27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bakı şəhəri Səbail rayonu ərazisində gəzən cütlük iyulun 28-də axşam saat 22.00-23.00 radələrində Paşa bankın baş ofisinin yaxınlığında polis özbaşınalığı ilə üzləşib.
Belə ki, post patrul maşınında əraziyə nəzarət edən polislər cütlüyə yaxınlaşaraq milliyyətcə koreyalı olan oğlana bildirib ki, Bakıda xarici vətəndaşlara azərbaycanlı qızlarla küçədə gəzmək qadağandır.
Gəncin polisə koreyalı olmasına baxmayaraq illərdir Azərbaycanda yaşadığını bildirməsi, səlist azərbaycanca danışması, küçədə gəzdiyi qızın nişanlısı və türkmənistanlı olmasını desə də, polis əməkdaşı onlardan əl çəkmək istəməyib və cəzalandıracağı ilə hədələyib.
Uzun söhbətdən sonra cütlük polis əməkdaşından canını qurtarıb. Bu əhvalatı danışan gənclər deyir ki, polislər onların sənədləri ilə belə maraqlanmayıb, gəncin xarici olduğunu görən kimi qəribə iddialar irəli sürməyə başlayıblar.
Bəs görəsən polisin bu hərəkəti qanunvericiliyə uyğundurmu? Gerçəkdən azərbaycanlı qızlarla xaricilərin küçədə gəzişməsinə hər hansı qadağa qoyulubmu?
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə danışdıq.
Polis mayoru deyir ki, belə bir qadağadan söhbət gedə bilməz.
Onun sözlərinə görə, Azərbaycan polisi ölkə qanunvericiliyi çərçivəsində işləyir və qanunvericilikdə də belə bir qadağa yoxdur.
"Qətiyyən belə ola bilməz. Polis qanunvericiliyə uyğun işləyir və qanunvericilikdə hansısa belə bir qadağa yoxdur. Polisə də belə bir tapşırıq verilməyib. Polis ancaq o halda kimisə saxlaya bilər ki, şübhə doğuran məqamlar olsun. Bu da ictimai qaydanın və təhlükəsizliyin təmin olunması üçün önəmlidir.
Lakin dediyiniz məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, araşdırılmalıdır”, - deyə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Bəlli olur ki, əslində heç bir qadağa yoxdur və polis əməkdaşı özbaşınalığa yol verib. Qanunda hər hansı qadağanın olmadığı təqdirdə xarici vətəndaşı hədələyib, ona qarşı tədbirlər görmək istəyib.
Qeyd edək ki, cütlük xarici ölkə vətəndaşı olsa da Bakıda yaşayır və işləyir. Onlardan biri ölkənin aparıcı şirkətlərindən birində İT əməkdaşı, digəri isə müxbirdir. Onların bildirdiyinə görə, hər hansı polisi şübhələdirəcək hərəkətə yol verməyiblər. Prinsipcə polisin məsələni araşdırmaq istəyi varsa həmin polis əməkdaşını tapmaq elə də çətin olmayacaq. Çünki hadisə xeyli sayda kameraların quraşdırıldığı şəhərin mərkəzində və Paşabankın baş ofisinin yaxınlığında baş verib.
Hadisənin baş verdiyi gün və saatın bəlli olduğunu bura əlavə etsək, polis əməkdaşını tapmağın elə də çətin olmayacağını asanlıqla iddia edə bilərik.
Bəs görəsən həmin cütlük gerçəkdən turist olsaydı polisin bu hərəkətindən sonra bir daha ölkəmizə gələrdilərmi?
Turizm eksperti Ceyhun Aşurov deyir ki, əvvəllər rastaşırdıq ki, İran vətəndaşları maşınla Azərbaycana gələndə DYP onları tez-tez saxlayıb, pul alırdı. Ancaq sonradan bu problem aradan qalxdı.
Onun sözlərinə görə, son dövrlər bu kontekstdə heç nə eşitməyib və görməyib.
Güman edir ki, bu məsələ polisin fərd olaraq özü ilə bağlı ola bilər və bir istisnadır. Çünki polislər xarici vətəndaşlarda nisbətən daha həssas davranırlar.
"Bütün sahələrdə qeyri-peşəkar və ziyanlı adamlar olduğu kimi, polisdə də ola bilər. Çox güman ki, belə hadisə baş veribsə, o polislərin yanlışlığıdır. İnanmıram ki, polis ümumi mənada belə bir qayda müəyyənləşdirsin. Bizə əvvəllər səfirliklərin sorğuları və digər yollarla belə məlumatlar gəlirdi, lakin hazırda belə məlumatlar almırıq”, - deyə ekspert bildirib.
Ceyhun Aşurov əlavə edib ki, ölkəmizə gələn xarici qonaqların belə hallarla qarşılaşması turizmə ciddi ziyan vurur.
Onun sözlərinə görə, gələn qonaqlardan kimlərsə jurnalist, bloqer, yazıçı və ya ümumilikdə ictimai şəxs ola bilər və bir yazı yazar, online platformalarda belə bir şeyin baş verdiyini deyər, bu da turizimimizə, ölkəmizə ləkə olar.
"Ona görə də, düşünürəm ki, hansısa kiçik imtiyaz qarşısında turistləri aldatmaq, incitmək lazım deyil. Əksinə, onlara ölkəmizi, mədəniyyətimizi, mətbəximizi tanıtdırmaq lazımdır, bu halda daha çox xeyir qazanacağıq xalq olaraq, dövlət olaraq”, - deyə turizm eksperti Ceyhun Aşurov bildirib.
Ümid edirik ki, toxunduğumuz fakt hüquq mühafizə orqanları tərəfindən diqqətsiz qalmayacaq və günahklarlar cəzalandırılacaqlar. Belə ki, turzimin inkişafı, ölkəmizə turistlərin cəlb eidlməsi Azərbaycan Respublikası prezidenti tərəfindən diqqətdə saxlanılan məsələlərdəndir.
Xarici vətəndaşlara gülməli iddiaların təqdim edilməsi, özü də bunun polis formasında olan və post patrul maşınından düşən polis əməkdaşı tərəfindən edilməsi birbaşa ölkə siyasəti və dövlətin turizm siyasətinə qarşı çıxmaq kimi dəyərləndirilə bilər./Anews.az/