Səməd Seyidovun vəd verdiyi islahatlar reallaşacaqmı?

 


 

 

       Məmurlar islahatlardan çəkinir və onların əleyhinə çıxış edirlər  

 

Vaşinqtona səfər edən Azərbaycan parlamentinin bir qrup deputatı qatıldıqları "Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbirdə "daha böyük islahatlar” vəd ediblər və Azərbaycanda qoyub getdikləri məmurlara səslənərək: "Bizə məmurların tamamilə fərqli davranışları lazımdır”- deyiblər.

Səməd Seyidovun rəhbərlik etdiyi, Sahibə Qafarova və Asim Mollazadədən ibarət deputat heyətinin məqsədi isə "hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək” təmini olub. Martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxış edən Səməd Seyidov deyib: "Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmnuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”. Belə görünür ki, prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa müraciətində səsləndirdiyi siyasi islahatlar həqiqətən də gündəmdədir. Çünki, deputat Səməd Seyidov Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı məhz belə deyib: "Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik”. Prezidentin və deputatların vəd etdikləri siyasi islahatların mahiyyəti barədə dəqiq bir məlumat yoxdur. Bu islahatların nədən ibarət olacağını yalnız təsəvüvr etmək olar. Ancaq belə görünür ki, rəsmi şəxslərin də məmurların siyasi islahatlardan narazı qalacaqları və yaxud da islahatlarla ayaqlaşmayacaqları barədə ciddi şübhələri var. Çünki, deputat Səməd Seyidov hətta Vaşinqtondan da Azərbaycanlı məmurlara səslənərək onları yeni qaydalarla işləməyi öyrənməyə çağırıb: "Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdırlar”.

Deputat Səməd Seyidovun iddialı bəyanatına baxmayaraq Azərbaycanın məmur təbəqəsinin "tamamilə fərqli davranışları”nı gözləmək mümkün görünmür. Son bir ay ərzində bir neçə rayonun icra başçısı haqqında yayılan məlumatlar da təsdiq edir ki, "məmurların tamamilə fərqli davranışları” ən azından bu günün reallıqları çərçivəsinə sığışmır. Məsələn, son bir ay ərzində Ağcabədi rayon icra hakimiyyətinin başçısı haqqında iki video yayılıb. Həmin videoların birincisində Ağcabədi rayon sakini sahibkar Quliyev Etibar Əvəz oğlu bildirir ki, özünün qanuni sənədlə aldığı 35 sot torpağında istirahət kompleksi tikmək üçün icra başçısının müavini ondan 15 min dollar rüşvət istəyir. Vətəndaş qeyd edir ki, torpağı aldığı ərəfədə ətrafı zibilliyə çevrilmiş ərazini icra başçısının sözü ilə təmizləyib və abadlıq işi aparıb. İcra başçısı ona bu işin zərurətini prezidentin rayona səfər edəcəyi ilə əsaslandırıb. Quliyev Etibar Əvəz oğlu 20 min dollar pul xərcləyərək abadlıq işləri aparıb. Nəhayət ki, 2018-ci ildə öz torpğında istirahət mərkəzi, yeməkxana tikitisinə başlamaq istəyib və icra hakimiyyətinin memarı ona deyib ki, işə başlamazdan öncə Rövşən müəllimə 15 min dollar çatmalıdır, yoxsa burda heç nə tikə bilməzsən. Burada adı keçən Rövşən müəllim icra başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rovşən Əhmədovdur.

Ağcabədi rayonundan vətəndaşların narazılığını göstərən ikinci videoda bir sakin icra başçısının birinci müavini Rövşən Əhmədovun ona işləməyə imkan vermədiyini bəyan edir və özünü yandıracğını bildirir. Bu zaman icra başçısınınhəmin şəxsə müraciətlə "yandır” dediyi də eşidilir. Bu yalnız qeydə alınaraq yayılan iki haldır və hər ikisində icra başçısının birinci müavini Rövşən Əhmədov ittiham olunur.

Ötən bir ayda yayılan başqa audio yazıda isə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun Xəzər rayon icra hakimiyyəti başçısının birinci müavini olaraqtorpaq sahəsinin sənədləşdirmə işləri müqabilində bir vətəndaşdan beş min manat rüşvət alması halı öz əksini tapıb.

Ancaq bu üç video-audionun yayılmasından günlər, həftələr keçsə də, aidiyyatı olan orqanlar bu məsələyə heç bir aydınlıq gətirməyiblər. Bu isə vətəndaşlarda vəd edilən islahatlara etimadsızlıq, məmurlarda isə etdikləri əməllərə görə məsuliyyət daşımaq qorxusunun yaranmasına mane olan arxayınlıq hissi formalaşdırır. Belə olduqda isə Səməd Seyidovun Vaşinqtondan Azərbaycanlı məmurları tamamilə fərqli davranışa çağırmasının heç bir faydası ola bilməz. Bunu isə yalnız Azərbaycan vətəndaşları deyil, əcnəbilər də müşahidə edirlər. Məmurların fərqli davranmağa başlamadığını görən əcnəbilər Azərbaycan hakimiyyətindən tamamailə üz çevirə bilərlər. Azərbaycan hakimiyyətini dəstəkləməyə hələ də hazır olan qüvvələr isə onlardan əməli fəaliyyət gözləyirlər. Azərbaycan parlamentinin təmsilçiləri də Vaşinqtonda görüşdükləri tərəflərə "daha böyük islahatlar” vəd ediblər. Bu vədlərin reallaşması üçün həqiqətən də məmurların davranışında ciddi dəyişikliklər olmalıdır. Məmur təbəqəsinin böyük əksəriyyəti isə fərqli davranmağa hazır deyil. Bu isə çox ciddi dilema yaradır. Siyasi hakimiyyət mövqelərini qorumaq üçün məmur təbəqəsindəki çoxluğun əleyhinə gedərək, ciddi islahatlar həyata keçirməlidir. Məmur təbəqəsi isə bu islahatlara qarşıdır və onun əleyhinə gedir. İnsanları daha çox narazı salmağa yönələn əməllərin arxasında məmurların hansı niyyətlərinin dayandığını aidiyyatı olan orqanlar üzə çıxarmalıdırlar.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti