Keçmiş icra başçısı ilə bağlı şok iddia -Maliyyə Nazirliyi iddialara aydınlıq gətirəcəkmi?

Azərbaycanda ən uzun müddət icra başçısı olmuş azsaylı şəxslərdən olan Şahin Məmmədovun Ağcabədi rayonuna rəhbərlik etdiyi 14 illik fəaliyyəti yoxlanılması ilə bağlı məlumat vermişdik. Xatırlatmaq istərdik ki, Şahin Məmmədov Azərbaycanda ən uzun müddət icra başçısı olmuş azsaylı şəxslərdən biridir. İlk dəfə 17 aprel 2004-cü ildə Samux rayon İcra Hakimiyyətinin başcısı təyin   edilən Şahin Məmmədov 26 dekabr 2005-ci ildən  20 noyabr 2019-cu ildək Ağcabədi rayon İcra Hakimiyyətinə, 20 noyabr 2019-cu ildən 25 iyul 2022-ci ildək Masallı rayon İcra Hakimiyyətinin başçılıq edib.

“Yeni Sözçü” qəzetinə Ağcabədi rayonundakı mənbədən daxil olan məlumata görə, rayon sakinlərinin Şahin Məmmədovun fəaliyyətinin yoxlanılması, eyni zamanda ayrı-ayrı hallar üzrə Prezident Adminstrasiyasına, Dövlət Təhlükəsizliyi Xidmətinə və Baş Prokurorluğa müraciətləri araşdırılmaq üçün Maliyyə Nazirliyinə göndərilir. Belə ki, Şahin Məmmədovun qanuna zidd əməlləri ilə bağlı Ağcabədi rayon Avşar kənd sakini Bulud Quluyevin Prezident Adminstrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdiyi şikayət ərizəsi, Ağcabədi rayon Taynaq kənd sakini Fəxrəddin Hacıyevin isə Baş Prokurorluğa etdiyi müraciəti araşdırılmaq üçün Maliyyə Nazirliyinə göndərilib. 

Ağcabədi rayon Avşar kənd sakini Bulud Quluyevin Prezident Adminstrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdiyi şikayət ərizəsi sabiq başçısı Şahin Məmmədovun büdcə pullarının istifadəsi zamanı yol verdiyi qanunsuzluqlara aydınlıq gətirmək baxımından çox önəmlidir. Bulud Quluyev şikayət ərizəsində yazır ki, 2005-ci ildən 20 noyabr 2019-cu ilə kimi müddətdə Ş.Məmmədov Ağcabədi icra hakimiyyətinin başçısı işləyən zaman mənə külli miqdarda maddi zərər vurmuşdur. Şiakyətçi başına gələnləri belə nəql edir: “Şahin Məmmədov Ağcabədi rayon icra hakimiyytinin başçısı olduğu müddətdə Heydər Əliyev Muzeyinin tikintisi üçün ayrılacaq pulun gecikməsinə görə tikintiyə dəstək verməmi istədi. Mən də Ulu Öndərin xatirəsinə olan ehtiramıma görə, Şahin Məmmədovun bu təklifini qəbul etdim. Tikintinin dayanmaması üçün 10 Kamaz maşın mişar daşı, 10 Kamaz maşın Mingəçevir qumu və 2000 kisə  sement alıb tikintiyə verdim. Bundan başqa Muzeyin binasının içərisinin alçipan işlərini görən 30 nəfər usta və fəhlənin üç ay boyunca səhər yeməyi ilə təmin etməyi də məndən xahiş etdi. Mən də onun bu sözünə uyğun olaraq 30 nəfər usta və fəhləni 3 ay müddətində səhərlər bal,qaymaq və lavaşla təmin etdim”.

Bulud Quluyevin Prezident Adminstrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdiyi şikayət ərizəsində daha sonra yazır: “Muzeyin tikintisi başa çatdıqdan sonra Şahin Məmmədov binanın çil-çırağının alınması üçün yardım etməmi istəyərək, xərcləri hökmən ödəyəcəyini bildirdi. Qeyd etdiyim kimi Ulu Öndərin xatirəsinə olan ehtiramıma və icra başçısının sözünə etibar etdiyim üçün bu təklifi qəbul etdim. İcra başçısı Bakının “Gənclik” ərazisində yerləşən çil-çıraq mağazasında lazım olan elektrik avadanlıqlarını, çil-çırağı hazırlatdığını bildirərək yalnız pulunu ödəməmi istədi. Bakıya gedərək  Şahin Məmmədovun verdiyi telefon nömrəsinə zəng edərək çil-çıraq mağazasını tapdım, bütün malın pulunu ödədim”.

Lakin icra başçısı Şahin Məmmədovun qanuna zidd əməlləri bununla bitməyib. Belə şikayət ərizəsində Bulud Quluyev daha sonra yazır: “İcra başçısı Şahin Məmmədov möhtərəm prezidentimiz İlham Əliyevin Ağcabədi rayonuna gələcəyini bildirərək rayondakı tikinti-abadlıq işlərinə də dəstək verməmi istədi. Yenə bildirirdi ki, Prezident gəlib-getdikdən sonra tikintilərin və abadlıq işlərinin pulu köçürüləcək, o zaman mənim pulumu verəcək. Mən də icra başçısının sözünə inanaraq səkilərin bardurlarının hazırlanmasına 3000 kisə sement, Dairə Seçki Komissiyasını binasının tikintisinə 2 Kamaz mişar daşı , 100 kisə sement və 2 maşın Mingəçevir qumu alıb verdim. Bundan başqa küçələrə döşənən tametin bir hissəsinin, 5 maşın tametin pulunu da mən ödədim.  Küçə və parklarda əkilməsi üçün Lənkəran şəhərindən 15 min manatlıq ağaç, kol və gül da alıdım. Qəbələ rayon, Vəndam kəndindən 16 min manatlıq bardur alıb, Ağcabədiyə gətirərək abadlıq işi aparanlara təhvil verdim. Heydər Əliyev parkının yenidən qurulması üçün Sabuncu rayon, Zabrat qəsəbəsindən 10 min manatlıq paxlavari tamet alıb, Ağcabədiyə apararaq parkın abadlığını həyata keçirən inşaatçılara təhvil verdim. Laçın rayon icra hakimiyyətinin başçısı Elburus Təhməzovun avtomobili üçün qarajın tikintisinə 20 ədəd taxta mil, 30 ədəd şiferin pulunu da Şahin Məmmədov mənə ödədirdi. İdarə və müəssisələrə paylanacaq 2007-ci ilin təqviminin alınmasına 10 min manat pul ödəmişəm”.

Bulud Quluyev şikayət ərizəsinin sonunda yazır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qurulmuş böhtanla bağlı üzləşdiyim vəziyytdən sui-istifadə edən Şahin Məmmədov mənə verməli olduğu 100 min manatdan artıq pulu verməkdən imtina etdi. Pulumu almaq üçün etdiyim çoxsaylı müraciət, xahiş və tələbləri rədd edərək müxtəlif bəhanə və hədələrlə pulumu qaytarmaqdan imtina etdi. İcra başçısı qanuni tələbləri rədd edikdən sonra dövət orqanlarına müraciət edən Bulud Quluyev haqqının bərpa olunacağına ümid edir. Son zamanlar korrupsiyaya qarşı mübarizənin güclənməsi, Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kadrlarının dövlət idarəçiliyindən kənarlaşdırılması Bulud Quluyevin şikayətinin nəticəsiz qalmayacağını düşünmyə əsas verir. 

 Şahin Məmmədovun Ağcabədi rayon İcra Hakimiyyətinə başçılıq etdiyi 26 dekabr 2005-ci ildən   20 noyabr 2019-cu ildək dövrdə bu rayonda büdcə vəsaitlərindən istifadə zamanı baş verənlərlə bağlı Maliyyə Nazirliyinin apardığı yoxlamanın nəticələri, eləcə də rayon sakinlərinin şikayətləri ilə bağlı məsələləri diqqətdə saxlamağa çalışacağıq.

Aydın,

Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti