Bilən adamın yara açan böyük bucağı -Xanəmir Telmanoğlu yazır

Ey dili qafil filf aili məchul fani f...

“Sizsiz – yəni ali başlanğıca xidmət edən şüurlu və azad insanlarsız bəşəriyyət çox miskin olardı və Yer hekayətinin bu təbii artım üsulu ilə inkşafının sonunu çox gözləməli olardı. “

Çexovun hekayələrinin birindən


Derlər,

Unudulmaq naminə yoxluqdan varlığa səsli-küylü sızan oxucu,


Mənim üçün bir çayından ikinci dəfə keçilməsi müşkülə çevrilmiş bu dünyada tanıdığım bir neçə adam var ki, onlar sözün hər mənasında bütün əyləm, hərəkət, hərəkat və yaşamlarını bilən, bilgi timsalı olaraq varlığımda kök salırlar. Zamanı yazıya, müdrikliyə, hikmətə məcbur edən insanlardan biri də Arif Acaloğlu olub. 

Bu dünyada hüzün və sevinc əcəmiliyində hər birimizin qınağımızı yığıb yığışdıra bilmədiyimiz tanıdığımız saysız - hesabsız məsumluğu, qutsallığı, dəyərliliyi bilgisindən yağan insanlar var. O insanların hər biri doyar - doymazına yaşadıqları bu dünyada nəyisə tam həssaslığıyla ağlının son qalığına qədər bilir, nəyinsə bilgəsi olur, nəyinsə öhdəsindən gələnlərə dönüşür. Ancaq dərinə getdiyimizdə anlayırıq ki, bu adamlar, dünyayla, gələcəyə saxladıqları yoxluqla varlığı kontrolda tutduqları aksiyalarıyla həyatla ilk reaksiyada bilgili deyillər. Sadəcə olaraq, metafizik xəttə qalma şanslarının, yazılarının hesabına məlumatlıdırlar. Bir insan bilgili isə, sanki onunla bu dünya, bu həyat, bu zaman hesablaşır. Bilgili adamlarla bu həyat bəlkə də öz zənginliyinə, mahiyyətinə nail olmaq, qovuşmaq  naminə özəl üslubda davranır. Ona nəyisə vermir, əksinə o, adamlardan nələrsə aldığı üçün məhz bilgili olurlar. Həyat, bilgələrdən aldığını, əldə elədiklərini özündə saxlaya bilmir. Onu tezbazar cəmiyyətə, zamana, tarixə, dövrə ötürür. Çünki həyat bilgələrə qarşı o qədər məsuliyyət “instinktinə” yiyələnir ki, bir anda o bilginin əldən gedəcəyinə, itəcəyinə, çalınacağına “inanıb”, sanki təlaşa düşür. Bu zaman Seçilmişlər dediklərimiz, bilgələrdən əldə edilənin həyatdan alınması qədər sempatik gerçəkliyinin vazkeçilməz təzahürünə çevrilirlər. Bu bilgi isə o bilgəylə ta əzəldən birgə yol gəlir. Bu “almaq” məsələsi ortaya çıxanda zənn etməyin ki, bilgə bilgisini həyata sunmaqla ondan ayrılmış olur, əsla: “bilgi paylaşıldıqca çoxalır” demişdirlər, sən də təsdiq edərsən. Arif Acaloğlu da bilgəliyi əsir - yesir etmiş obraz olub mənim üçün həmişə. Bir az da millətə bağlı olma eşqindən qidalanan belə adamlar reallıqdan çox, mifik anlayışda özlərini isbatlamış kişilik təcəssümüylə dolub daşmaq təsirini bağışlayırlar. Onlar sanki bəşəriyyətin, gedişatın gözündən oğurlanaraq uğurlarını gizlətdiklərindən doğulmurlar. Onlar sanki varlığa aşılanmış minvalla böyüyüb yaşlanmırlar. Hava, su torpaq kimi, atəş kimi, İşıq kimi harda, hansı yaşda görsən, eləcə dəyərini, ayarının kosmik-metafizik uyarlığını gizləməkdən zövq duyaraq, yaxut “ilahidən xüsusi tapşırıq”  alaraq dünyamızda görünürlər. Hansı forma və şəkildə, mahiyyətdə olmalarından, hansı mənəvi-mədəni ölçüyə düşmələrindən asılı olmayaraq, bu saatdan, bu təsiredicilikdən, bu ünsiyyətdən ibarətdirlər. Çünki, belə bir təəssüratla belə insanlara qarşı köklənmək, onların sonsuzluqla, əbədiyyətlə bağlı ipuclarının olduğundan xəbər verir. 

Məsələn, “Azərbaycan”, “Azərbaycan mədəniyyəti”, “Azərbaycan xalqı” və onun “gerçək kimliyi” kimi ağır məsələlərdən hamı, hər kəs, hər zaman danışa bilər, uzun - uzadı fəlsəfi fikirlər söyləyər, bu minvalla olduqca təsiredici, etkiləyici bir şəkildə yaddaşlarda qala bilərik. Ancaq Arif Acaloğlu kimi adamların varlığı, kimliyi, onların daşıdığı batini yük, energetik güc, şüuraltı qüvvə, ruhsal varidat xatırlatdığım məsələlərin mahiyyətini bütün zahiri-ağılsal, düşüncə, fikir, ideya boyutlarında deyil, metafizik müstəvisindən alıb gətirmək iqtidarında, istedadında olduğundan, biz bu adamlara bilgə adam deyirik. Onların bilgilərinin ardında həm də qaybın, gəldiyimiz ilkin yerlərin təbəddülatları da öz rişəsini, öz genetik kodlarını məharətlə böyüdür, yaşadır. Mədəniyyət, böyük mədəniyyət belə bir mənəvi ölçülərin tranplinlərində bizim kimliyimizi məharətlə təsdiqləyir. Digər tərəfdən bu ilkin doğulduğumuz “coğrafiyalarda” çəkib gətirə bildiklərinin yanında, həm də belə insanlarda bilgi məsuliyyət rolunda və xarakter qismində çıxış edir, bilgi  dediyin xarakterə, özəlliyyə dönüşür. 



Derlər.

Unudulmaq üçün var olmaq yolunu seçən oxucu, 


Mən iddia edirəm ki, gecə  - gündüz danışdığımız, çözməyə çalışdğımız mövzuların mahiyyətindən çoxumuzun xəbəri yoxdur. Bilgi sevgi kimi, eşq misali insanlara, cəmiyyətə, topluma diriliş, həyat bəxş edir. Sevgi, eşq qoxusu verməyən hər hansı bilgi, bilgi deyildir, ötəri xəbər, məlumatdan başqa bir işə yaramaz. Məhz haqqında danışdığım bilgili, bilgə insanlar o mövzuların ötəsindəki sorunlarımızı tanıyıb zamanında kimliyinə dəvət edib onu bəslər, yaşadar, sonra da bizim hiss etmədiyimiz minvalla mədəniyyətimizin şah damarına vurarlar. Eləcə yaxın tariximizin Məmmədəmini, Cavidi, Üzeyir bəyi, Asif Atası, Elçibəyi kimi...onların bilgisi bir də gördün bayraq, bir də baxdın himn, bir də anladın ideya, dövlət şəklində, formasında zühur etdi. Onlar Alpər Tonqadan, Dədəd Qorquddan, Nizamidən, Nəsimidən, Füzulidən, Şah Xətaidən, Axundovdan, Sabirdən, eləcə də Qəzalidən, Mövlanadan, Şəmsdən, Xəldundan, Fərabidən keçib formalaşır, şəkillənir, öz kimlik və varolma özəlliyi, kişiliyi bir mədəniyyətin üst düzeyində bərkiyir, bərkidilir:- nəyi? - millət olma şansımızı daha da bərkidir, zamana, dövrə, tarixə daha da etibarlı qılırlar. 



Derlər.

Unudulmaş üçün var olmaqdan yaxasını geri çəkə bilməyən oxucu, 


Arif Acaloğlunun varlığı kimlik xaqanlığında adama bilgi öyrədirdi. O bilginin təcəssümündə tariximiz, mədəniyyətimiz, kimliyimiz, bayrağımız, dövlətimiz bənd-bənd, hissə-hissə, etap-etap verdiyini verməkdən yorulmurdu, səni də yormurdu. 

Onun Bakıda bir gecə vaxtı müəmmalı yol qəzasında dünyasını dəyişməyi mənə ağır gələn məqamlardan biridir. Arif bəyin ölümü bu şəkildə olmamalı idi və o belə bir ölümə layiq deyildi. Elə isə mənim də haqqım çatır yazam ki, Arif bəyin ölümündə biz də günahkarıq. Bəlkə də o ölümdə onu tanıyan, sevən, anlayan hər bir kəsin kəsinliklə yaxından rolu, iştirakı olmuşdu. Bizim ən qorxunc yönümüzün biri də bizə aid olanı, “bizimdir” dediyimizi qoruya bilməmə gücümüzdür. Gerçəkdən, Arif bəyin itkisi olduqca ağır bir sarsıntı yaratdı. Onun mənəvi çəkisindən fərqi olanların keçirdiyi iztirabları da unutmaq asan deyil. Bizim Arif Acaloğlunu itirən vaxtımız deyildi. Bu itki bizdən özü ilə sabah hesabını net şəkildə anlaya biləcəyimiz varidatımızı da alıb apardı. Biz, bəzən yoxluğu, itkiləri sevindirmək, zənginləşdirmək, daha da ucaltmaq, var etmək üçün əldən ayaqdan gedirik, bəzən laqeydlik nümayiş etdiririk. Məncə türk bu başına bəla olan keyfiyyətindən uzaqlaşmalıdır. Çünki bu “keyfiyyət” davamızın, savaşımızın elə qaynar yerində qarşımıza çıxır ki, illərlə bəslədiyimiz xəyallarımız, düşüncə və ideallarımız böyrü üstə qalır. 

İstənilən halda yara açan, iz buraxan itkidir. Görünür, adamın zəfər və məğrurluğunu misqal misqal qopardan belə yaralar hələ uzun müddət nəinki canımızda, hətta kimliyimizdə də sağalmayacaqdır.


Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti