Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

17 oktyabr təqvimdə Füzuli rayonunun erməni işğalından azad olunması tarixi kimi əbədiləşib. Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Ordumuz təmas xətti ilə bağlı erməni mifini dağıtmış, keçilməz deyilən istehkamları yara bilmiş, Füzuli əməliyyatını müvəffəqiyyətlə bitirərək, doğma yurdu düşmənin  pəncəsindən çəkib çıxarmağı bacarmışdı. Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız tablo son dərəcə acı idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı. Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü “bayraq sancmağa heç bir yer tapmadıq”- deyərkən, Füzulinin acı mənzərəsini insanların təsəvvüründə aydın canlandıra bilmişdi. Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Düşmən bu ərazilərdə hərbi birləşmələrini gücləndirməklə, istehkam və maneələr yaratmış, özünə müdafiə xətti qurmuşdu. Çünki bilirdi ki, bu torpaqlar onun deyil. Gec-tez Azərbaycan əsgəri öz torpağını azad edəcək və o, bu günü qorxu içində gözləyirdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar. Dövlətimizin başçısı, həmçinin rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyub. 2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu.
Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. 

Təranə Qəhrəmanova

Suraxanı rayonu, 290 №li tam orta məktəbin tarix müəlliməsi 

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti