8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qardaşı bacıya düşmən edən MİRAS
"Hürriyyət"ə müraciət edən Kəmalə Bayramova haqsızlıqla üzləşdiyini deyir. O şikayətində bildirir ki, atası Allahverdi Bayramovdan miras qalan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 116-da yerləşən evin bölgüsü ədalətli aparılmayıb.
Bayramov Allahverdi Əlişan oğlunun 6 övladı olub: Bayramov Elsevər,Bayramov Vusal, Bayramov Elçin, Abdullayeva Zəminə, Qasımova Günay və Bayramova Kəmalə.
Bayramov Allahverdi Əlişan oğlu 2018-ci ildə dünyasını dəyişib və elə həmin vaxtlardan etibarən özbaşınalıqlar başlayıb. Mənzilin bölgüsündə Allahverdi Bayramovun iki qızı Zəminə Abdullayeva və Günay Qasımova öz paylarından imtina ediblər. Lakin redaksiyamıza müraciət edən Kəmalə Bayramova bu prosesdə iştirak etməyib. Ev bölgüsü Allahverdi Əlişan oğlu Bayramov rəhmətə gedəndən sonra övladları arasında aparılıb.
Hazırda şikayətçi hüquqlarının bərpa olunmasını və onun da payına düşəni tələb edir.
Kəmalə xanım 2005-ci ildən Rusiyada yaşayır və oranın vətəndaşıdır. Onun xəbəri olmadan 3 qardaş mülkə sahib olublar. Qızların ikisi isə Abdullayeva Zəminə və Qasımova Günay xanım mülkdən imtina ediblər.
Bəs Görəsən Notarius Kəmalə xanım olmadan bu işi necə yekunlaşdırıb?
Ümumiyyətlə, ev bölgüsündə kimə nə düşür?
Görünür ki, təkcə vətəndaşların deyil, vəkil və hakimlərin də vərəsəliklə bağlı məlumatlılığının artırılmasına ehtiyac var.
Təəssüf ki, son illər Azərbaycanda mülkiyyət üstündə törədilən cinayətlərin sayı artmaqdadır. Özü də bu cür cinayətlər çox vaxt bir-birinə yaxın insanlar tərəfindən törədilir. Mülk üstündə qardaş qardaşın, oğul atanın, ananın həyatına son qoyur. Maraqlıdır ki, son illər ölkə məhkəmələrində də mülki işlərin sayı artmaqdadır. Amma çox vaxt məhkəmə qərarlarından da narazı olan qohumlar sonda problemi silahla həll edirlər.
Ekspertlər hesab edirlər ki, mülkiyyətlə bağlı məsələlərdə insanların maarifləndirilməsinə ehtiyac var. Mülki qanunvericiliyə görə, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər. Təəssüf ki, mirasın bölgüsündə bəzən Mülki Məcəllənin sözügedən müddəalarına əməl edilmir. Qanunvericiliyə əsasən, miras qoyanın bütün uşaqları, valideynləri və arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər.
Məcəllədə göstərilir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir. Mirasda məcburi pay qanun üzrə vərəsəlik zamanı məcburi pay alana çatası payın yarısını təşkil edir. Bu o deməkdir ki, əgər miras qoyanın heç bir vəsiyyətnaməsi olmadığı halda miras kimlərə hansı miqdarda çatacaqdısa, vəsiyyətnamə olduğu zaman həmin miqdarın yarısı onlara çatmalıdır. Qanunvericiliyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini vəsiyyət edə bilər. Belə halda mirasdan məcburi pay almaq hüququna malik olan vərəsə məcburi payını almaqla yanaşı, miras əmlakın vəsiyyət edilməmiş hissəsindən qanun üzrə vərəsə kimi pay almaq hüququna da malikdir. Daha bir məqam məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməsindən imtinası ilə bağlıdır. Belə ki, bu imtina heç də digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. İmtina edənin payı vəsiyyət üzrə vərəsələrə keçir.
Əslində, miras ailədə bərabər paylanılmalıdır. Yəni, oğlan da qız qədər miras hüququndan yararlana bilər. Amma ata dünyasını dəyişdikdən sonra mirasa oğlu sahib çıxır. Səbəb isə o gətirilir ki, ataya baxan oğul övladı olub. Əslində, valideyn qızı layiqsiz vərəsə elan etməyənədək həmin qızın o mülkdən pay hüququ var. Çox təəssüf ki, Azərbaycan reallığında qızın ata evindən pay alması ancaq dava-dalaşla, məhkəmə çəkişməsi ilə mümkün olur.
Lənkəran şəhərində yerləşən notarius nümayəndəsi Səfər İsmayılov suallarımızı cavablandırıb. O qeyd edib ki, Kəmalə Bayramova o sözügedən evdə qeydiyyatda olmayıb: "Həmçinin bizə qardaş-bacıları deməyiblər ki, əlavə bir bacıları da var. Biz tərəfdən hər şey qanunauyğun aparılıb və iş yekunlaşıb".
Əksər demokratik ölkələrdə vərəsəliklə bağlı məsələlərə çox ciddi yanaşılır. Azərbaycanda həm milli adət-ənənələrlə bağlı olaraq, həm də vərəsəlik institutunun yeni tətbiq olunduğu üçün bu sahədə ciddi problemlər var. Ekspertlər hesab edir ki, problemdən çıxış yollarından biri maarifləndirmə xarakterli tədbirlərin görülməsidir. Bu sahədə vəziyyət Bakıya nisbətən bölgələrdə daha acınacaqlıdır. Bu gün istər vətəndaşların, istər vəkillərin, istərsə də, hakimlərin vərəsəliklə bağlı məlumatlılıq səviyyəsi qaneedici deyil. Bu mənada problemin həlli üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə hakim korpusunun işi
təkmilləşdirilməlidir. Xüsusən, vərəsəlik hüququ ilə bağlı ixtisaslaşmış hakimlərə ehtiyac duyulur. Elə vəkillərin də təkcə cinayət və mülkü hüquq üzrə deyil, mülki hüququn hansısa sahəsi üzrə ixtisaslaşmaları vacibdir. Çünki vətəndaş öz hüquqlarını bilmədiyi, vəkilin vətəndaşı necə müdafiə etməkdən xəbərsiz olduğu şəraitdə hakim də qərarı istədiyi şəkildə verə bilir. Bunun əziyyətini isə Kəmalə Bayramova kimi sadə insanlar çəkir…
Jalə FAMİLQIZI
Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq..