27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Vergi Məcəlləsinə edilən və yanvardan qüvvəyə minəcək son dəyişikliklərə əsasən muzdlu işçi cəlb etmədən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib.
Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, dayələr, fərdi sürücülük, ev təsərrüfatında bağban, aşpaz, digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən isə bu siyahıya bərbərlər, ofisiantlar və dərzilər də daxil olacaq.
Sozcu.info xəbər verir ki, yeni dəyişikliyə görə, gələn ildən bərbərlər ayda 20 manat, dərzi və ofisiantlar isə 10 manat sabit vergi ödəyəcəklər. Amma bu rəqəmlər əmsallar əsasında şəhər və rayonlar üzrə dəyişir.
Yəni, muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə əmsallar tətbiq etməlidir. Məsələn, Bakıda fəaliyyət göstərənlər bu məbləğdən iki dəfə çox (40 manat), Abşeron, Sumqayıt və Gəncədə fəaliyyət göstərənlər isə 1,5 dəfə çox (30 manat) ödəniş edəcəklər. Bununla yanaşı, adıçəkilən fəaliyyət növləri ilə məşğul olanlar vergi orqanına hər rüb üzrə bəyannamə təqdim etməkdən də azad olunacaqlar.
"Açarı təhvil verib getməliyik, başqa yolumuz qalmayıb...”
Bəs müvafiq peşələrin sahibləri Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən xəbərdardırlarmı? Bu onların işinə necə təsir edəcək? Virtualaz.org bu məqsədlə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən bəzi bərbər salonlarına, dərzi emalatxanalarına və kafelərə baş çəkib. Məlum olub ki, əksəriyyət dəyişikliklə bağlı qərarı elə televiziyadan eşidib, mahiyyətindən xəbərsizdir. Amma qərardan xəbərdar olub xeyli narahat olanlar da var. Məsələn, R. Zorge küçəsində yerləşən dərzi emalatxanasının sahibəsi Züleyxa xanım deyir ki, belə getsə, obyektin qapısını qıfıllayıb getməli olacaq.
"Biz tək yerə görə icarə pulu vermirik. Vergi ödəyirik, sosial müdafiə fonduna ödəniş edirik, həkimə, yanğınsöndürənə, obyektə göz-qulaq olmaq üçün polisə pul veririk. Hələ bu yeri mənə ucuz icarəyə veriblər, çünki metroda ayağım sınıb, əvvəlki kimi işləyə bilmirəm. Amma onunla belə 350 manat icarə haqqı ödəyirəm. Əslində bizim kimi çörəkpuluna işləyən işçilərə toxunmamalıdırlar. Vergini də 20 manata çatdırdılar, qapını bağlayıb, açarı təhvil verib getməliyik. Çünki başqa yolumuz qalmır...”, - deyə Züleyxa xanım bildirir.
Dərziliyə hələ gənclik illərindən başladığını deyən həmsöhbətimiz bildirir ki, işinin peşəkarı olsa da, qazancı çox cüzidir. Uşaqları işdən çıxmasını təkid etsələr də, onlara yük olmaq istəmir. Onun sözlərinə görə, yeni qərar bütün kiçik dərzi emalatxanalarının ləğv olunması ilə nəticələnəcək.
"Mən 150 manat pensiya alıram. Buradan da çox olsa aylıq 100-150 manat qazanc qalır. O pul da qalmayandan sonra niyə işləyirəm?!. Sovetin vaxtında "Aynur” Məişət Evində o vaxtkı pulla 130 manat maaş alırdım, kefin istəyən kimi dolanırdım. İndi dərzi işləmək çox çətindir. 10 manat sadələşdirilmiş vergi ödəyirəm, hələ hesabatlarımın göndərilməsi üçün də 10 manat verməli oluram. Sosial müdafiə fondu da bir yandan. Düzdür, uşaqlarım deyirlər işləmə, amma onlara yük olmaq istəmirəm. Onlar da qazandıqları ilə ailələrini zorla dolandırırlar. VÖEN-im var, çek üsulu ilə işləyirəm. 2 aydan bir gedib 20 manat verib çek alıram ki, müştərilərə verim. Çox çətindir, belə eləsələr bizim kimi kiçik emalatxanaların hamısı bağlanacaq”-həmsöhbətimiz gileylənir.
