8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son günlər Azərbaycan tarixinin ən əlamətdar hadisələrini yaşayır. 44 günlük müharibədə birliyini nümayiş etdirən xalqımız, 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində də 92,12% səslə Cənab İlham Əliyevə səs verərək, Liderinə olan etimadını, dəstəyini bir daha bütün dünyaya sübut etmiş oldu. Ölkədə baş verən bu əlamətdar siyasi hadisə sanki bayrama çevrilmişdi. 30 ildən sonra xalqımız Qarabağın işğaldan azad olunmuş ərazilərində səs verdilər. Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdilər. Prezident İlham Əliyev Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə apardığı “exit-poll”un nəticələrinə əsasən 93,9 faiz, Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,4 faiz, “Rəy” Monitorinq Mərkəzi apardığı “exit-poll”un nəticələrinə əsasən 92,6 faiz seçicinin səsini qazanmışdır. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir. Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi.
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söylədi. Təbii ki, bütün bu proseslər uzun illər görülən işlərin məntiqi sonluğu idi. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. 20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən lideri olsun. Əlbəttə Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük işlər və uğurlar gözləyir. Bu gün xalqımız çox xoşbəxtdir ki, onun ətrafında sıx birləşə biləcəyi uzaqgörən Prezidenti var. Bəli, 7 fevral 2024-cü ildə keçirilən növbədən kənar prezident seckilərində qazanılmış Zəfərimiz taclandırdıq. Cənab Prezident İlham Əliyevə olan dəstəyimiz bir daha dünyaya sübut etdik. Qoy bütün dünya bilsin ki, Zəfərimiz və Birliyimiz əbədidir, sarsılmazdır!Məcid Rəsulov Bakı şəhəri 140 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info