Hidəyət Elvüsal yazır: Pəhləvanlar

 

 


Uşaq vaxtı pəhləvanlara çox inanırdıq. Həm də onlara bənzəməyə çalışırdıq. Bir pəhləvanın çıxışına baxandan sonra, biz də nəsə qaldırmağa çalışırdıq. Bəzən qaldırdıq da. Amma başımızı-gözümüzü də əzdiyimiz vaxtlar olurdu. Bir də görürdün iri bir odun kötüyünü saxlaya bilmirdik və təpəmizə dəyəndə, çığırtımıza qonum-qonşu yığılıb gəlirdi. Üz-gözümüzün qanını görən xalamızın ürəyi gedirdi.

Elə bilirdik ki, pəhləvan hər şeyi bacarar. Məsələn uşaqlardan biri:

- Bax, çayın bu tayından o tayına kim tullana bilər? - deyib soruşanda başqa birisi o saat cavab verirdi:

- Pəhləvan!

Ya da gözümüzə zurnadan-balabandan dəyəndə:

- Kim zurnanı yaxşı çala bilər?

- Pəhləvan! - deyərdik.

- Kim balabanda yanıqlı hava… sözümüzü kəsərdilər:

- Pəhləvan!

Hə! Belə idi. Əlbəttə, pəhləvanın zurnaçı olmadığını böyüyəndə bildik. Amma pəhləvanlıq həvəsi heç vaxt bizi tərk etmədi. O pəhləvanları yavaş-yavaş söz pəhləvanları əvəz eləyirdi:

- Ə, sən öl, mənə qiymət verən yoxdur. Neçə düşmən öldürdüm, neçə qulaq kəsdim. Qədrimi bilmədilər.

- Harda öldürdün, harda kəsdin?

- Odeyy… Qarabağda.

- Qarabağın harasında?

- O, nədi oranın adı? Ə, o Volskiydi, nəydi, o da oradaydı. Nədi oranın adı? Hə, yadıma düşdü. Masazırda!

- Masazır Qarabağdadı?

- Bə hardadı?

- Budey burda, Sumqayıt yolunun üstündə.

- Mən ölüm?

- Sən öl!

- Bıy həə, indi yadıma düşdü. Məni Volski döymüşdü axı. Kantujnu olmuşam da. Bilirsən, o Şuşadan bir az bəri yer var haa… Bar, orda yaralanmışam. Yoldaşım da orda yaralanıb.

- Yoldaşın da vuruşurdu?

- Yox! Mənə dolma gətirmişdi.

- Hara gətirmişdi?

- Ə, o Şuşadan bir az bəridə Masallı yoxdu, bax ora.

Təəccüblənməyin. Müharibədən sonra o qədər belə pəhləvanlar peyda olub ki, səhərdən axşama qədər meydan sulayırlar. Eləsi var ki, velosipetdən yıxılıb, ayağını sındırıb, deyir üstümdən tank keçib. Və inananlar da var. Tək bircə şahid yoxdur ki, belələrini Qarabağda görmüş olsun. Amma… Qarabağı heç xəritədə göstərə bilməyən qəhrəmanlıqdan danışır.

Bu pəhləvanlar o pəhləvanlardan deyil. Bunların gücü dillərindədir. Və bu qollar o qədər güclüdür ki, əsl qəhrəmanlar da bəzən bunlara söz çatdıra bilmir. Pəhləvanın güclü qolları ilə qaldıra bilmədiklərini, bunlar beş-on qramlıq dilləri ilə havada oynadırlar.

Hələ o gün başqa bir pəhləvandan danışırdılar. Özü də televiziyada. Yox, bizdə yox, o biri ölkənin televiziyasında. Yenə pəhləvanlardan söz gedirdi. Biri sual verdi:

- Elə bir pəhləvan ölkə varmı okeanın o tayından bu tayına tullanıb, başqa bir ölkəni yerlə-yeksan eləsin?

Ən ağıllı palitoloqlardan biri xeyli fikrə getdi. Sonra müdrik görkəm alıb, ağır-ağır dilləndi:

- Var!

- Hansı ölkədir?

- Amerika Birləşmiş Ştatları. Okeanın o tayından bu tayına tullanıb. Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada…

Görünür uşaq vaxtı düz fikirləşmişik. Pəhləvan nəinki çayın bu tayından o tayına, hətta okeanın o üzündən bu üzünə tullana bilər və tullanır.

Və adam pəhləvanlara heyrətlə baxır - biri əli ilə, biri dili ilə, o biri bombaları, tankları ilə…

Olsun! Biz də yavaş-yavaş əzələ yığırıq. Günlərin birində arxamızca hürənlərin arxasını yerə vuracağıq. Onda görəcəklər pəhləvan kimdir!

Daha tərəfkeş hakimlər də olmayacaq. O hakimlər ki, bizə badalaq vurub, tülküləri pəhləvan kimi göstəriblər.

 

 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}