İki neft nəhənginin sövdələşməsi qiymətə necə təsir edəcək...

 

Səudiyyə Ərəbistanı və Rusiya neftlə bağlı əməkdaşlıq sazişi imzalayıblar, amma hasilat limiti barədə bir söz deməyiblər. Cəmi üç həftədən sonra Əlcəzairdə neft hasilatçılarının sammitində bu məsələ müzakirə olunacaq.

«The Wall Street Journal» yazır ki, bazar ertəsi Çində G20 sammiti çərçivəsində əldə olunmuş bu razılaşma, əslində, iki ən böyük neft hasilatçısının necə böyük təzyiq altında qalmasının göstəricisidir. Neftin qiyməti düşür, ölkələr daxilindən və xaricdən bazarın möhkəmləndirilməsindən ötrü çağırışlar səslənir. Rusiya prezidenti Vladimir Putin ötən həftə deyib ki, böyük ixracatçıların hasilatıdondurması yaxşı ideyadır.

 «Ortaya qəti öhdəliklər qoyulmadığından neft treyderləri və rəsmiləri bazar ertəsi paktının əhəmiyyətinə skeptik yanaşırlar. Axı Səudiyyə və Rusiya bu ilin əvvəlində də oxşar razılaşma əldə etdi, amma apreldə Qətərdə hər şey alt-üst oldu, səudiyyəlilər qəflətən israr etdilər ki, İran da sövdələşməyə qoşulsun», - məqalədə vurğulanır.

Əlcəzair görüşü sentyabrın 26-da başlanacaq. Səudiyyə OPEC-də ən böyük, Rusiya isə bu təşkilatdan kənarda ən böyük neft hasilatçısıdır.

Bazar ertəsi dünya bazarlarında neft qəfil bahalanmağa başlayıb, barreli 5 faiz yüksələrək 49.40 dollara çatıb. Amma Səudiyyənin energetika naziri Xalid əl-Falih  və onun rusiyalı həmkarı Aleksandr Novak açıqlama verən kimi qiymət yenidən düşüb. Çünki hər ikisi hasilatın dondurulması barədə bir-birinə zidd siqnallar veriblər.

Novak deyib ki, razılaşma əldə olunarsa, hasilat altı aylığa, özü də iyul, avqust və sentyabrdakı səviyyədə dondurula bilər. O, İrana güşt olunmalı olduğunu vurğulayıb. OPEC üzvü olan İran Qərbin sanksiyaları qaldırılandan sonra hasilatı artırır.

İRAN «KONSTRUKTİV ROL» OYNASIN

Əl-Falih isə bildirib ki, koordinasiyayla bağlı birgə anlaşma əldə etmək məqsədilə OPEC üzvləri ilə işləyəcək: «Məsuliyyəti təkbaşına götürə bilmərik; liderlik rolunu oynayacaq və digərlərinin qoşulmasına çalışacağıq. Əlcəzair görüşünün kvorum yaradacağı barədə nikbin düşünürük». Nazir onu da söyləyib ki, İran «dondurulma danışıqları»nda konstruktiv rol oynamalıdır. Nazirin sözlərincə, hazırda hasilatın dondurulması elə də vacib deyil.

İran rəsmisi isə elə bazar ertəsi bildirib ki, Səudiyyə-Rusiya razılaşmasından asılı olmayaraq, ölkə hasilat hədəflərinə çatmağıplanlaşdırır.

Səudiyyə və Rusiyada hasilat böyük ixracatçılararasında həssas məsələ sayılır. Hər iki ölkə rekord həcmdə neft çıxarır. Amma Nigeriya, Venesuela kimi OPEC ölkələri hasilatın azaldılmasına çağırırlar, belə ki, iqtisadi çətinliklər artıq iğtişaşlar yaratmaqdadır.

Son razılaşmaya isə OPEC-in öz üzvləri içində şübhəylə baxanlar var. «Səudiyyə Ərəbistanı hasilatı dondurmayacaqsa, onda bunu kim edəcək? Onda Əlcəzair görüşünün mənası nədir?»,- OPEC-də bir təmsilçi qəzetə deyib.

KÖHNƏ ŞÜŞƏDƏ YENİ ŞƏRAB

«İlk baxışda, bu razılaşma köhnə şüşədə yeni şəraba bənzəyir», - «DZ Bank AG»nin təhlilçisi Axel Herlinghaus «Bloomberg» agentliyinə deyib. «Əvvəllər də belə ambisiyalar səslənib, amma sonradan qətiyyətli addımlar atılmayıb».

Amma agentlik iki neft nəhənginin birgə mətbuat konfransını «nadir hadisə» adlandırır. Nazirlər deyiblər ki, «bu, əməkdaşlığın neftin dirçəlməsindən ötrü vacibliyinə inamın artdığını göstərir».

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərin neft nazirləri də birgə bəyanatı alqışlayıblar.

«Neftin qiymətinin 50 dollardan aşağı olması qəbuledilməzdir. Ölkələrə sərmayə qoymağa, sənayeni inkişaf etdirməyə gəlir lazımdır», -Əlcəzairin energetika naziri Noureddine Bouterfa vurğulayıb. ("Azadlıq” radiosunun xülasəsi)



Oxşar Xəbərlər

Xəbər lenti