Küvezdə işıqsız qalmış körpə və “Azərişığ”ın inadı: “Borc ödənilməlidir”

Küvezdə işıqsız qalmış körpə və “Azərişığ”ın inadı: “Borc ödənilməlidir”

 

"Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib". Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.

Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: "Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir". 

Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova "Report"a bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var. 

*   *   *14:17

Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib. RMX-nin baş həkimi Şəhrəbanu Məlikova "Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: "Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”.

Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: "Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə biz nə edəcəyik?!”

Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: "Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”.

Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: "Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!”.



Oxşar Xəbərlər

Xəbər lenti