Azərbaycan vətəndaşı Ukraynada insan alverində ittiham olunub

 

Kiyev Şəhər Prokurorluğu insan alveri ilə məşğul olmaqda ittiham edilən 33 yaşlı Azərbaycan vətəndaşı barəsində məhkəməyə ittiham aktı göndərib. Bu barədə "İnterfaks" xəbər verib.

Şəhər prokurorluğunun məlumatına görə, şübhəli şəxs son üç il ərzində gənc ukraynalı qadınlara Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində ciddi gəlir qazanacaqlarını vəd edərək onların toplanması ilə məşğul olub.

Prokurorluğun mətbuat xidmətinin məlumatında Azərbaycan vətəndaşının qadınlardan pasportlarını aldığı, viza və yol sənədlərini rəsmiləşdirmək üçün pul tələb etdiyi göstərilib.

"İnsan alverçilərinin qurbanları 22-27 yaşlarında olan 8 ukraynalı qız olub", - prokurorluqdan bildirilib.

Qeyd edək ki, şübhəli şəxs ötən ilin noyabr ayında xüsusi əməliyyat zamanı "Borispol" hava limanında saxlanılıb. O, hazırda həbsdədir.



Oxşar Xəbərlər

Xəbər lenti