8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Agentlik sədrinin azərbaycanlı hesab etmədiyi şəxslərin günahı nədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov paytaxtın Babək prospektində aparılan yenidənqurma işləri ilə bağlı mediaya verdiyi açıqlamasında bu ərazidə görülən işlərdən danışdıqdan sonra ünvansız şəkildə kimləri isə ittiham edib: "Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”. Saleh Məmmədovun bu ünvansız, ancaq ittihamlarla dolu açıqlamasının kimlərə yönəldiyini tam dəqiq bilməsək də, hər halda təxmin edə bilərik. Fikirimizcə, Agentlik sədrinin bu sərt ittihamı AAYDA-nın gördüyü işlərə tənqidi yanaşan bütün şəxslərə yönəlib. S.Məmmədovun bu açqılamanı məhz Babək prospektində aparılan yenidənqurma işləri ilə bağlı danışarkən dilə gətirməsini nəzərə alanda, qurum rəhbərinin qəzəbinin səbəbini müəyyən etmək də mümkün olur. Məlum olduğu kimi, Babək prospektinin "Monte Karlo” restoranı yaxınlığındakı hissəsində yolun asfalt örtüyü təxminən 100 metr məsafədə çökmüş və ərazidə dərin çuxur yaranmışdı. Həmin vaxt yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil çuxura düşmüşdü. Bu olayın xüsusilə güclü ictimai rezonas doğurmasının səbəbi isə, hadisənin Babək prospektində aparılan uzunmüddətli yenidənqurma işlərindən sonra yolun sürücülərin istifadəsinə yenicə verilmiş hisssəində baş verməsi idi. Qeyd edək ki, həmin sahə ötən il dekabrın 10-da istifadəyə verilmişdi. Bundan təxminən 40 gün sonra, yanvar ayının 21-də isə çökmə baş vermişdi. Olay geniş rezonas doğurmuş və haqlı sullar meydana çıxarmışdı. Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi o zaman da, indi də olaya aydınlıq gətirəcək ciddi bir açıqlama vermədi. Halbuki, Babək prospektində yenidənqurma işlərinin görülməsinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı. Həmin vəsaitin müqabilində göürlən işlərin siyahısı çox geniş idi. Ancaq belə görünür ki, asfaltın alt qatının etibarlılığı təmin edilməyib.
Saleh Məmmədovun ünvansız da olsa, sərt açıqlama ilə çıxış etməsinin digər bir səbəbi də Çexiyada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənlinin üzə çıxardığı məlumatların ictimailəşdirilməsi ola bilər. Hətta, Agentlik sədrinin öz açıqlamasında birbaşa Cavanşir Həsənlini nəzərdə tutduğunu da güman etmək olar. Belə ki, Çexiyada yaşayan soydaşımız artıq bir neçə müddətdir ki, azərbaycanlı məmurların Avropadakı gizli sərvətlərinin ifşa edilməsi ilə məşğuldur. Bu prosesin arxasında nələrin dayanması haqqında fikirlər bir başqa yazının mövzusudur. Ancaq bunun təsadüfi proses olmadığı dəqiq məlumdur. Cavanşir Həsənlinin üzə çıxardığı məlumatların birində isə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin ortaq olduğu bir şirkətin varlığından bəhs olunur. Agentlik sədrinin gənc oğlunun şəriki isə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Bu iki şəxs 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş, "FN 457017 i” saylı lisenziyaya malik "S.M.A.N Business Solutions GmbH” şirkətinin sahibləridir. Araşdırmaya görə, şirkət hazırda Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu şirkətə Çexiyada sahib olduğu "Az-Servis NR s.r.o.” üzərindən 51 faiz payla şərikdir.
Burada diqqət çəkən əsas məsələ isə, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin bir zamanlar Saleh Məmmədovun tabeliyində işləməsidir. Məlum olduğu kimi S.Məmmədov əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sələfi olan "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində bir müddət sədrin birinci müavini, daha sonra sədr vəzifələrində işləyib. Məhz onun "Azəravtoyol” ASC-yə rəhbərlik etdiyi 2015-2017-ci illərdə də Ziyəddin Əliyev "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb. Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatını isə, Ziyəddin Əliyev yalnız 02 dekabr 2017-ci ildə alıb. Yəni o, 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə "FN 457017 i” saylı lisenziyaya malik "S.M.A.N Business Solutions GmbH” şirkətini qeydiyyatdan keçirən zaman Saleh Məmmədovun tabeliyində işləyib. Ümumiyyətlə, 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda ilk dəfə əmək fəaliyyətinə başladığı gündən indiyədək Ziyəddin Əliyev yalnız dövlət qulluğunda çalışıb. Belə ki, o, 1981-1983-cü illərdə hərbi xidmətdə olduqdan sonra 1984-1993-cü illərdə "Bakı Mühəndis Tikinti” Trestində mühəndis, böyük mühəndis, müdir; 1993-1998-ci illərdə "İnşa” Elm-İstehsalat Mərkəzinin direktoru; 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti” Birliyində idarə rəisi; 2001-2002-ci illərdə "Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi; 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru; 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin "77 saylı Yol İstismarı” MMC-də baş mühəndis; 2010-2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis; 2013-2015-ci illərdə "Azəryolservis” ASC-nin "81 saylı Yol İstismarı” MMC-nin rəisi; 2015-2017-ci illərdə "Azəravtoyol” ASC-nin "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 02 dekabr 2017-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Göründüyü kimi, Ziyəddin Əliyev bir gün də olsun bizneslə məşğul olmayıb. Elə isə, onun Avropada biznes qurmaq üçün istifadə etdiyi kapitalın mənşəyi naməlum qalır. Eləcə də onun məhz Saleh Məmmədovun oğlu ilə ortaqlığı da sual yaradır.
Biz bütün bu suallara növbəti araşdırmamızda aydınlıq gətirməyə çalışacağıq. Ümid edirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da cəmiyyəti narahat edən suallara aydınlıq gətirilməsində maraqlı olacaq.
"Yeni Sözçü” qəzetinin Araşdırma qrupu