Hərbi xidmətdə ağır xəstəliyə yoluxdu, kompensasiya tələb etdi, amma... - ŞİKAYƏT


Ağstafa rayonu sakini Əhmədov İsmayıl Cəmaləddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə rəsmi qurumlara müraciət edən şikayətçi yazır:

“Mən, Əhmədov İsmayıl Camaləddin oğlu, 18.03.2003-cü il tarixində Ağstafa rayonununda anadan olmuşam. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. 22.07.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsindən hərbi xidmətə yollanmışam. Hərbi xidmətimi Bakı səhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə çəkmişəm.

17.01.2023-cü il tarixində Müdafiə Nazirliyinin Baş klinik hospitalında pulmonologiya şöbəsində pnevmoniyadan yatmışam. 02.02.2022-ci il tarixində isə həmin hospitaldan çıxışım olub. Ondan sonra 02.03.2023-cü ildə yenidən burun əməliyyatı üçün hospitala gəlmişəm. Əməliyyat olmamışdan öncə qan və sidik analizi vermişəm və qanımda “Hepatit C" virusu aşkar olunub.

Əməliyyatdan sonra - 15.03 .2023-cü ildə öz hərbi hissəmə qayıtdım və sənədlərimi toplayıb, Hərbi Həkim Komissiyasına təqdim edilməsi üçün təkrar hospitala qayıtdım.

Komissiyada yoxlanışdan keçdikdən sonra qanımda çıxan “Hepatit C” virusuna görə, 04.08.2023-cü ildə "58 B" maddəsinə əsasən, "sülh dövrünə yararsız, müharibə dövrünə məhdud yararlı" sayılaraq ordu sıralarından tərxis oldum.

Tərxis olunduqdan sonra Hospitaldan hərbi xidmət dövründə aldığım xəstəliyə görə, kompensasiya tələb etdim. Lakin dedilər ki, sənə kompensasiya düşmür. Dediklərinə görə, məndə travma faktı qeydə alınmayıb, sadəcə xəstəlikdir. Ona görə də xəstəliyə pul vermədiklərini dedilər. 

Mən onlardan artıq pul tələb etmirəm, sadəcə sağlamlığıma qovuşmaq üçün müalicəmin pulunu tələb edirəm. Mən bu virusu hərbi xidmət vaxtı tutmuşam. Atam Qarabağ veteranıdır. Qardaşım da 9 ayın əsgəridir. Atam 80 manat təqaüd alır və mənim müalicəmi etdirə bilmir.

Xahiş edirəm bu məsləni ictimailəşdirin, bəlkə mənim məsləmə köməklik olar".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti