Qanlı Yanvar qırğını

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 35 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.  Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” qərar qəbul etdi. Lakin bu qərarın tətbiqi barədə əhaliyə vaxtında xəbər verilmədi.

   Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nin “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələrinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Azərbaycan informasiya blokadasına alındı. Əhali məlumat almaq mənbələrindən məhrum edildi.

   Mərkəz tərəfindən Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz qısa müddət ərzində faciəvi sonluqla bitdi. Sovet ordusunun xüsusi təlim görmüş, tərkibində erməni zabitlərinin olduğu 12 min nəfərlik qoşun hissələri, zirehli texnika 3 istiqamətdən Bakıya yeridildi. Şəhərdə yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi.

   20 yanvar faciəsi zamanı rəsmi məlumatlara görə Bakıda 147 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərində, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır.

   Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirdi.

   20 yanvar faciəsi respublikamızın digər şəhər və rayonlarından da yan keçmədi. Yanvar ayının 22-də  və  25-də Lənkaranda, Neftçalada da dəhşətli hadisələr törədildi. 

      Bu tarixi faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.

   1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.

   Son illər 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edilir. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edəcəyik. Çünki  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb.

    Qoy 44 günlük Vətən müharibəsi şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun!

     Allah bütün şəhidlərə rəhmət eləsin!

 

Elçin Seyfullayev

 

Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti