8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ukraynanın demilitarizasiya və denazifikasiyası adı altında Rusiyanın “xüsusi hərbi əməliyyat” adı verdiyi dağıdıcı müharibə Sovet İttifaqının dağılmasından sonra formalaşmış, ancaq artıq zamanın tələblərinə cavab verməyən dünya düzənini dağıdaraq yeni dünya düzəninə keçidi başlatdı.
Bizim qarşımızda duran əsas vəzifələrdən biri müharibədən sonra Rusiyanın taleyinin necə olacağına aydınlıq gətirmək, bizi gözləyən risk və imkanları müəyyən etməkdən ibarətdir. Bu vəzifəni həyata keçirməklə tarixi zərurət olan prosesə daha yaxşı hazır ola bilərik.
Dünya, xüsusilə də Qərb ölkələri Sovet İttifaqının dağılmasına hazır olmadığı üçün “Şər imperiyası” çökəndə hər kəs bu hadisəyə hazırlıqsız yaxalandı. Baxmayaraq ki, dissident tarixçi Andrey Amalrik 1969-cu ildə məşhur “Sovet İttifaqı 1984-cü ildə sağ qalacaqmı?” əsərini yazaraq “Şər imperiyası” çöküşü ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlıq Çexoslovakiya kompaniyasından cəmir bir il sonra, Rusiyanın kosmosda böyük nailiyyətlər əldə etdiyi vaxtda edildiyi üçün diqqətləri cəlb etmədi. Sovet İttifaqı isə Andrey Amalrikin xəbərdarlıq etdiyi kimi 1984-cü ildə olmasa da, 1991-ci ildə dağıldı.
Slovakiya Xarici Siyasət Assosiasiyasının eksperti Juraj Mesik “Qaçılmaza hazırlaşın” rubrikasında yazdığı “Qərb Rusiya Federasiyasının dağılmasını niyə indi müzakirə etməlidir?” məqaləsindəki fikirləri bölüşür, hesab edirəm ki, Rusiyanın çöküşünün müzakirəyə çıxarılma zamanıdır. Juraj Mesik 2016-cı ildə yazdığı “Rusiya Federasiyası 2031-ci ilə sağ qalacaqmı?” başlıqlı məqaləsində Rusiyanın parçalanmasını XXI əsrin üçüncü on illiyində baş verəcəyini əsaslandırıb. Ukraynaya qarşı müharibə bu prosesin inkişafını köklü surətdə sürətləndirib. Beləliklə, Rusiyanın dağılması artıq çox yaxın zamanların qaçılmaz prosesi kimi təsəvvür olunur. Əlbətdə, bu proses müxtəlif subyektiv amillərin və ayrı-ayrı siyasətçilərin qərarlarının təsiri altında sürətlənə və ya əksinə, bir az gecikə bilər.
Unutmaq olmaz ki, Rusiyada mütləqiyyət rejimlərinin dayanaqlıq baxımından ən zəifi hesab olunan avtoritarizm mövcuddur. Mütləqiyyət rejimlərinin daha dayanaqlıları hesab olunan monarxiyanın çöküşü ilə 1917-ci ildə Rusiya İmperiyası, totalitar sistemin çöküşü ilə 1991-ci ildə Sovet İttifaqı dağıldı. Putinin başında durduğu avtoritar sistem çökdükdə Rusiya Federasiyasının dağılması da qaçılmaz olacaq.
Kuril adalarının Yaponiyanın, Kareliyanın Finlandiyanın, Uzaq Şərq, Tıva, Amur, Tambov və Sibir vilyətlərinin Çinin, Dərbəndin isə Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş torpaqları olduğunu, bu ölkələrin işğalla əbədilik barşmadığını da nəzərə almq lazımdır. Şərqi Prussiyanın bir neçə əsr paytaxtı olmuş Köniqsberqin (Kalininqrad) gələcək taleyi də Avropanın, xüsusilə də Almaniyanın diqqətindən kənarda qala bilməz. Estoniya ərazisinin beş faizindən çoxunun Rusiya tərəfindən işğal edildiyini düşünür və buna görə də Rusiya Federasiyası ilə 2014-cü il fevralın 18-də imzalanmış quru və dəniz sərhədinin müəyyən edilməsi müqaviləsindən imzasın geri götürmək istəyir.
Daha çətin proses Rusiyanın qalan hissəsinin dağılması olacaq. Rusiyanın qeyri-rus xalqlarının müasir dövlətçilik təcrübəsinin olmadığına görə dünyanın önəmli siyasi mərkəzlərində Rusiyanın dağılmasına soyuq münasibət ola bilər. Bu münasibəti “Azad İdel-Ural” hərəkatının Mordoviya, Çuvaşiya, Mari El, Tatarıstan, Udmurtiya və Başqırdıstanı əhatə edən ümumi sərhəd, iqtisadi məkan və kollektiv təhlükəsizlik sisteminə malik vahid dövlətin yaratmaq ideyası kimi önəmli yanaşma ilə dəyişmək olar.
Digər tərəfdən hər kəs anlamalıdır ki, Rusiyanın əhalisinin cəmi 25 faizini qeyri-ruslar təşkil etməsinə baxmayaraq onların emansipasiya səylərini dayandırmaq mümkün olmayacaq. Ukraynadakı müharibəyə qədər qeyri-rusların emansipasiya səylərinin qarşısı hərbi-polis tədbirlər və etnik elitaların neft pulları hesabına satın alınması yolu boğulurdu. Ukraynaya qarşı müharibədə hərbi məğlubiyyət qeyri-rusların emansipasiya səylərinə qarşı hərbi-polis tədbirlərindən istifadə etmək imkanların əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar yerli elitaların neft pulları hesabına satın alınmasını mümkünsüz hala gətirdiyi kimi, Rusiya vətəndaşı olmaq da artıq cazibədarlığını itirir. Rus elitasının Rusiya vətəndaşlığından, hətta etnik mənsubiyyətindən imtina hallarının artdığı bir zamanda qeyri-rus etnik elitaları da seçim qarşısındadırlar. Regional elitaların narazılığı çoxdandır ki, yaranır. Rusiyanın hərbi-siyasi elitasına qarşı tətbiq olunan sanksiyalar, onların hərbi cinayətlərdə ittiham olunmaları regional elitaları mərkəzdən məsafə saxlamağa vadar edən çox önəmli amildir. Rusiyada hökm sürən milli aayrı-seçkilik, milli azlıqların aşağılanması müharibədən sonra mərkəzdən qaçmanı tətikləyən digər önəmli amil olacaq.
Fevralın 24-dən sonra Rusiyanın indiki sərhədləri daxilində qalması üçün heç bir imkan görünmür.
Sanksiyalar Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etdiyi kimi, Federasiyanın subyektləri arasında da iqtisadi münasibətlərin qırılmasına səbəb olub. Bu proses öz təsirini zamanla daha çox göstərməyə çalışacaq. Rusiyanın ucqarları iqtisadi münasibətlərini qonşu ölkələrlə qurmağa, mövcud münasibətləri isə dərinləşdirməyə çalıçaqlar.
Qeyri-rusları Rusiyadan qopmağa vadar edən digər səbəb Ukraynaya qarşı müharibədə ölənlərin əksəriyyətinin imperiyanın ucqarlarının təmsilçisi olmasıdır. Bu hal hələlik ucqarların əhval-ruhiyyəsinə ciddi təsir etməsə də, müharibədən sonra ciddi sosial nəticələr doğuracaq.
İki il öncə Xabarovsk vilayətində qubernator Furqalın həbsinə, bir sıra vilayətlərdə Moskvanın yaratdığı ekoloji problemlərlə kütləvi etirazlar Rusiyanın bir neçə kiçik rusdilli dövlətə bölünmə ehtimalının yüksək olduğunu göstərən daha bir dəlildir. Ukraynadıkı müharibədə məğlubiyyətdən sonra Rusiyanın ucqarlarında istismarçı qarınqulu kimi qəbul edilən Moskvanın hakimiyyəti altından çıxmaq istəyi daha da güclənəcək.
Bütün bunlar Rusiya Federasiyanın mlli dövlətlərə bölünmə ehtimalının çox yüksək olduğundan xəbər verdiyi kimi, eyni zamanda Qərbin hazır olmayacağı halda Rusiyanın qaçılmaz çöküşünün faciəli nəticələrə səbəb olacağı ilə bağlı narahatlıqlara da əsas verir. Ona görə də Qərb Ukraynadakı müharibənin tətiklədiyi yeni dünya düzənində Rusiyanın taleyinin necə olacağına aydınlıq gətirməlidir. Bunun üçün İkini Dünya Müharibəsi zamanı ABŞ-ın maliyyə naziri olan Henri Morgentaunun təklif etdiyi və Almaniyanın bölünməsini, mühüm sənaye rayonlarının beynəlxalq nəzarətə verilməsini, silahsızlaşdırılmasını nəzərdə tutan “Morgentau planı”na bənzər plan hazırlanmalıdır. Bu planın hazırlanmasında isə Böyük Britaniyanın irəli sürdüyü yeni dünya düzəni əsas götürlməlidir. Rusiyanın yerində yaranacaq dövlətlərin üzərinə mübahisələrin həlli vasitəsi kimi müharibədən və güc tətbiq etməklə hədələmədən imtina etmək öhdəliyi qoyulmalıdır. İkincisi, Rusiyanın yerində yaranacaq rus dövləti ordu saxlamaqdan məhrum edilməli, yalnız özünü müdafiə qüvvələrinin yaradılmaısna imkan verilməlidir. Ən əsası nüvə başlıqları beynəlxalq nəzarət alına alınmalı və məhv edilməlidir. Rusiyanın nüvə arsenalının məhv edilməsi dünyada nüvə tərki-silahına böyük təkan verə bilər.
Rusiya imperiyasının çöküşündən sonra bölgədə sülh və sabitliyi təmin etmək üçün iqtisadi yüksəliş çox önəmlidir. Uzun illər bölgədə hakim olan korrupsiya sistemləri iqtisadi inkişafı mümkünsüz edirdi. Yeni dövrdə iqtisadi inkişafı təmin etmək üçün korrupsiyanın qarşısını almaq üçün mükəmməl şəffaflıq mexanizmləri yaradılmalıdır. Ən nəhayət bölgədə iqtisadi inkişafa nail olmaq üçün azad ticarət zonaları yaradılmalı, bölgənin təbii sərvətləri bütün xalqlar üçün əl çatan olmalıdır.