8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əzizlərim! Mən həyatda beş müqəddəs qəbul etmişəm. Bütün varlıqları yaradan Allah müqəddəs! Həzrəti Peyğəmbərimiz Məhəmməd Peyğəmbər (ə.s.) müqəddəs! Bizə yaşam bəxş edən Ana müqəddəs! Yerdəki Tanrımız olan Ata müqəddəs! Bizə dünyanı dərki öyrədən, ömür yollarımıza nur saçan, ucalmaq yolumuzda özlərini fəda edən Müəllim müqəddəs!
Əlli səkkiz il müəllim işləmiş, dörd məktəb yaratmış, minlərlə şagirdə ucalmaq yolunu göstərmiş müəllim Atam məndə müəllim adına, şəxsiyyətinə sonsuz sevgi yaradıb. Ailəmizdə dörd elmlər doktoru, müəllim yetişib.
Mən elm yolunu seçsəm də heç vaxt məktəbdən, universitetdən, bütövlükdə təhsildən ayrılmadım. Hər zaman olduğu kimi bu gün də müqəddəs müəllim adını uca tutmağa çalışıram.
Çoxlu sayda mükafatlarım və təltiflərim olsa da “Azərbaycanın Əməkdar müəllimi” fəxri adı ən böyük mükafatımdır.
Bu gün Sizlərin və bütövlükdə xalqın bayramıdır. Bu il bu bayramı böyük qürurla, fəxrlə qeyd edirik. Sizin yetişdirdiyiniz Azərbaycan gəncliyi Fateh Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə suverenliyimizi bərpa etdi. İndi bir çoxunuz Ağalıda, Şuşada, Laçında, Xocalıda, Xankəndidə, Füzulidə, Cəbrayılda yeni məktəblərdə dərs deyirsiniz.
Sizin bayram etməyə, sevinməyə haqqınız var. Vətənin gələcəyi Sizin yetişdirdiyiniz və yetişdirəcəyiniz gənclərə bağlıdır.
Sizin şəxsiyyətinizə və əməyinizə ehtiramım hər zaman sonsuz olub və bu gün də belədir.
Məndən yaşda böyük olan müəllimlərin əllərindən, mən yaşda olanların üzlərindən, məndən yaşca kiçik olanların alnından öpürəm. Sizinlə bir sırada olmaq mənim üçün böyük şərəfdir.
Sizə gümrahlıq, möhkəm can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.
Qüdrətli dövlətimiz, müdrik xalqımız var. Bunda Sizin böyük əməyiniz danılmazdır. Allah Sizi qorusun!