8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bu gün müəllimlərimizin hazırlıq səviyyəsi müasir tələblərə cavab vermirsə, onlar öz şagirdlərinin şəxsiyyət kimi formalaşmasına necə kömək edə bilərlər?”
"Biz dəfələrlə demişik ki, pedoqoji universitetlərdə təlimin səviyyəsi müasir tələblərə cavab vermir”
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Qəzetimizin ötən saylarında tanınmış təhsil eksperti Kamran Əsədova istinadən həmin imtahanın nəticələrini açıqlamışdıq. Hansı ki, bu nəticələr heç də ürəkaçan deyildi.
K.Əsədovun qeyd etdiyi kimi, layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir. Amma məlum olub ki, bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır: "Öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur”.
Xatırladaq ki, adıçəkilən imtahanda müəllimlər aşağıdakı nəticələri göstərib:
Biologiya fənni üzrə:
İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 51%-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90% olub.
İnformatika fənni üzrə:
İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edillən 20 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 10%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83% olub.
Fizika fənni üzrə:
İmtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 6%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 95% olub.
Kimya fənni üzrə:
İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edillən 30 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 5%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 62% olub.
Riyaziyyat fənni üzrə:
İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 1%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63% olub.
Təhsil Nazirliyi tənqidləri bəzi şəxslərin şou yaratmaq istəyi kimi qiymətləndirib
Nazirlikdən mətbuatın sorğusuna cavab olaraq bildirilib: ""İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir. Ancaq təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir".
"Ürək ağrısı ilə özümə sual verirəm ki, biz bu vəziyyətlə hara gedirik?”
Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə adıçəkilən məsələ ilə bağlı qəzetimizə verdiyi açıqlamada bu fikirləri söylədi:
"Əvvəla xahiş edirəm, söyləyəcəyim fikirləri Kamran müəllimin açıqlamasına şərh kimi deyil, sözügedən məsələyə bir ekspet kimi münasibətim kimi qəbul edin.
İmtahanın nəticələrinə gəldikdə isə, təbii ki, burda xoş, müsbət dəyərləndirmədən söhbət gedə bilməz. Bu göstəricilər müəllimlərimizin elmi-metodik biliklərinin aşağı səviyyədə olması deməkdir. Biz dəfələrlə demişik ki, pedoqoji universitetlərdə təlimin səviyyəsi müasir tələblərə cavab vermir. Nəzəriyyə öyrədilir, amma həmin nəzəriyyənin istər elmi, istərsə də metodiki cəhətdən praktika tətbiqi qənaətbəxş deyil. Halbuki, bu çox vacib məsələlərdəndir.
Dəfələrlə təklif etmişik ki, müəllimlər də həkimlər kimi interna olsunlar, çünki bu gün pedoqoji internaturaya çox böyük ehtiyac var. Yəni, qeyd etdiyim kimi, tələbələrin auditoriyada aldığı nəzəri biliklər interna zamanı praktikada daha da təkmilləşir, cilalanır, yalnız bundan sonra onlar dərs demək hüququ qazanır.
Amma təəssüflə qeyd etməliyəm ki, bizim ölkədə pedoqoji internatura hələ də bir arzu olaraq qalır. Buna görə də təhsilimiz inkişaf etmir, yerində sayır.
Bu günlərdə 250-300 nəfər müəllimin iştirak etdiyi bölmə toplantısında bir daha o qənaətə gəldim ki, müəllim yetişdirən mütəxəssislərin özləri müasir tələblərə cavab vermir, həmçinin müəllimlərimizin hazırlıq səviyyəsi aşağıdır. O üzdən ürək ağrısı ilə özümə sual verirəm ki, biz bu vəziyyətlə hara gedirik?
Axı hər şey müəllimdən, məktəbləri idarə edənlərdən asılıdır. Əgər bu gün müəllimlərimizin hazırlıq səviyyəsi müasir tələblərə cavab vermirsə, onlar öz şagirdlərinin şəxsiyyət kimi formalaşmasına necə kömək edə bilərlər? Bu cür müəllimlərlə mükəmməl bilik və bacarığa malik olan savadlı kadrlar hazırlamaq olarmı, sizcə? Bütün bunlar yalnız sözdə ola bilər, amma vacib olan nəticədir. Nəticə isə göz önündədir.
"Öz üzərində işləyən, savadına arxayın olan tələbə layiq olduğu qiyməti almağa qadirdir”
Çox təəssüf ki, bu gün universitetlərimizdə rüşvətxorluq kimi neqativ hallarla tez-tez rastlaşırıq. Tələbələr, onların valideynləri bizə müraciət edib, müəllim rüşvətxorluğundan gileylənir. Amma bir məsələni xüsusi vurğulamaq istərdim. Bunu hər zaman deyirəm. Mən düşünürəm ki, öz üzərində işləyən, savadına arxayın olan tələbə öz hüquqlarını müdafiə etməyə, layiq olduğu qiyməti almağa qadirdir. Amma tələbələrimizin çoxu tənbəllik edir, özünə əziyyət vermək istəmir, pulunu verib qiymətini alır, bununla da vəzifəsini bitmiş sayır. Amma anlamır ki, bu gün pulla aldığı diplom sabah yararsız əşya kimi bir küncdə atılıb qalacaq.
Bu gün belə bir mənzərə müşahidə edirik. Universitet bitirmiş gənc müəllim müəllimlərin işə qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak etmək üçün xüsusi təkmilləşdirici kurslara gedir, məgər bunu təhsil aldığı 4-5 il ərzində edə bilməzdi?
"Mən pul zoruna təhsil almağı, biliyin satın alınmasını cinayətin və mənəviyyatsızlığın son həddi sayıram”
Bu gün cəmiyyətdə qəribə stereotiplər formalaşıb. Məktəbli repetitorla məşğul olmasa, ali məktəbə daxil ola bilməz, ali məktəblərdə pulsuz qiymət almaq çətin məsələdir və s. Amma mən əminliklə deyirəm ki, hər şey insanın özündən asılıdır. Öz üzərində işləyən məktəbli və tələbə əlavə müəllimlərlə hazırlaşmadan uğurlu təhsil ala və yüksək ixtisaslı mütəxəssis ola bilər. Bunun üçün sadəcə məsuliyyətli və çalışqan olmaq lazımdır. Mən pul zoruna təhsil almağı, biliyin satın alınmasını cinayətin və mənəviyyatsızlığın son həddi sayıram və bütün gəncləri, eləcə də onların valideynlərini bundan uzaq durmağa çağırıram.
"Mənim üçün imtahanın hansı məqsədlə keçirildiyi maraqlı deyil, əsas nəticədir”
Bir məsələni də böyük təəssüf hissi ilə qeyd etmək istərdim. İnkişaf etmiş dünya dövlətləri, MDB ölkələri ilə müqayisədə bizim ölkədə təhsilə həddən artıq az pul ayrılır. Təbii ki, bu da təhsil sahəsinə öz mənfi təsirini göstərir.
Təhsil Nazirliyinin adıçəkilən məsələyə verdiyi reaksiyaya gəldikdə isə, deyə bilərəm ki, şəxsən mənim üçün imtahanın hansı məqsədlə keçirildiyi maraqlı deyil, əsas nəticədir. Biz göz önündə olan nəticələrə münasibət bildiririk.
Nəticələrin müsbətə doğru dəyişməsi üçünsə mütləq islahatlar aparılmalıdır, əməli tədbirlər görülməlidir. Misalçün, fənlər üzrə təhsil standartlarının hazırlanması universitetlərin özünə həvalə edilməlidir(bu gün Təhsil Nazirliyi bütün universitetlər üçün təhsil standartlarını hazırlayır). Son illər gənclərin müəllimlik peşəsinə marağının artmasını müşahidə edirik. Yüksək balla pedoqoji universitetlərə daxil olan gənclərin sayı ildən-ilə artır. Bu çox müsbət haldır. Düşünürəm ki, bu tələbələrə müasir tələblərə cavab verən pedoqolar dərs deməlidir.
Doğrudur, savad qrupları var, həmin savad qruplarında pedoqoji profilli tələbələr də savadlarını artırır. Amma bu qruplar azlıq təşkil edir. Çox istərdim ki, pedoqoji universitetlərin hər bir qrupu o savad qruplarının səviyyəsində olsun.
Artıq qey etdiyim pedoqoji internaturanın yaradılmasını vacib sayıram. Zənnimcə, tələbələrin praktika müddəti çox azdır. Səhv etmirəmsə, 3 aya yaxındır. Əvvəllər ümumiyyətlə 1 ay idi, bizim təkidlərimiz nəticəsində bu müddət az da olsa, artırıldı, amma yenə də qənaətbəxş deyil. Fikrimcə, təcrübə müddəti ən azı 6 ay olmalıdır.
"Böyük iş təcrübəsi olan pedoqoqlar öz təcrübə və biliklərini gənc nəslin nümayəndələrinə ötürməlidirlər”
Mən pedoqoqikanı bütün elmlərin şahı hesab edirəm. Fikrimcə, pedoqoqika elminə, bu fənnin tədrisinə yeni baxış formalaşdırılmalıdır. Demokratik pedoqoqika, embrional pedoqoqika deyilən fənnlər var, universitetlərimizdə həmin fənnlər tədris edilməlidir.
Pedoqoqika fənninin proqramı, tədris metodikası yenidən işlənməlidir, yenidən müzakirəyə çıxarılmalıdır, hər ay tələbələrin təlim keyfiyyətləri yoxlanılmalıdır, tələbələr monitorinqlərə cəlb edilməlidirlər. Universitet daxilində müstəqil qiymətləndirmə mərkəzi yaradılmalıdır. Bütün bunlar zəncirvari proseslərdir. Düşünürəm ki, yalnız bunlar ardıcıl olaraq həyata keçirilsə, təhsilin inkişafından danışa bilərik.
Bir də gənc müəllimlərin peşəkarlıq səviyyəsi universiteti bitirdikdən sonra da nəzarətsiz qalmamalıdır. Təyinat aldıqları pedoqoji kollektivdə qayğı ilə əhatə olunmalıdırlar, onlara ögey münasibət göstərilməməlidir. Kollektivdəki təcrübəli müəllimlər (onlara mentor müəllimlər deyilir) onlara pedoqoq kimi püxtələşməkdə kömək etməlidir. Bu gün 65 yaşına çatan ömrünü pedoqoji fəaliyyətə həsr edən, iş qabiliyyətli əməkdar müəllimlərin təcrübəsindən istifadə etmək əvəzinə, onları təqaüdə yollayırlar, 67-70 yaşlı insanları isə məktəb direktoru təyin edirlər. Bu nə dərəcədə doğrudur?
Mənim fikrimcə, orta məktəblərdə mentor müəllimlər institutu yaradılmalıdır. Böyük iş təcrübəsi olan pedoqoqlar öz təcrübə və biliklərini gənc nəslin nümayəndələrinə ötürməlidirlər. Onlara şagirdlərlə, valideynlərlə düzgün münasibət qurmağı öyrətməlidirlər. Dünyanın bir çox ölkəsində bu praktikadan istifadə olunur, bizim ölkəmizdə də tətbiq olunmasını çox istərdim”.