Ağcabədidə şok olay: İcra nümayəndəsi həmkəndlisinin toyuqlarını zəhərlədi

 


 

Müəllimlər isə artıq iki aydır əmək haqqlarını ala bilmirlər

Ağcabədi rayon, Taynaq kəndində inanılmaz olay yaşanıb. Belə ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Taynaq kənd inziabti ərazisi üzrə nümayəndəsi Hacıyev Səfa Sovet oğlu həmkəndlisi Hacıyev Qulu Bəbiş oğluna məxsus 38 baş toyuğu və 3 baş hind quşunu zəhərləyərək öldürmüşdür. Bununla bağlı Hacıyev Qulu Bəbiş oğlu 04 dekabr 2015-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə rəsmi şikayət ərizəsiilə müraciət edib. Taynaq kənd inzibati ərazisi üzrə nümayəndəsi Səfa Hacıyev Polis Şöbəsində verdiyi izahatda əməlini Hacıyev Qulu Bəbiş oğlunun həyat yanı sahəsinin yanında olan bələdiyyə torpağını 2001-ci ildən icarəyə götürdüyünü, həmin sahədə apardığı əkin işlərinə Q.Hacıyevin toyuq-cücəsinin zərər vurması ilə izah edib. Çox maraqlıdır ki, Səfa Haciyevin 2001-ci ildən onun tərəfindən icarəyə götürüldüyü iddai olunan torpaq sahəsi Taynaq kəndinin İnkişaf planı üçün nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinin Səfa Hacıyev tərəfindən icarəyə götürülməsi ilə bağlı Bələdiyyədəhər hansı sənədləşdirmə olmayıb. Bu torpaq sahəsinin Səfa Hacıyevin icarəsində olduğunu təsdiq edən icarə müqaviləsi olmadığı halda istifadə etməsi torpaq sahəsindən qanunsuz istifadə edilməsini ortaya çıxarır. Bu isə vəzifəli şəxsin, yəni Ağcabədi rayonİcraHakimiyyətininBaşçısı Şahin Məmmədovun Taynaq kəndi üzrə nümayəndəsi Səfa Hacıyevin bələdiyyə torpağını faktiki olaraq qanunsuz istifadə etməsini ortaya çıxarır. Qeyd edək torpaq sahələrinin qanunsuz zəbt olunması hal-hazırda dövlət orqanlarını ən çox narahat edən məsələlərdən biridir. Hətta Prezident İlham Əliyevin sərəncamı ilə bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilərək, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib. Əgər Ağcabədi rayonunda dövlət başçısının sərəncamı ilə təsdiq olunan qanunlar vəzifəli şəxslər tərəfindən pozulursa, bu ilk növbədə Şahin Məmmədovun vəzifəsinin öhdəsindən gəlmədiyini və yaxud tabeçiliyində olan şəxslərin qanunsuz əməllərlə məşğul olmasına şərait yaratması anlamına gəlir.

Ağcabədi rayonunda məmurların qanunsuz əməlləri isə artıq bir nəfəri, bir ailəni deyil, yüzlərlə insanın hüquqlarını, ilk növbədə isə əmək hüquqlarını pozur. Redaksiyamıza daxil olan məlumata görə, Ağcabədi rayonun bir çox məktəblərində, əsasən də kənd məktəblərində müəllimlər 2015-ci ilin noyabr və dekabr ayı üçün əmək haqqlarını ala bilməyiblər. Baxmayaraq ki, təqvim artıq 2016-ci ilin başladığını göstərir. İşçilərin əmək haqqlarını vaxtında ala bilməməsi qanun pozuntusu olduğu kimi, ilin sonuna kimi büdcə təşkilatlarında çalışanların maaşlarının ödənməməsi də ciddi qanun pozuntusudur. Ağcabədi rayonundan daxil olan məlumata görə, müəllimlərin əmək haqqlarının rayondakı abadlıq işlərinə sərf olunması ilə bağlı şaiyələr var.

Bəs abadlıq işlərinə ayrılan pullar hara gedib?

Əgər bu şaiyələr həqiqətdirsə, o zaman sual yaranır ki, abadlıq və təmir işləri üçün büdcədən ayrılan pullar hara xərclənib. Bu məqsədlə ayrılan pullar isə az deyil. Məsələn, Ağcabədi şəhərində yolların təmiri məqəsdilə ötən il 714968 manat ayrılıb. Büdcədən ayrılan həmin vəsait Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin hesabına keçdikdən sonra taleyi necə olub, bunu bilmirik. Ağcabədi şəhərində bu pulların hesabına hansı yollar təmir olunub, bunu ağcabədililər də bilmir.Ötən ildə adı biznes aləmində heç kimə məlum olmayan "Tac-2014” MMC-nin hesabına keçirilmiş təxminən 850 min manatın Ağcabədidə hansı təmir işlərinə sərf edildiyini də heç kim bilmir. Onu da nəzərə almaq lazımdır ki, "Tac-2014” MMC-nin hesabına keçən 850 min manatın 163618 manatı məhz Ağcabədidə bəzi məktəblərin əsaslı təmir işlərinə sərf edilməli idi. Necə ki, həmin 850 min manatın böyük bir hissəsi, 481625 manatı da Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilməli olan abadlıq işlərinə sərf olunmalı idi. Çox maraqlıdır ki, dövlət büdcəsindən abadlıq işləri üçün külli miqdarda vəsait ayrılsa da, indi müəllimlərin əmək haqqlarını vaxtında ala bilməməsinin səbəbi kimi əmək haqqına ayrılmış pulların abadlıq işlərinə sərf olunması ilə bağlı şaiyələr yayılıb. Abadlıq işlərinə ayrılmış pulların mənimsənilməsi ilə bağlı şaiyələri gücləndirən məqamlardan biri də "Tac-2014” MMC-nin "obnaliçka” məqsədi ilə istifadə olunması haqqında məlumatlardır. Bu MMC-nin "obnaliçka” əməliyyatlarında istifadə olunması ilə bağlı fikirlər artıq iki ildir ki, səslənir. Çox böyük büdcə pullarına sahib çıxan "Tac-2014” MMC-nin rəhbəri Qamət Əsgərovun iş adamı kimi də tanınması da bu MMC-nin iddia edildiyi kimi "obnalişka” məqsədi ilə istifadə olunması haqqında iddiaları gücləndirir.

Müəllimlərin əmək haqqlarını ala bilməmələri həm də Prezident İlham Əliyevin dövlətin vətəndaşlar qarşısında bütün öhdəliklərinə vaxtında əməl etməsi haqqında bir neçə gün əvvəl verdiyi bəyanata tamamilə ziddir. Qeyd edək Preziden İlham Əliyev neftin kəskin ucuzlaşmasına baxmayaraq dövlətin vətəndaşlar qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini, bütün sosial proqramların həyata keçirilməsi ilə bağlı fikirləri dövlət başçısının xalqa yeni il müraciətində öz əksini tapmışdı. İndi təsəvvür edirsinizmi prezidentin bu müarciətini dinləyən, ancaq əmək haqqlarını ala bilməyən müəllimlərin nə düşündüyünü? Ağcabədidə əmək haqqlarını ala bilməyən müəllimlərin prezident İlham Əliyevin çıxşını dinləyərkən nə düşündüklərini deyə bilməsək də, Təhsil naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov bu məsələyə hökmən aydınlıq gətirməlidir. Mövzunu diqqətdə saxlamağa və Ağcabədi rayonunda abadlıq işlərinin görülməsi üçün sərf edilmiş büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirilməsinə çalışacağıq.

Vəfa Qafarova



Oxşar Xəbərlər

Xəbər lenti