Qənirə Paşayeva Tovuzun şəhid ailələri və müharibə veteranları ilə görüşüb - FOTOLAR

 

Qənirə Paşayeva Tovuzun bir sıra kəndlərində şəhid ailələrini və müharibə veteranlarını ziyarət edib.

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bir neçə kənddə görüşlərini davam etdirib. Əlibəyli, İbrahim Hacılı, Abulbəyli, Dönük Qırıqlı, Qovlar, Əlimərdanlı, Xatınlı, Bozalqanlı, Qaraxanlı, Əyyublu kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşən Qənirə Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb.

Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarına məxsusi diqqət və qayğısının olduğunu vurğulayan Q.Paşayeva bu istiqamətdə atılan addımlardan danışıb:

"Prezidentin şəhid ailələri ilə görüşü, onlara xüsusi diqqəti və daimi qayğısı bizim üçün bir nümunədir. Millət vəkili kimi hər zaman onlara diqqətlə və həssaslıqla yanaşdığımızı da yəqin ki, müşahidə etmisiniz. Şəhid ailələri və Qarabağ veteranları bizim üçün çox əzizdir”.

Qənirə Paşayeva qeyd edib ki, hamı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına əmindir:

"O gün uzaqda deyil, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.

Q.Paşayeva həmçinin Milli Qəhrəman Qasım Rzayevin də ailəsi daxil olmaqla, hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşüb, onların qayğılarını dinləyib, onları maraqlandıran, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

O, Tovuzda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, böyüyən gənc nəsillərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələr barədə də danışıb. Q.Paşayeva deyib ki, qəhrəman şəhidlərimizi gənc nəsilərimizə daha yaxından tanıdılması istiqamətində işlər davam edəcək.

Görüş zamanı şəhid ailələri Qənirə Paşayevanın Milli Məclisdə şəhid ailələri, müharibə əlili və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını izlədiklərini deyərək, bildiriblər ki, millət vəkillərini bu 14 il ərzində öz ailə üzvləri kimi daim yanlarında hiss ediblər.

"Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayıq”, - deyən şəhid ailələri Qənirə Paşayevaya təkrar dəstək və etimad göstərəcəklərini vurğulayıblar.



Oxşar Xəbərlər

Xəbər lenti