Hacıbala Abutalıbov cinayət məsuliyyətinə cəlb oluna bilər

Hacıbala Abutalıbov cinayət məsuliyyətinə cəlb oluna bilər

 


 

Bakı Şəhər İcra Hakimiyyətində ciddi kadr dəyişikliyi gözlənilir

 

Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı, hazırda Baş nazirin müavini Hacıbala Abutalıbovla bağlı cinayət məsuliyyəti doğura biləcək iddialar gündəmə gəlib. "Unikal” qəzetinin ötən həftə nəşr olunan sayında bir qrup sahibkar Hacıbala Abutalıbov paytaxtın icra hakimiyyətinə rəhbərlik etdiyi dövrdə sövdələşmələrindən bəhs edib. Məlumata görə, 12 nəfərdən ibarət olan sahibkar Hacıbala Abutalıbov arasında əldə olunan sövdələşməyə görə Bakıda tikinti işlərinin həmin sahibkarlar tərəfindən aparılması ilə bağlı razılığa gəliblər. Bunun müqabilində isə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Bu çox ciddi korrupsiya faktıdır və büdcə vəsaitləri hesabına keçirilən tenderlərin rüşvət müqabilində ayrı-ayrı şəxslərə satılmasından xəbər verir. Bu sövdələşmələr zamanı uğurlu iş gördüklərini düşünən sahibkarları Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ötən ilin aprelin 21-də imzalanan dövlət başçısının sərəncamı şoka salıb. Bu sərəncamın imzalanmasından bir ilə yaxın vaxt keçir və görünür bu müddətdə pullarını geri ala bilməyən sahibkarlar nəhayət məlumatı ictimailəşdirmək qərarına gəliblər. Özü də bunu hələlik anonim formada edirlər. Görünür, sahibkarlar bununla verdikləri 100 milyonu geri ala biləcəklərinə ümid edirlər. Adlarını açıqlamayan sahibkarlar sövdələşmənin bəzi detallarını açıqlayırlar ki, mesajlarının nə qədər ciddi olduğunu göstərə bilsinlər. Açıqlanan məlumata görə, sahibkarlarla Hacıbala Abutalıbov arasında sövdələşmədə vasitəçi kimi bir xanım iş adamı iştirak edib. "İndi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər.Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – kimi ifadələrin yer aldığı məlumat artıq ölkənin əksər media orqanlarında tirajlanıb. Bu isə aidiyyatı orqanların Hacıbala Abutalıbovun 100 milyonluq korrupsiyası haqqında iddia ilə tanış olduğunu irəli sürməyə imkan verir. Bu isə o deməkdir ki, Hacıbala Abutalıbov istənilən zaman cinayət məsuliyyətinə cəlb oluna bilər. Hacıbala Abutalıbovun cinayət məsuliyyətinə cəlb edilməsi isə Bakı Şəhər İcra Hakimiyyətində ciddi kadr dəyişikliklərinə səbəb olacaq. Eldar Əzizov ötən ilin iyulundan faktiki olaraq, noyabrından isə rəsmən Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etsə də, bu günə kimi ciddi kadr dəyişikliyi həyata keçirməyib. İddialara görə, bunun səbəbi ayrı-ayrı nüfuzlu şəxslərin dəstəyinə malik olan məmurların yeni merə qarşı dirəniş göstərməsidir. Eldar Əzizov da daha yüksək vəzifəli məmurların himayəsində olan şəxslərlə yollarını ayırmağa çətinlik çəkir. Ancaq indi vəziyyət tamamilə dəyişə bilər. Vəziyyətin dəyişməsi isə Eldar Əzizova ciddi kadr dəyişikliyi həyata keçirmək imkanı verəcək. İddialara görə, Eldar Əzizovun yollarını ayırmaq istədiyi kadrların siyahısında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynovanın da adı var. Qeyd edək ki, Fidumə Hüseynova Hacıbala Abutalıbovun ən yaxın kadrlarından sayılır. Hacıbala Abutalıbov Suraxanı rayon icra hakimiyyətinin başçısı olanda Fidumə Hüseynova Suraxanı Rayon Təhsil şöbəsinin müdiri olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin ediləndən sonra Fidumə Hüseynova da Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub. 

İndi isə artıq Hacıbala Abutalıbov daha Bakı Şəhər İcra Hakimiyyəti başçısı deyil. Əksinə, haqqında çox ciddi korrupsiya və rüşvət ittihamı var. Əgər, bu ittihamlarla bağlı hüquqi prosedurlar başlasa o zaman Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətində ciddi kadr dəyişikliyi aparması üçün geniş imkanlar yaranacaq. Bu zaman vəzifəsini itirənlərin sırasında Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin vəzifəli şəxslərinin bir neçəsi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri və onun müavinləri, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin vəzifəli şəxsləri ola bilər. Eldar Əzizovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin faəliyyətindən narazı olduğunu da nəzərə alsaq, departamentin rəisi Rəfael Mehrəliyevin yaxın zamanlarda vəzifəsini itirəcəyini gözləmək olar. Bundan başqa departamentin tərkibinə daxil olan Sanitariya və Texniki Təmizlik İdarəsinin, Bakı Şəhər Məhəllədaxili Yollarının və Səkilərin İstismarı İdarəsinin rəhbərləri də vəzifələrini itirə bilərlər. Bununla bağlı daha geniş araşdırma aparmağa, Hacıbala Abutalıbova 100 milyon manat rüşvət verdikləri iddia olunan 12 nəfər sahibkarın kimliklərinə aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda nəhəng korupsiya olayında vasitəçilik etmiş xanım sahibkarın da kimliyini dəqiqləşdirməyə çalışacağıq. Bu olayda Bakı Şəhər İcra Hakimiyyətinin yüksək vəzifəli rəsmilərindən kimlərin iştirak etməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatları da dəqiqləşdirməyə çalışacağıq.

 

A.Aydın,

"Yeni Sözçü" qəzeti

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti