Həbs olunmuş sabiq direktor yenidən vəzifəyə qayıdır?


 

Həbs olunmuş sabiq direktor yenidən vəzifəyə qayıdır?

 

Məhəmməd Məmmədov məhkumluğunun götürülməsinə çalışır

 

Son illərin ən səsli-küylü məhkəmə proseslərindən olan "Rabitə işi” üzrə çox sayda məhkum edilmiş şəxslərdən biri, "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib. Çox güman ki, məhkəmə iddianı təmin edəcək. Çünki, Məhəmməd Məmmədov məhkəmənin müsbət qərar çıxaracağına əmin olmasaydı, belə bir iddia qaldırmazdı. Sabiq baş direktorun iddiasının təmin olunacağına əminlik yaradan məqamlardan biri də Məhəmməd Məmmədovun tələbi üzərinə bacısı oğlunun həbs edilməsi olayıdır. Qeyd edək ki sabiq baş direktorun Qulu adlı bacısı oğlu Məhəmməd Məmmədov vəzifədə olanda onun köməkçisi işləyib. Elə həmin dövrdə Məhəmməd Məmmədov Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzili də bacısı oğlunun adına alıb. 2017-ci ildə, azadlıqdan məhrumetmə cəzasının şərti cəza ilə əvəzlənməsinə nail olduqdan sonra, sabiq direktor bacısı oğlundan mülklərini geri almaq istəyib. Fürsətcil bacıoğlu isə, dayısının tələbinə məhəl qoymaq istəməyib. Bundan sonra Məhəmməd Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib. Sabiq baş direktorun müraciətinə çevik reaksiya verən hüquq-mühafizə orqanları Qulunu həbs ediblər. Üç gün həbsdə qalan inadcıl bacıoğlu ram olub və dayısının mülklərini qaytarmaqla azadlığa çıxa bilib. Bu prosesin özü göstərir ki, Məhəmməd Məmmədov vəzifəsini və müvəqqəti olaraq azadlığını itirsə də, hakimiyyət orqanları ilə münasibətini qoruyub saxlaya bilib. Buna görə də indi onun şərti məhkumluğun götürülməsi ilə bağlı iddiasının təmin ediləcəyi ehtimalı çox böyükdür.

 "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, məhkumluğun götürülməsi xahişi ilə məhkəməyə müraciət etməkdə Məhəmməd Məmmədovun məqsədi Yeni Azərbaycan Partiyasının üzvlüyünə bərpa olunmaq və ölkədən çıxışa icazə almaqdır. Hazırda üzərində şərti məhkumluq olduğu üçün Məhəmməd Məmmədov ölkədən çıxa bilmir. Sabiq məmurlar ölkəni bir qayda olaraq iki səbəbdən  tərk edirlər. Bu səbəblərdən birincisi xaricdə müalicə olunmaqdırsa, ikincisi ölkədən kənara çıxara bildikləri biznesi idarə etmək niyyətidir. Redaksiyamıza daxil olan məlumata görə, Məhəmməd Məmmədov ölkəni tərk etsə də bu, qısa müddətli olacaq. Bu məlumat belə qənaət yaradır ki, Məhəmməd Məmmədov çox güman ki, müalicə olunmaq üçün ölkəni tərk edəcək. Açıqlamaya görə, sabiq baş direktorun bir neçə həftəlik ölkəni tərk edəcəyi gözlənilsə də, onun çox qısa zaman sonra ölkəyə dönəcəyi də ehtimal olunur. Ölkəyə döndükdən sonra Məhəmməd Məmmədov YAP-a üzvlüyünü bərpa etmək üçün hakim partiyaya müraciət edəcək. Hakim partiyaya üzvlüyün bərpası isə, ona yenidən vəzifə qazanmasının yolunu açacaq. Qeyd edək ki, 2015-ci ilin noyabrında Məhəmməd Məmmədovun YAP-dan öz ərizəsi ilə çıxması haqqında xəbər yayılmışdı. Həmin xəbərdə deyilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində barəsində həbs qəti imkan tədbiri seçilən nazirliyin "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlanması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Bundan sonra Məhəmməd Məmmədov YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsindən azad edilmiş və partiya üzvlüyündən xaric olunmuşdu. İndi isə Məhəmməd Məmmədovun yenidən YAP-a üzvlüyünün bərpasına çalışacağı gözlənilir.

Dediyimiz kimi, məhkumluğun götürülməsi, YAP-a üzvlüyün bərpası onun yenidən vəzifə qazanmaq şanslarını təmin edəcək. Çox böyük ehtimalla, sabiq baş direktor icra strukturunda yer alacaq. Hətta onun Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindəki departamentlərdən birinin rəhbərliyinə gətirilə biləcəyi iddia olunur. Bütün bu iddiaların həqiqətə nə qədər yaxın olacağını yaxın zamanlarda görəcəyik. Hər halda, məşhur "Rabitə işi” adlı cinayət prosesinin sonunda baş mühasibinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500 000 manat, 2014-2015-ci illərdə isə aylıq 200 000 manat pul verməsini etiraf etməklə nəhəng korrupsiya faktının üstünü açan Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə mühakimə olunmasına baxmayaraq, gözlənilənlərin əksinə, ağır cəza almamışdı. 2017-ci ildə isə məhkəmə onun azadlıqdan məhrum etmə cəzasını şərti cəza ilə əvəzləmiş, məhkəmə zalından azadlığa buraxmışdı. İndi isə Məhəmməd Məmmədov şərti cəzanın da üzərindən götürülməsi iddiası ilə məhkəməyə müraciət edib. Bu günə kimi olanlar onun bu iddiasının da təmin olunacağı qənaətini yaradır. Belə görünür ki, Məhəmməd Məmmədovun vəzifə kürsüsünə sahiblənəcəyi gün də uzaqda deyil. Bütün bunlar isə, cəmiyyətdə hakimiyyətə qarşı etimadsızlıq toxumu səpdiyinə görə, ilk növbədə müxalifətin işinə yarayır. Çünki, nəhəng korrupsiya olayında iştirakını etiraf edən bir məmurun kiçik cəza ilə cəzalandırılması, qısa məhkumluqdan sonra şərti cəza ilə azadlığa çıxması və ən nəhayətində həmin şərti cəzanın da üzərindən götülməsi niyyətinə düşməsi ölkədə hüquqi nihilizmin hökm sürməsi haqqında müxalifətin əlinə çox tutarlı arqument verir. Belə faktların ortada olduğu bir zamanda müxalifəti şər-böhtançılqda ittiham etmək də ciddi qarşılanmır. Nəhəng korrupsiyada ittiham olunan birinin istənilən arzusunun belə sürətlə gerçəkləşməsinin siyasi nəticələr doğura biləcəyinin isə, deyəsən hakimiyyətdə fərqində deyillər.

Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlamağa çalışacağıq.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti