsindən ötrü yem bazasının zəif olması yaxın illərdə 600-700 tondan artıq yaş baramanın tədarükünü mümkünsüz edir. "İpəkçi Qəzeti”nin yazdığına əsasən, istər 500 ton, istərsə də 700 ton yaş barama "Şəki İpək” kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün yetərsizdir. Anbarlardakı ipəyi xam şəkildə, yaxud hazır məhsula çevrilmiş şəkildə xaricə satmaq mümkün deyil, çünki maya dəyəri dünya bazarından bahadır: "Müəssisənin daimi fəaliyyəti və gəlirlə işləməsi üçün əvvəlcə ipəyin maya dəyərini aşağı salmaq, sonra süni liflərdən parça toxunmasını bərpa etmək lazımdır. Ən azından viskozadan parça toxumaq olar, bu da ipəkdir, təbii mənşəlidir və toxuculuq sənayesində geniş tətbiq olunur, təlabat daha çoxdur və xeyli ucuzdur. Tut ipəyi 100 il əvvəl dünya toxuculuq sənayesində öz yerini viskozaya verib. Təəssüf ki bunu müəssisənin rəhbərliyi və aidiyyatı olan məsul şəxslər hələ də anlaya bilmirlər”. Bunları ixtisaslaşmış bir qəzet yazdığına görə, rahat istinad edə bilirik və əlavə şərhə də ehtiyac yoxdur. Kombinatın işçilərinə yalnız bir təsəllimiz var: gəlirlə bağlı narahat olmasınlar, "ASK”-da onsuz da mənfəətlə işləyəcəkləri ilə bağlı vəd verilmir.
"İnter Textile”-dən çıxarıb, "işləmək istəyən "ASK Tekstil”ə ərizə yazsın”, dedilər
Korporasiyanın təsis etdiyi iddia olunan daha bir müəssisə – "ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir.
Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi sahələrdən biri də xalça istehsalıdır. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşidlərinin olduğu bildirilir. Bu, fabrik haqqında saytda gedən bilgidir. Əslində isə Sumqayıt şəhərində yeləşən müəssisə "Beynəlxalq Bank”-dan kreditləşən "İnter Textile” şirkətinin maddi bazasında yaradılıb. İdarəçi dövlət qurumlarına verilənə qədər müəssisə işləyirdi, əməkdaşlarına da maaş verib. Ötən il "İnter Textile”nin keçmiş işçiləri uzun müddət ödənilməyən maaşlarını tələb edirdilər. Müəssisə "ASK”a veriləndən sonra, iyun ayında işdən çıxarılıblar. Onlara fabrikin ləğv edildiyi deyilib. Bildirilib ki, işə qəbul üçün təzə rəhbərliyə ərizə yazmalıdırlar.
Korporasiyanın siyasəti: ərzaq, elektrik, qaz, su əvəzinə… köynək ödəmək
Çox maraqlıdır ki, bir tək ad dəyişikliyinə görə, bütün işi dayandırıb, işçiləri də çölə atıblar. Köhnə borcların əvəzində isə fabrikdə tikilən köynəklərdən təklif ediblər. İşçilər də ərzağın, qazın, suyun, işığın əvəzinə köynək verə bilməyəcəklərinə yeni rəhbərliyi heç cür inandıra bilmədiklərindən şikayətli idilər.
"İNTER TEXTİLE” tikiş fabrikinin işçiləri maaşlarını tələb edirlər
Onlar müəssisənin 2008-ci ildən yarandığını, oraya xeyli sərmayə yatırıldığını, bunun qarşılığında isə zəhməthaqlarının ödənilmədiyindən dolayı aidiyyatı qururmlara müraciət etdiklərini deyirdilər. Keçmiş işçilər iddia edirdilər ki, 2 milyonluq mal satılıb, amma ortada pul yoxdur. Həmin dövrdə ASC-nin idarə heyətinin sədri Şakir Musayev "Tərəqqi” medalı ilə təltif edilib.
Hansı sahəyə "daş atırsan”, gedib "Gilan”a dəyir
Sumqayıt İcra Hakimiyyətinin məlumat resurslarında bu müəssisənin 1974-cü ildə "Sumqаyıt Üst Triкоtаj” fаbriкinin əsasında yaradıldığı xatırladılır. Fаbriк 2000-ci ildə "Sumqаyıt Triкоtаj” АTSC, 2006-cı ildə özəlləşdirilməsi bаşа çаtdırıldıqdаn sоnrа "Sumqаyıt Triкоtаj” АSC аdlаndırılıb. 2008-ci ildə "Inter Textile” АSC-yə çevrilib. Cəmiyyətin əsas istehsal sahələrində yenidənqurma və bərpа işləri aparılıb, müasir toxuma, iplik və tikiş avadanlıqları quraşdırılıb. Göründüyü kimi, şəhər İcra Hakimiyyətində də yaxın keçmişdə işlək olan bir müəssisədən danışılır. Şüşə zavodu, "Şəki İpək” ASC kimi, bu müəssisə də sahibini və adını azı 4-5 dəfə dəyişdirib.
İH-in saytında bu məlumatın böyründə "Gilan Textil” Parkı haqqında daha ətraflı və istehlakçını maraqlandıran məlumatlar yer alıb. Göz dəyməsin, hər sahədə də "Gilan”ın bir müəssisəsi var. Həm də onun təqdimatı "ASK” ASC saytındakı təqdimatdan daha cəlbedicidir. Peşəkar və qeyri-peşəkar işin uğurlu müqayisəsini buradan başlamaq olar…/Azpolitika.info/