"Elə ay olur ki, icarə haqqını güclə düzəldirik” – dərzi
Yaxınlıqda daha bir dərzi emalatxanasını nişan versələr də, obyekti tapmaqda çətinlik çəkirik. Nəhayət şüşəli qapıdan görünən maneken və asılqandakı paltarlardan hiss edirik ki, axtardığımız ünvana gəlmişik. Obyektin sahibini yerində tapmırıq, suallarımızı burada 4 aya yaxındır ki, işə başlayan İmarət Əkbərova cavablandırır. Elə söhbətə xərclərin çoxluğundan gileylənməklə başlayır.
Məlum olur ki, obyektin qarşısında dərzi emalatxanası olduğunu bildirən yazı və ya işarə qoymaq üçün tələb olunan vəsaiti tapa bilmirlər. Davam eləməyə ehtiyac qalmır, amma İmarət xanımın giley-güzarı bitmir: "Bu iş iş deyil, gözünün nurunu tökürsən, amma qazanc yoxdur. Mən özüm də iş dəyişməkdən bezmişəm, bura gəldim ki, şəhərin mərkəzidir, bəlkə, müştəri çox olar, gəlməyimə peşman olmuşam. Hamı da mənim kimi, gələn iki ay işləyir, deyir ki, bu nə qazancdır?! Emalatxanada işçi qalmır, biri gedir, o biri gəlir. Cəmi 150 manat qazancım olur. Elə ay olur ki, iş olmur, güclə yığıb icarə haqqını veririk. Hələ bunun sap pulu var, qayçısı, digər ləvazimatları var. Tikiş maşını xarab olanda usta gəlir 20 manat zəhmət haqqı alır...”, - müsahibimiz qeyd edir.
Ofisiantların da vəziyyəti dərzilərdən fərqlənmir. Adını və iş yerini söyləməyə ehtiyat edən ofisiant bildirir ki, gündəlik qazancı 8 manatdır. Həm də hər gün iş olmur. Qazandığından 20 manat vergi vermək heç cür real görünmür:"Belə getsə gərək ofisiant işləməyim, çünki qazancım heç ayaqqabı pulum eləmir. Əslində özünə hörmət eləyən adam bu işdə işləməz, amma tələbəyəm, başqa işdə işləmək dərs saatıma uyğun gəlmədiyinə görə ofisiant işləyirəm. Belə getsə, gərək özümə başqa iş tapım”.
"Ayntep kebab” kafesinin inzibatçısı Elvin Vəliyev isə deyir ki, dəyişiklik rəhbərlik etdiyi kafedə çalışanların məvacibinə ciddi təsir etməyəcək: "Biz ofisiantları işə götürmüşük, onlar həm vergiyə, həm də DSMF-yə vergi ödəyirlər. Məncə yeni dəyişiklik ofisiantların işinə pis təsir etməyəcək. Bizdə ofisiantların maaşı 400-550 manat arasıdır. Bundan başqa "çayevoy” da alırlar. İnanmıram ki, onların işinə pis təsir edəcək. Deyilənə görə, dəyişiklik yaxşılığa doğru olmalıdır”.
İnzibatçı əlavə edir ki, bu, şadlıq evlərində işləyən ofisiantların qazancına mənfi təsir göstərə bilər.
Hamı narazıdır, bərbərlərdən başqa...
Bərbərlər də digər peşə sahibləri kimi dəyişikliklə bağlı məlumatlı deyildilər. Amma dərzi və ofisiantlardan fərqli olaraq, görünür, verginin artırılması onların büdcəsinə nəzərəçarpacaq dərəcədə təsir etməyəcək. Qapısını döydüyümüz gözəllik salonlarının heç birində dəyişiklikdən narazı olan yox idi.
"Biz onsuz da qanunda nəzərdə tutulan qədər vergini verirdik. Bizim üçün fərq eləmir, bir az artıq olsa, yenə də ödəyəcəyik. Əgər dediyiniz kimi vergi bəyannamələri ləğv olunsa, bu çox əla olar”, - deyə Xaqani küçəsində yerləşən "Fəridə” gözəllik salonunun əməkdaşı bildirir.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, sahibkarlıq fəaliyyətini sabit qəbz olmadan həyata keçirən şəxslər cərimələnəcəklər. Belə ki, təqvim ili ərzində ilk dəfə qanun pozuntusuna yol verənlərə aylıq sabit məbləğin 40 faizi, eyni halı təqvim ili ərzində iki və ya daha çox təkrarlayanlara isə, aylıq sabit məbləğin 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.