“Çəpgözlər” ölkəsinin “qozbel” lifti - 100 manat pul verdik, yenə işləmir

“Çəpgözlər” ölkəsinin “qozbel” lifti

 

Bu dəfə müxtəsər olmağa çalışacam - adı «dillər əzbəri» olmuş liftimiz yenə işləmir. Dünən qonşulardan biri liftdə qalmışdı - sevindik… düşündük ki, nə yaxşı, liftdə qalan uşaq deyil, yoxsa qorxudan zavallının bağrı yarılardı.

 

Düz iyirmi gün bundan əvvəl lift dediyimiz bu «andır» yenə «naxoşlamışdı». Əgər belə yazdığıma görə, məni qınayacaqsınızsa, məzur qılın, bilmədim… ki, «naxoşlamışdı» yazım, yoxsa «azarlamışdı» ərz eləyim. Mən, özünütənqidi çox sevdiyimə görə, əlüstü rəhmətlik Cəlil Məmmədquluzadəyə «müraciət» elədim və öyrəndim ki, «xəstələnmişdi» yazmaq lazımdır…

Səbrim tükəndi və 20 gün bundan əvvəl qəzetimizdə «əyri güzgülər» ölkəsinin «qozbel» liftinin «150 manatlıq xəstəliyi» barədə qısa bir «felyeton» dərc etdişdim. Qısası, Prezidentə xəbərçilik elədim: "Cənab Prezident, Sizi və bizi aldadırlar – Bakının lift təsərrüfatının rəhbərləri Sizə yalan məlumatlar verirlər – bu təsərrüfat bərbad hala gəlib, özü də məhz baxımsızlıq-xidmətsizlik səbəbilə! Bildiyimiz qədərində, Siz cari ilin may ayında «BakLiftTəmir» idarəsinə 40 milyon manat vəsait ayırmısınız. İndi bu cənablardan soruşmaq gərəkdir: cənablar, 40 milyonu neylədiniz ki, liftlərimiz «adəti üzrə» yenə də işləmir?!”

Sabahı günü Bakı Şəhər İcra Hakimiyyətinin «ictimaiyyətlə əlaqələr şöbəsi»nin (rəisi yazım, yoxsa müdiri?) - ladno, qoy, bir qədər «yekə» çıxsın - rəisi, hörmətli İsrafil müəllim yazdıqlarıma xeyli «tutarlı» bir cavab verdi: "Onlar ilk növbədə binanın balans saxlayıcısı olan Mənzil İstismar Sahəsinə (?-М.А.) müraciət ediblər. Amma "JEK” onları başından edib. Sakinlər də özləri vəsait toplayaraq liftin yanmış matorunu dəyişdiriblər. Hazırda həmin binanın lifti işləyir. Problemin yaranmasının əsas səbəbi isə sakinlərin liftdən istifadəyə görə xidmət haqqını vaxtında verməməsidir. Ayda adambaşına liftə xidmətin haqqı 20 qəpikdir, amma bu cüzi vəsaiti də vermək istəmirlər. Beləliklə sakinlərin Lift İstismar İdarəsinə 150 manat xidmət haqqı borcu qalmişdı. Amma toplaşıb əvvəlcə 100 manat, daha sonra 50 manatı ödəyiblər. Hazırda onların borcu yoxdur”.

Heç bir şərh vermədən, bu cənabdan soruşuram: Bəs, 150 manat borc necə oldu ki, 100 manat verən kimi, lifti düzəltdilər? Borc-filan yox idi, bu cənab «vəziyyətdən çıxmaq üçün» belə danışırdı! İndi Azərbaycanda hamı yalan danışır və məhz ona görədir ki, güzgülərimiz əyri, liftlərimiz isə «qozbel». Bu xasiyyətimiz (artıq milli idman növü səviyyəsinə yüksəlib!) bizi uçuruma aparır - nə qədər ki, hələ gec deyil, naqis «mentalitet»dən imtina etmək gərəkdir…

Bir haşiyəyə çıxmaq istərdim. Biz, hər yoldan ötəni «müəllim» deyə çağırırıq, amma erməni ona «vardapet» deyir və hər yoldan ötəni «müəllim» epitetinə qonaq eləmir. Görünür, məhz bu səbəbdəndir ki, erməni şəhərlərində liftlər «naxoşlamır»… pardon-pardon, «xəstələnmir»…

İndi, üstündən düz 20 gün keçəndən sonra, sonrağı Afrika savannalarına qədər gedib çatmış məşhur və «göyçək» liftimiz yenə «azarlayıb», bağışlayın, xarab olub. Belədə, İsrafil müəllimdən soruşmaq istəyirəm: «İndi nə qədər borcumuz var ki… daha dilim «liftimiz işləmir» demək üçün dönmür».

Eşitdiklərimə, oxuduqlarıma görə İranda dərvişlər gecələr əhaliyə küçələrin ortasında nağıl danışırlar - qarşılığında dinləyicilərdən pul yığırlar. Nağılın şirin yerində dərviş deyir: «Hə, qalanına da sabah qulaq asarsınız, indi isə dağılışın…» Dərvişin sözü olmasın, bu felyetonumun davamını sabah oxuyarsınız, amma pul-filan lazım deyil. Çalışacam ki, sabaha tutarlı bir «Lift haqqında dastan» hazırlayım - izləyin…



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}