Kredit oliqarxı cəmiyyətə meydan oxuyur

Kredit oliqarxı cəmiyyətə meydan oxuyur

 

Keçmiş işçilərinin əmək haqqını verməyən "Hacı” İbrahim yas yerinə də "Stefano Ricci” geyinməsi ilə fəxr edir

 "Xəzər adaları” layihəsinin müəllifi, qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli yenə növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Hətta bu dəfə əvvəlki açıqlamalarını da kölgədə qoyan Nehrəmli özünün dəbdəbəli geyimləri ilə lovğalanıb. "Hacı” deyib ki, hətta yas yerinə gedəndə də başdan ayağa "Stefano Ricci” brendindən geyinir. Ancaq bu onun qalmaqallı açıqlamalırının hamısı deyil. Belə ki, Xəzərdə şəhər salmaq adı altında Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini gözəllik yarışmasından tutmuş bahalı avtomobil və geyim kolleksiyalarına xərcləyən Nehrəmli "mənim bütün geyimim "Stefano Ricci”, "Zilli”, "Rioni” və "Bitton” kimi tanınmış 4 brenddəndir”-deyir.

Bu brendlərin arasında isə ən çox "Stefano Ricci”-dən geyinməyi sevdiyini deyən Nehrəmli geyindiyi paltarları isə həm xaricdən, həm də Azərbaycandan aldığını bəyan edib. Ancaq bu zaman 2015-ci ilin mayından ölkədən çıxışına qadağa qoyulduğu üçün heç bir xarici ölkəyə gedə bilmədiyindən söz açmayıb. Qeyd edək ki, ötən ilin mayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq, saxlanılmışdı. Nehrəmli "Bandotel”də neçə gün keçirməsi haqqında heç bir zaman dəqiq fikir bildirməyib. Ancaq onun "Bandotdel”də olarkən istintaqçıların qarşısında şok adlar açıqlaması haqqında iddialar var. Hələlik bununla bağlı iddiları bir kənara qoyaraq, yas yerinə başdan ayağa "Stefano Ricci” brendindən geyinərək getməsi ilə fəxr edən Nehrəmlinin ötən ilin mayında işdən çıxardığı bəzi şəxslərin əmək haqqını bu günə kimi verməyib. Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla manat borcu, dövlət büdcəsinə milyonlarla manat vergi borcu və onlarla şirkətə görülən işə, alınan mal-materila görə borcu olan bir şəxsin cəmiyyətə meydan oxuyaraq ən bahalı brendlərdən geyinməsi haqqında lovğalanması həm də bəzi yüksək vəzifəli məmurların Nehrəmliyə himayədarlığının nəticəsidir. Əlbətdə, qalmaqallı iş adamının qardaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun hökumətin üzvü olması bu məsələdə öz nəticəsini göstərir. Ancaq bütün günahları Nazim İbrahimovun üzərinə atmaq günah olardı. Cəmiyyətə meydan oxumaqdan çəkinməyən Nehrəmlinin qanunsuz əmmələrinə qiymət verməkdən çəkinən dövlət strukturlarının başında heç şübhəsiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi durur. Məlumatlı şəxsin sözlərinə "Hacı” İbrahim Nehrəmlinin qanunsuz əməlləri ilə üzləşən onun keçmiş işçiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etsələr də, haqqlarını ala bilməyiblər. Çünki, "Hacı” İbrahim Nehrəmli Səlim Müslümova zəng edərək şikayətlərin obyektiv araşdırılmasına mane olub.

Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs olunmuş generallarının cinayət xarakterli əməlləri haqqında mətbuatda çox yazılır. Mütəşəkkil cinayətkar dəstə kimi təqdim olunan sabiq MTN-çilərin cinayət xarakterli əməllərindən zərərərçəkənlərin sayının 60 nəfərə yaxın olduğu qeyd edilir. Müqayisə üçün qeyd edək ki, Səlim Müslümovun himayəsi nəticəsində "Hacı” Ibrahim Nehrəmli ən azı bu qədər şəxsin hüququnu pozub. Ancaq onlar dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, haqqlarını ala bilməyiblər. Baxmayaraq ki, "Hacı” İbrahim Nehrəmlinin hüquqlarını pozduğu şəxslər Akif Çovdarovun qurbanları ilə müqayisə oluna bilməyəcək şəxslərdir. Əgər Akif Çovdarovun qurbanları özləri də cəmiyyətdə müsbət imici olmayan, başqalarının hüquqlarını pozan şəxslər kimi tanınıbsa, "Hacı” İbrahimovun hüququnu pozan şəxslər haqqında bunu demək mümkün deyil.

Çox maraqlıdır ki, Vergilər Nazirliyi mütamadi olaraq bir neçə min manat vergi borcuna görə ayrı-ayrı hüquqi şəxslərin rəhbərlərinə və fiziki şəxslərə qarşı məhkəmə iddiası qaldırır, onlara qarşı müxtəlif  məhdudlaşdırıcı cəzalar tərtib edir. Ancaq "Hacı” İbrahim Nehrəmlinin şirkətləri vergi borcunu verməsə də, ona qarşı heç bir cəza tədbiri görülmür.

Cəmiyyətin bütün dəyərlərini tapdalamaqdan çəkinməyən "Hacı” İbrahim Nehrəmli bir müddət əvvəl verdiyi başqa bir açıqlamada prezident İlham Əliyevin oğlu Heydər Əliyevi dəstəklədiyini bəyan etmişdi. Görünür, "Hacı” İbrahim bununla prezidentin də, onun oğlunun da cəmiyyətdəki nüfuzuna ancaq zərər vurduğunun fərqində deyil. Çox təəssüf ki, Yeni Azərbaycan Partiyası belə hallarda mövqe bildirib, istər prezident İlham Əliyevin, istərsə də onun oğlu Heydər Əliyevin "Hacı” İbrahim kimi qalmaqallı şəxsin dəstəyinə ehtiyacı olmadığını bəyan etmir. Əlbətdə, kimsə kiminsə ona hüsn-rəğbət bəslədiyinə görə ittiham edilmir. Ancaq belə hüsn-rəğbətlər təsirsiz qalmır. Cəmiyyət prezident İlham Əliyevlə  "Hacı” İbrahim kimi qalmaqallı şəxsin adınınbərabər çəkilməsini arzulamır. Əgər "Hacı” İbrahim həqiqətən prezident İlham Əliyevin tərəfdarı olsaydı, o zaman dövlət başçısının oliqraxları, məmurları, məmurların yaxın qohumlarını cəmiyyətə qarşı nəzakətli davranmaq, lovğalıq etməmək çağrışlarına hörmətlə yanaşardı. Ancaq qalmaqallı kredit oliqarxı "Hacı” İbrahimin son açıqlaması göstərir ki, bu şəxs nə cəmiyyətə, nə prezidentin çağrışlarına hörmət etmir. Əks halda cəmiyyət ciddi sosial-iqtisadi problemlər yaşadığı insanların yoxsullu və bir neçə min manatlıq borc üzündən intihar etdiyi indiki vaxtda, yas yerinə  bahalı geyimlər geyməsindən fəxrlə danışmazdı. Çox güman ki, prezident İlham Əliyev bu qalmaqallı iş adamının və onun hamillərinin əməllərinə qiymət verəcək və o zaman "Hacı” İbrahim Nehrəmlinin qanunsuz əməllərinə rəvac verənlər öz cəzalarını alacaqlar.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti