Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

 

Hurriyyet.org-da dərc olunan "Abutalıbov Nizamidəki yaşıllığı necə ələ keçirdi?” sərlövhəli yazıda, eləcə də ondan öncə həmin mövzuya dair dərc etdiyimiz digər məqalələrdə baş verən proseslərə kifayət qədər aydınlıq gətirmişdik. Qeyd etmişdik ki, Bakının Nizami rayonunda 10 ailənin evinin qanunsuz olaraq sökülməsinin arxasında birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dayanır. İddialara görə, Bakı merinin həmin əraziyə "gözü düşdüyündən”, onun göstərişi ilə sakinləri 2000-ci ildən istifadə etdikləri torpaq sahəsindən çıxarmaqla yanaşı, onların böyük zəhmət hesabına ərsəyə gətirdikləri evlərini də darmadağın etdilər.

Bu söküntünün Suraxanı rayon Məhkəməsinin hakimi Elçin Ağayevin çıxardığı sifarişli qərar əsasında həyata keçirildiyi haqda da məlumat vermişdik. Onu da bildirmişdik ki, bu ərazi Nizami rayonuna aid olduğundan, zərərçəkən şəxslər Suraxanı rayon Məhkəməsininin məlum qərarına etiraz ediblər. Elə bu səbəbdən də, evləri sökülən 10 alənin üzvləri – Babayev Mehrəli Camal oğlu, Məmmədov Məhərrəm Əli oğlu, Məmmədov Səxavət Əli oğlu, Məmmədov Kəramət Əli oğlu, Sultanova Çimnaz Rüstəm qızı, Əliyeva Nuranə Fəzail qızı, Sevdiməliyev Elşən Məmməd oğlu, Məmmədova Kəklik Hüseyn qızı, Ağakişiyev İntizam Əjdər oğlu, Rüstəmov Yusif Rəsul oğlu Nizami rayon Bələdiyyəsinə qarşı icarə müqaviləsinin bağlanması tələbinə dair mülki iddia qaldırıb. Nəticədə 08 dekabr 2017-ci ildə sakinlərin iddiasını haqlı hesab edərək, qərara alıb: "Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə başa çatana kimi, iddianın təmin olunması tədbiri olaraq Nizami rayonu, Şərq küçəsi, məhəllə 4085 ünvanında yerləşən iddiaçıların istifadəsində olan torpaq sahəsindən iddaçıların istifadəsinə hər hansı maneələrin yaradılması cavabdeh Nizami rayon Bələdiyyəsinə qadağan edilsin”.

Halbuki, bundan öncə - 25.12.2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti məlum torpaq qalmaqalı ilə bağlı rəsmi açıqlamasında tamamilə fərqli fikirlər ortaya qoymuşdu. Həmin açıqlamada qeyd olunurdu: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Suraxanı rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olub.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilib ki, həmin ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon Bələdiyyəsinə həvalə edilib.

Sonradan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12 mart 2014-cü il tarixli qərarı ilə ləğv olunub. Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb...”.

Təbii ki, Nizami rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qərarından sonra BŞİH-in bu açıqlamasını şərh etmək əlavə vaxt itkisi olar. Ən azı ona görə ki, həmin torpaq sahəsi faktiki olaraq Nizami rayonu ərazisinə daxildir və bu rayonun məhkəməsi də zərərçəkənlərin hüquqlarını tanıyan qərardad çıxarıb. Doğrudur, bu qəraradək Bakı merinin göstərişi ilə həmin ərazidə söküntü işləri aparılıb və sakinlər evlərindən küçəyə atılıblar. Amma, yəqin ki, bu söküntüyə göstəriş verənlər və onun icrasını qanunsuz olaraq həyata keçirən şəxslər məsuliyyətdən yaxa qurtara bilməyəcək və gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Bütün bunlar öz yerində. BŞİH-in məlum açıqlamasında diqqətçəkən başqa bir məsələ bu qurumun küçə jarqonları ilə danışmasıdır. Məsələn, həmin bəyanatda "əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb” ifadəsinin yer alması savadsızlıqla yanaşı, aşkar qərəzin göstəricisidir. Ən azı ona görə ki, BŞİH rəsmiləri "Kəramət adlı şəxsin” əvvəllər məhkum olunduğunu bilirdisə, demək, onun soyadını da aydınlaşdıra bilərdilər. Lakin onlar ya qeyri-peşəkarlıq səbəbindən araşdırma aprmağa ehtiyac görməyiblər, ya da bu məsələnin arxasında birbaşa H.Abutalıbov dayandığından, həmin açıqlamanın məhz bu cür, yəni hədələyici tonda hazırlanması məqsədəmüvafiq hesab olunub.

Digər tərəfdən, hər hansı bir vətəndaş hansısa səbəbdən məhkum olunsa belə, rəsmi qurumların islah olunmuş bir şəxs haqqında "əvvəllər məhkum olunmuş” ifadəsini işlətməsi qüsurludur. Çünki bu şəxs faktiki olaraq cəzasını çəkib. Onun nə vaxtsa cinayət törətməsi o demək deyil ki, həmin şəxs ömürlük olaraq alnında "cinayətkar” damğası daşımalıdır. Hətta bəzi hallarda vətəndaşların günahsız yerə cəza çəkdiyi faktına da rast gəlindiyini nəzərə alsaq, kiminsə məhkumluq həyatı yaşaması onun sonrakı həyatında alınına qara ləkə kimi vurulmamalıdır. Xüsusən, bu, Bakı Şəhər İcra Hakimiyyəti kimi çox önəmli bir qurumun rəsmi bəyanatında əks olunursa, ikiqat qüsurludur və aşkar savadsızlıq, yaxud da qərəz nümunəsidir. Bir də ki, hansısa nömrəli arayış sahibi olan bir qeyri-sağlam şəxsdənsə, türmə həyatı yaşamış şəxs olmağın nəyi pisdir?!

BŞİH-in məlum bəyanatının davamında bildirilir: "...Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14 noyabr 2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü apararkən, həmin qanunsuz tikinti işlərini həyata keçirən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət adlı şəxs və onun havadarlıq etdiyi ona yaxın olan adamlar tərəfindən hücuma məruz qalıb. Həmin şəxslər əməkdaşlarımıza soyuq silah olan bıçaqla hücum edərək xəsarət yetirməyə cəhd ediblər. Həmin vaxtı qanunsuz tikinti işlərini həyata keçirən şəxslərdən biri öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün özünə xəsarət yetirməyə səy göstərib və bunun da qarşısı tez bir zamanda alınıb. Həmin şəxsin qeyd olunan qanunsuz əməli Bakı Şəhər icra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə müvafiq qaydada aktlaşdırılıb. Bütün bunlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 fərdi yaşayış evi və 5 yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib”.

Öncə onu qeyd edək ki, həmin qanunsuz söküntülər zamanı çəkilmiş onlarla video-görüntü saytımızda dəfələrlə dərc olunub. Bu videolarda açıq şəkildə görünür ki, söküntü onlarla polisin nəzarəti altında aparılıb. Əgər bu zaman zərəçəkənlər tərəfindən hər hansı müqavimət, yaxud Meriyanın bəyanatında deyildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları təhqir edilsə və onlara bədən xəsarəti yetirməyə cəhd göstərilsəydi, polis dərhal müdaxilə edərdi. Halbuki, həmin video-görüntülərdən də məlum olur ki, vətəndaşlar evlərinin söküntüsünü çarəsiz şəkildə izləyirlər. Yalnız onlardan biri – Hüseynov Elşən Ağa oğlu illərlə çəkdiyi zəhmətinin bir anın içində darmadağın edilməsinə dözməyərək, canına qiymaq istəyir. Bu zaman da ətrafdakı insanlar onun bu cəhdinin qarşısını alır. Bu fakt da həmin video-roliklərdə əks olunur.

O ki qaldı Bakı Şəhər İcra Hakimiyyətinin "qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 fərdi yaşayış evi və 5 yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib”açıqlamasına, bu faktın özü də həqiqəti əks etdirmir. Çünki söküntü işlərindən dərhal sonra həmin ərazidə yeni evlərin bünövrəsi qoyulub ki(FOTOLAR), bu da guya ərazidə yaşıllaşma işlərinin aparıldığı haqda iddiaları alt-üst edir. Hansı ki, Bakı Şəhər İcra Hakimiyyətinin bəyanatında "kütləvi informasiya vasitələrində, eləcə də müxtəlif xəbər saytlarında dərc olunan məqalələrlə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir daha əraziyə baxış keçirilərək həmin ərazidə mövcud olan ağac və kolların siyahıya alınması təmin edilib, həmçinin ərazinin qorunması və qulluq göstərilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Yaşıllaşdırma Birliyinə müvafiq tapşırıqlar verilib. Hazırda həmin ərazidə heç bir ağackəsmə və tikinti işlərinin aparılması faktı aşkar edilməyib, yaşıllıq zolağında boş qalan ərazilərdə isə müxtəlif növ ağacların əkilməsi işlərinə başlanılıb” – deyə, vurğulanır.

Bütün bunlar isə, sonda bir daha o fikrin üzərində dayanmağa əsas verir ki, 10 ailənin evinin sökülməsi haqda göstəriş məhz BŞİH rəhbəri Hacıbala Abutalıbovun maraqlarına uyğun olaraq həyata keçirilib. Çox güman ki, həmin ərazidə yaxın vaxtlarda milyonluq villaların tikilməsinin şahidi olacağıq.


Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

 

 



Oxşar Xəbərlər

Xəbər lenti