Xətaidə bir küçədə iki binanın zirzəmi və dam problemi - Videoreportaj

 

Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, bina A18 ünvanında yaşayan sakinlər uzun müddətdir evlərinin zirzəmisinə kanalizasiya sularının dolmasından əziyyət çəkir. Su borularının çürüməsi nəticəsində kanalizasiyanın çirkab suları mütəmadi olaraq binanın zirzəmisinə axır.

Musavat.com xəbər verir ki, bununla bağlı sakinlər dəfələrlə aidiyyəti qrumlara müraciət etsələr də, heç bir tədbir görülməyib.

Birinci mərtəbədə yaşayan Emin Hüseynov su ilə dolu zirzəmini əməkdaşımıza göstərərək, uzun illərdir ki, antisanitariya vəziyyətində yaşadıqlarını bildirdi: "Evimin altı su ilə doludur. Borular çürüyüb, kanalizasiya suyu birbaşa zirzəmiyə axır. Yay-qış üfunət iyindən evdə otura bilmirik. Hətta qış aylarında da evimizdə ağcaqanad olur. Şikayət edirik, gəlib sadəcə zirzəminin suyunu çəkib gedirlər. Problem kökündən həll olunmadığı, borular dəyişdirilmədiyi üçün bir neçə gündən sonra yenə su dolur. Binanın 6 blokunun hamısının zirzəmisi eyni vəziyyətdədir".

Nigar adlı digər sakin bu zirzəmilərin siçovul yuvası olduğunu söylədi: "Antisanitariya olduğundan uşaqlarımız xəstəlik tapır. Siçovullar da bloklarımızda gəzirlər. Problemin həlli üçün yer qalmayıb ki, şikayət etməyək, amma heç bir nəticəsi yoxdur."

Binanın problemi təkcə bununla bitmir. Belə ki, yuxarı mərtəbədə yaşayan sakinlər dam örtüyünün yararsız olmasından əziyyət çəkirlər. Yağış sularının evlərinə damdığını deyən Səyyarə adlı sakin 9-cu mərtəbədə olan bütün mənzillərin eyni problemi yaşadığını bildirdi:

"Evimizi təmir edirik, payız-qış aylarında yağış yağır, mənzilimizin tavanı, divarları yenidən bərbad hala düşür. Öz hesabımıza binanın damına tol vurdurduq, o da uzun müddət çəkmir. Problem təkcə evlərimizdə deyil, liftin mühərrikxanasının da dam örtüyü belədir. Liftin mühərrikinin üstünə su dammasın deyə, su qabları qoymuşuq. Problemlə bağlı dəfələrlə Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) yazılı müraciət etsək də, baxan yoxdur."

Eyni küçədə yerləşən, 12A ünvanında yerləşən yataqxana binasının vəziyyəti daha təhlükəlidir. Belə ki, binada sürüşmə əlamətləri var. Bunu binanın divarlarındakı uçuqlar və evlərdə çatlaqlardan da bilmək olur.

Musavat.com olaraq yataqxanada bir neçə sakinin evində müşahidə apardıq. Nadir adlı sakin evində sürüşmə əlamətlərini göstərdi: "Evimdə kanalizasiya borusu əyilib, divarlarda çatlar əmələ gəlib. Çatlar keçdikcə daha da böyüyür. Hətta binamızın yanından ağır tonajlı maşın keçəndə evimiz silkələnir."

Qeyd edək ki, binanın həyətində torpağı uçqundan qorumaq üçün qoyulan beton bəndlər sürüşərək yolun üzərinə düşüb. Bu da maşınların həyətə gəliş-gedişini çətinləşdirir.

Elçin Əkbərov,
Musavat.com
Foto və video müəllifindir

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}