8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nazirlər Kabineti Əli Əsədovun Baş Nazir təyin olunmasının 100 günlüyü münasibəti ilə "Nazirlər Kabinetinin funksiyası və 100 günü" adlı məqalə hazırlayıb.
Sozcu.info həmin məqaləni təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin yanvarın 13-də keçirilən müşavirədə Nazirlər Kabineti qarşısında qoyduğu prioritet hədəflərdən biri real sektorun inkişafı idi. Eyni zamanda qoyulmuş tapşırıqlar ilk növbədə şəffaflığın təmin edilməsi, dövlət xərclərinin azaldılması, az xərclə daha çox və daha keyfiyyətli nəticəyə nail olunması və dəyişən şəraitə çevik reaksiyanın təmin edilməsidir.
2019-cu ilin oktyabrın 8-dən 2020-ci il yanvarın 15-dək olan 100 gün ərzində Nazirlər Kabinetində ciddi struktur islahatları həyata keçirildi. Əvvəlki 10 şöbənin əvəzində 14 şöbə yaradıldı. Məqsəd qeyri-neft iqtisadiyyatının ən mühüm sahələri üzrə daha çox ixtisaslaşmış şöbələr yaratmaq və konkret sahələr üzrə mütəxəssislər cəlb etməkdir. Şöbələrin fəaliyyət istiqamətlərinin daha da konkretləşməsi və ixtasaslaşması isə Prezidentin tapşırdığı ikinci bir məqsədə - Nazirlər Kabinetinin fəaliyyətinin sürətləndirilməsinə və çevikliyinin artmasına nail olmaqdır. Çünki, tapşırıqların icrasında sürətlilik, çeviklik, sistemli yanaşma və daha sıx koordinasiya əsas prinsiplər sırasındadır.
Kadr islahatlarında əsas prinsip də ölkə üzrə aparılan islahatların baza prinsipinə uyğundur: gəncləşmə və təcrübənin uzlaşdırılması.
100 günün statistikası
100 gün ərzində Nazirlər Kabinetində 107 qərar, 243 Sərəncam işlənib, hazırlanıb və imzlanıb.
Qərar və Sərəncamların əhatə etdiyi əsas istiqamətlərə gəldikdə isə 64 sərəncam Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icrası, 22-si Azərbaycan Respublikasının qanunlarının icrası, 27-si iqtisadi məsələlər, 31-i dövlət mülkiyyətində olan obyektlərin balansdan balansa verilməsi, 13-ü hüquqi aktlarda dəyişikliklər edilməsi və s. ilə əlaqədar olub. 54 sərəncam isə kadrlar məsələləri ilə bağlıdır. Daha bir sərəncamda 2020-ci ildə Prezidentin sədrliyi ilə keçirilən Müşavirədən irəli gələn hökümət qarşısında qoyulan tapşırıqların icrasını sürətləndirmək məqsədilə Tədbirlər Planının təsdiqlənməsi ilə əlaqədar olub.
İmzalanmış 107 Qərarın 58-i hüquq məsələlərinə aiddir. Onların da 55-i hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğvi, 3-ü isə aqrar sığorta məsələlərini tənzimləyir. Bundan əlavə qərarlardan 6-sı təhsil, 6-sı elm, 5-i səhiyyə, 3-ü sosial, 3-ü gömrük, 2-si sənaye və energetika, 3-ü aqrar, 1-i tikinti və digərləri ümumi məsələləri əhatə edir.
Müşavirələr
Ötən ilin noyabr ayında Bakı şəhərinin bəzi inzibati ərazi vahidlərində yerləşən məktəblərdə şagird sıxlığını endirmək məqsədilə müzakirələr aparıldı və yeni məktəblərin tikintisinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qərara alındı.
Daha sonra bütün dünyada müşahidə olunan su qıtlığı probleminin iqtisadi inkişaf genişləndikcə Azərbaycanda da ortaya çıxa biləcəyi məsələsi Nazirlər Kabinetində müzakirə olundu. Yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, nəql zamanı su itkilərinin azaldılması, müasir suvarma sistemlərinin geniş tətbiqi, su istifadəçilərinin sudan qənaətlə istifadəsinin təşviqi və su balansının vahid məlumat bazasının yaradılması istiqamətləri üzrə tədbirlər planının hazırlanması qərara alındı.
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmiş və Fondun 2020-ci il üzrə gəlir və xərcləri, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri, investisiya siyasəti barədə məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 29 dekabr 2019-cu ildə Dövlər Neft Fondunun 2020-ci il büdcəsi təsdiq edilmişdir. Eyni zamanda Dövlət Neft Şirkətinin yeni neft-qaz yataqlarının işlənməsi üzrə görülmüş işlər və qarşıdan duran vəzifələr barədə geniş müşavirə keçirilmişdir.
