"Azərbaycanın müstəqilliyinə, suverenliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir" - XAQANİ CƏFƏRLİ


"Rusiyanın Xankəndidə baş konsulluq açmaq istəyini ərazi bütövlüyümüzə dəstək kimi təqdim etmək raşizmin məqsədinə xidmət etməkdir" 

"Rusiya Xankəndidə baş konsulluq açmaq niyyətindədir və bu istəyini 2024-cü ilin sonuna kimi həyata keçirmək istəyir. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasinin ifadə etdiyi bu istək raşizmin bütün bölgəni əsarət altında saxlamaq planının bir hissəsidir. Raşizmin təməl ideyası ondan ibarətdir ki, hətta bir “rus ruhu”nun olduğu yerlər sərhədsiz Rusiyanın tərkib hissəsdidır. Bu ideya Rusiya cəmiyyətində cücərərək onun dünyagörüşünün əsasına çevrilmişdir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloqun fikrincə, faşizm və kommunizmdən daha qəddar ideologiya olan raşizmin məqsədi Rusiya İmperiyasını bərpa etməkdir: "Rusiyanın Ukraynada törətdiyi cinayətlər, eləcə də Rusiya rəsmilərinin bütün dünyanı “nüvə apokalipsisi” və bəşəriyyəti nüvə külünə çevirəcəkləri ilə bağlı təhdidləri raşizmin faşizm və kommunizmdən daha təhlükəli olduğunu təsdiqləyir. Rusiyanın Xankəndidə baş konsulluq açmaq istəyini ərazi bütövlüyümüzə dəstək kimi təqdim etmək raşizmin məqsədinə xidmət etməkdir.Ermənistan hökumətinin təmsilçiləri dəfələrlə bu ərazilərin Azərbaycan torpağı olduğunu etiraf və elan ediblər. Heç bir dövlətin şübhə altına almadığı ərazi bütövlüyümüzün təsdiqi üçün Rusiyanın (raşizmin) dstəyinə ehtiyacmı var? Əlbətdə ki, yoxdur. Sadəcə raşizmin xidmətçiləri əsarəti azadlıq kimi təqdim edərək əsl niyyətlərini ört-basdır edirlər". 

Xaqani Cəfərlinin sözlərinə görə, Azərbaycanın müstəqilliyinə, suverenliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir: "Azərbaycan xalqının faciəsi Qafqazın Rusiya tərəfindən işğalı ilə başlayıb və hələ də davam edir. Tarixi və mədəni irsimizin beşiyi Dərbənd hələ də Rusiya işğalı altındadır. Ukrayna Silahlı Qüvvələrinin və bütövlükdə Ukrayna xalqının inanılmaz müqaviməti sayəsində raşizmin dişləri ovulub. Raşizm daha əvvəlki kimi güclü deyil. Artıq raşizmin başının əzilməsi vaxtı çatmışdır. Qafqaz xalqları qarşısında tarixi, mədəni, dini və milli məsuliyyətimizi dərk edərək, raşizmin bölgəni əsarət altında saxlamaq planını pozmaq üçün Dərbənd başda olmaqla Şimal torpaqlarımızın və bütün Qafqazın azadlığını tələb etmək zamanı gəlib çatmışdır. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bununla bağlı təkliflərini yaxın günlərdə Azərbaycan cəmiyyətinə təqdim edəcək. Zaman raşizmə qarşı birlik və bərabərlik zamanıdır!" 

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti