"Diqlas" yanğınından 3 ay ötdü: Sahibkarlar hələ də kompensasiya ala bilməyiblər - VİDEOREPORTAJ

 

"Diqlas” ticarət mərkəzindən baş verən məhvedici yanğından 3 ay ötür. Hazırda ticarət mərkəzinin söküntüsü prosesi gedir. Bu səbəbdən də "8-ci kilometr bazarı”nın qarşısında gediş-gəliş çətinləşib. Arabir nəqliyyatın sıxlığı da müşahidə olunur. 
Binanın söküntüsü üçün ağır texnikalar cəlb olunub. Söküntü yuxarı hissədən başlayaraq aşağıya doğru aparılır. Bu səbəbdən də ətrafdakı iaşə obyektləri toz-duman içində qalır. Ərazidə olduğumuz zaman satıcılar və alıcılar narazılıqlarını ifadə etdilər.

Yanan ticarət mərkəzinin yaxılığındakı binalarda isə dözülməz durum yaranıb. Sakinlərin sözlərinə görə, hər gün erkən saatlarda ağır texnikaların səsindən evdə oturmaq olmur. Külək söküntüdən qopan toz-torpağı sovurub evlərə doldurur.

Musavat.com-un müxbiri yanğın zamanı ziyan görən satıcılarla həmsöhbət olub.

Yanan bazarın satıcılarının bir çoxu "8-ci kilometr bazarı”nın qarşısındakı açıq yarmarkada çalışırlar. Onlar gündəlik qazancları üçün müvəqqəti olaraq xırda ticarətlə məşğul olurlar.

Satıcılar əmlaklarına dəyən ziyanın kompensasiyasını ala bilmədiklərindən gileylənirlər. Onların sözlərinə görə, aidiyyatı qurumlar onları "get-gəl”ə salırlar. Kompensasiyanın gecikdiirlməsinin səbəbi isə yanan malların anketinin yoxlanılması ilə izah olunur.

20 ildən çoxdur ki, "Diqlas” ticarət mərkəzində işləyən Gülnarə Bayramova deyir ki, ilkin olaraq 2 min manat dövlət yardımı alsa da, 3 aya yaxındır ki, malına dəymiş 15 min manatlıq zərərin kompensasiyasını ala bilmir.

Həmsöhbətim bildirir ki, ziyan görmüş sahibkarlara ölkə başçısının göstərişi ilə müvafiq banklardan güzəştli kreditlərin verilməsi tapşırılsa da, həmin banklar tapşırığı icra etmirlər.

Bəzi satıcılar isə səbr nümayiş etdirərək, gözlədiklərini bildirirlər. Həmsöhbətim İsmət Əliyevin yanğın zamanı malına 12 min manat məbləğində ziyan dəyib. O deyir ki, malına dəymiş zərərin kompensasiyası tez verilsə idi, həmin vəsaitlə yenidən ticarətlə məşğul olardı.

Xatırladaq ki, ölkə başçısı "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Ölkə başçısı ilkin mərhələdə ziyan görmüş sahibkarlara 2 və 10 min manat məbləğində dövlət yardımı verilməsi üçün tapşırıq verib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.



Oxşar Xəbərlər

Xəbər lenti