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına həsr olunmuş müşavirə də on minlərlə vətəndaşın gələcəkdə pensiyasız və sosial təminatsız qalmasının qarşısını almağa və kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına yönəlib. Eləcə də, icbari tibbi sığorta kimi strateji sosial layihənin mərhələli tətbiqi də Nazirlər Kabinetində keçirilmiş müşavirədən sonra sıx koordinasiya edilir.
Qərarların təsir dairəsi
Aqrar investisiyaların stimullaşdırılması
Son 3 ayda Nazirlər Kabineti aqrar siyasətin çox mühüm istiqamətləri üzrə tapşırıqları icra edib. Aqrar sığorta və istehsalçınını himayəsini nəzərdə tutuan gömrük rüsumları haqqında qəbul edilmiş qərarlar istehsalçı üçün daha əlverişli investisiya şəraitini təmin edir.
Belə ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50%-i dövlət büdcəsi hesabına ödəniləcək. Bundan əlavə dövlət kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar, nəhayət, akvakultura məhsulu üzrə də sığorta haqqının 50%-i dövlət büdcəsinin hesabına ödəniləcək. Bu mexanizm fermerlərin himayəsini gücləndirir, kənd təsərrüfatı sahəsində riskləri azaldır, daha çox investisiya yatırmaq və daha çox istehsal etmək üçün imkanlar genişlənir, dövlət kənd təsərrüfatı sahəsində çalışan əhalinin əməyini sığortalamaqla yanaşı sığorta şirkətlərinin də riskini azaldır.
Bu qərarın bitkiçilik, heyvandarlıq, balıqçılıq və diqər faydalı su məhsullarının yetişdirilməsi sahələrində istehsalın artmasına təkan verəcəyi gözlənilir. Nəticədə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin qarşısında kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına dair qoyduğu tapşırığın yerinə yetirilməsi üçün daha bir stimulverici mexanizm işə salınır. Bu dövlətin aqrar sektora verdiyi dəstəyin ən güclü formalarından biridir.
Aqrar sahədə istehsalçını ruhlandıran daha bir qərar gömrük siyasəti ilə əlaqəlidir. Daxili bazarın qorunmasını nəzərdə tutan gömrük rüsumlarının vaxtı uzadıldı ki, bu da yerli istehsalçının himayə edilməsinə, uzunmüddətli sərmayələrin yatırılmasına xidmət edir. Quş əti, qida və damazlıq yumurta, meyvə-tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm və xurma) idxalına tətbiq edilən spesifik rüsumların vaxtının 2021-ci ilədək uzaqdılması bu sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.
Nazirlər Kabinetinin daha bir Qərarı isə kənd təsərrüfatı sahəsində çalışanlara subsidiyaların verilməsi mexanizmlərinin təkmilləşdirilməsinə və prosedurun sadələşdirilməsinə xidmət edir.
Qeyri-neft sənayesi, nəqliyyat, təhsil, turizm və səhiyyə sahələrində tənzimləmə
Nazirlər Kabinetinin dekabr ayında qeyri-neft sənayesinə müsbət təsir edən ən mühüm qərarı Azərbaycanda istehsal üçün istifadə olunan xammalların idxalına tətbiq edilən rüsumun 15%-dən 0%-ə endirilməsi haqda oldu. Eyni zamanda ölkədən ixrac edilən ferroərintilərə tətbiq edilən rüsum da ləğv edildi ki, bu da ixracı stimullaşdırır.
Nazirlər Kabinetinin beynəlxalq yükdaşımaları haqda Azərbaycan qanunvericiliyini beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədi daşıyan Qərarı Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların beynəlxalq daşımalarda iştirakının keyfiyyət göstəricilərinin artırılmasına, onların beynəlxalq Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılmasına, başqa ölkələrdə Azərbaycanın daşıyıcılarına qarşı cərimə sanksiyalarının miqdarının azalmasına, sürücülərin istirahət və iş rejiminə riayət etmələrinin təmin olunmasına xidmət edəcək.
Dekabr ayında qəbul edilən qərarlar sırasında iqtisadiyyatın ən mühüm amili olan əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə xidmət edən qərarlar xüsusi olaraq diqqəti cəlb edir.
Azərbaycana tez-tez gələn ABŞ və Koreya Respublikası vətəndaşlarına viza rüsumlarının da miqdarı azaldıldı ki, bu da turizm və qarşılıqlı investisiya istiqamətlərdə fəaliyyətə müsbət təsir edən məqamlardandır.
Dərman vəsaitlərinə nəzarəti gücləndirilməsinə xidmət edən qərarlar da aktualdır və mühüm əhəmiyyət kəsb edir. Bu qərarlar dərman vəsaitlərinin ekspertizası və dövriyyəsi sahələrində nəzarət və məsuliyyəti gücləndirməklə əhalinin təhlükəsizliyini təmin edəcək.
Nəhayət, dekabr ayında icbari tibbi sığortaya tədrici keçidin mərhələləri müəyyənləşdirildi.
Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında qərarı aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 m2 yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər.
Son 3 ayda qəbul edilmiş qərarlar siyahısında ən mühümlərindən bir qrupu da xaricdə doktorantura Proqramı ilə bağlıdır. Nazirlər Kabineti vətəndaşların xaricdə doktorantura səviyyəsi üzrə təhsili məqsədilə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən prioritet ixtisas istiqamətləri və bilavasitə ixtisasları müəyyən etdi. Bura həm dəqiq elmlər, aqrar, texniki-texnoloji, sosial, humanitar istiqamətlər aiddir. Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə müvafiq ixtisasları seçib universitetlərdən qəbul aldıqdan sonra artıq Nazirlər Kabinetinin digər qərarlarında nəzərdə tutulmuş mərhələlər üzrə hərəkət edə biləcəklər.
Beynəlxalq əməkdaşlığın əhatəsi
Beynəlxalq əlaqələr Nazirlər Kabinetinin son 3 aylıq fəaliyyətində mühüm yer tutur. 100 gün ərzində Baş Nazirin 14 xarici səfəri və Bakıda xarici qonaqlarla görüşü olub. Görüşlər sırasında Ukraynanın Prezidenti, Rusiyanın Baş Naziri, Gürcüstanın Baş Naziri, Qazaxıstanın Baş Naziri, Moldovanın Baş Naziri, Türkiyə BMM-in sədri, habelə Bolqarıstan, Litva, Slovakiya və Böyük Britaniyanın rəsmiləri də var.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin noyabrın 19-da Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında 400 km uzunluğu olan fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər. Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq bu layihə Azərbaycanın, Qazaxıstanın, eləcə də Asiya regionunun digər ölkələrinin internet xidməti ilə təmin edilməsində mühüm rol oynayacaq.
Baş Nazir Əli Əsədov 2019-cu ilin noyabrın 22-də Böyük Briytaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirak edib. Sammit çərçivəsində Baş Nazir Əli Əsədov Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Moldovanın Baş Naziri İon Kiku və Avropa Yenidənqurma və İnkişaf Banının prezidenti Suma Çakrabarti ilə ikitərəfli görüşlər keçirdi. Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq Sazişi və Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş imzalandı.
Qeyd olunan səfər çərçivəsində Baş Nazir Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüş keçirib. Görüş zamanı qida təhlükəsizliyi, kənd təsərrüfatı, alternativ enerji resurslarının inkişafı və səhiyyə sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olundu.
Baş Nazir həmçinin BP-nin baş icraçı direktoru Bob Dadli və kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Bernard Luni ilə də görüş keçirib. Baş Nazir Əli Əsədov BP şirkətinin ölkəmizdə başladığı yeni layihələrin icrası istiqamətində işlərin sürətləndirilməsinin zərurətini qeyd edib.
Baş Nazir Əli Əsədovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə 2019-cu il 6 dekabr tarixində keçirilən görüşündə müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.
2020-ci il 9 yanvar tarixində Baş Nazir Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.
Qarşıda duran tapşırıqlar və hədəflər
Artıq qeyd olunduğu kimi 2020-ci il yanvarın 13-də Prezident makroiqtisadi sabitıik və iqtisadi artımın dayanıqlığının təmin olunmasını Nazirlər Kabineti qarşısında əsas hədəf kimi qoyub.
Prezidentin tapşırıqları ondan ibarətdir ki, iqtisadi və maliyyə qərarları real sektorun inkişafını stimullaşdırmaq prizmasından qəbul edilməlidir.
Yanvarın 13-də keçirilmiş müşavirədən dərhal sonra 3 gün ərzində tapşırıqlar sahələr üzrə qruplaşdırılıb, həyata keçirilməsi müddəti və cavabdeh qurumlar müəyyənləşdirilərək Tədbirlər Planı tərtib edilib, Baş Nazirin sərəncamı ilə təsdiq olunub. Tədbirlər Planına ən müxtəlif sahələri əhatə edən 26 tapşırıq daxildir.
Tam qruplaşdırılaraq ümumiləşdirilidikdə isə müşavirədə iqtisadi inkişafa fokuslanmış 4 mühüm istiqamət müəyyənləşib.
- Bankların kredit siyasətinin real sektorun inkişafını dəstəkləməsi üçün müvafiq tədbirlər görülsün;
- Dövlət investisiya Proqramı və İnfrastruktur quruculuğu real sektora təsir prizmasından planlaşdırılsın;
- Emal sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində lazımi tədbirlər görülsün;
- Özəl investisiyalar cəlb olunsun, qeyri-neft ixracı stimullaşdırılsın, kiçik və orta biznesin inkişafına dəstək günləndirilsin.
Digər tapşırıqlar da iqtisadi artıma təsir edəcək. Nəticə etibarilə iqtisadi artımımız artan əhali artımına uyğun olmalıdır.
Nazirlər Kabineti üzərinə qoyulmuş bu tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək əzmindədir.