Mərkəzi Bank nəyə nail olmaq istəyir: 10 mindən artığına stop, 20 mindən çoxuna limit


Çirkli pullar və korrupsiya ilə mübarizə, yoxsa vətəndaşlar üçün yeni əngəl metodu?

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib. Yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq. Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz.

Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub.

Yeniliyi şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, hökumət yeni qaydaları çirkli pullar,  korrupsiya ilə mübarizə üçün etdiyini iddia edir: “Əslində isə məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək. Adi vətəndaşlar üçün problemlər yarana bilər. Məsələn, kimsə özünə 21 min dollar və daha baha maşın almaq, dəyərini ödəmək üçün nə etsin?! Və ya kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən - axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?!”.

“Bütün bu mənasız məhdudiyyətlər ləğv edilməlidir. Yeganə meyar illik gəlir deklorasiyası olmalıdır, leqal pulun varsa, nə qədər istəsən, hara istəsən, köçürə bilərsən. Gəlir qaydalarını təsdiq etmədən bu cür addımlar mənasızdır. Məmurlar, nazirlər, rəislər, icra başçıları, minlərlə dövlət-hökumət işçiləri öz gəlirlərinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər?! Ona görə də gəlir deklorasiyası haqqında qaydaları 25 ildir ki, təsdiq etmirlər, əvəzinə əcaib məhdudiyyətlər tətbiq edirlər, bu qadağalar isə, tam tərsi, qeyri-leqal, “qara pul” köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir - bundan başqa vətəndaşın Konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncamvermə hüququnu pozur”, - deyə Cəfərli bildirib.

İqtisadçı ekspert Eldəniz Əmirov isə fərqli düşünür. O, AYNA-ya şərhində deyib ki, plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması rezonans doğurmamalıdır: “Yeni qaydalar 30-100 min dollar arasında vəsait çıxarmaq istəyənlərə əngəl yaratmır. Nəzərə alsaq ki, bu məbləği 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq və pulu kartdan çıxarmaq mümkündür, bu formada problemi aradan qaldırmaq olar. Lakin milyonlarla ölçülən vəsaiti çıxarmaq asan deyil. Bunun üçün xeyli sayda adam lazımdır. Bu isə dövlət vəsaitlərini qəsb edənlərə qarşı mübarizədə effektiv silah ola bilər. Çünki belə olduqda çox adam bu prosesdə iştirak edəcək. Yeni qərar əhalini hədəfə almır. Burada əsas məqsəd ölkədən külli miqdarda pul çıxaranlara qarşı səmərəli mübarizəni təşkil etməkdir”.

Əmirov hesab edir ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlərin ləğv edilərək aylıq limitlə əvəzlənməsi də müsbət addımdır: “Bundan sonra yalnız ayda 20 min dollar birəfəlik köçürmə həyata keçirmək mümkün olacaq. Buna qədər insanlar ödənişləri gündəlik ödəməkdə çətinlik çəkirdilər. Bəzən elə olurdu ki, günlərlə gözləmək məcburiyyətində qalırdılar. Bundan sonra isə ayda və birdəfəlik yüksək məbləğdə köçürmə edə biləcəklər. Xaricdə daşınar və daşınmaz əmlak almaqla bağlı problem digər qaydalarla tənzimlənir və yeni qaydaların buna heç bir aidiyyəti yoxdur”.

Öz növbəsində iqtisadçı ekspert Elnur Əsədov AMB-nin son qərarında müsbət və mənfi məqamların olduğu qənaətindədir: “İlk növbədə onu deyim ki, son dəyişikliyin xaricdə əmlak - istər daşınar olsun, istər daşınmaz - almaq istəyənlərlə heç bir əlaqəsi yoxdur. Çünki xaricdə əmlak alqı-satqısı digər qaydalarla tənzimlənir. Burada söhbət konkret olaraq vəsaitlərin nağdlaşdırılmasından gedir. Buna qədər gündəlik pul köçürmə limitləri nəzərdə tutulurdursa, bundan sonra aylıq və birdəfəlik ödənişlər köçürmək mümkün olacaq. Bu, əlavə enerji və zaman yüklənməsinin, pul göndərənlərin günlərlə əziyyət çəkməsinin qarşısını alsa da, birdəfəlik böyük məbləğdə vəsaitin ödənilməsi zərurətini ortaya çıxaracaq. Bu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün problem yaradacaq. Çünki vəsaiti hissə-hissə köçürmək daha məqbul hesab edilir, nəinki, birbaşa ödəmək”.

Müsahibimiz aylıq 10 min dollarlıq limit qoyulması qərarını da anlaşılan sayır: “Bəzən çirkli və qaranlıq fəaliyyətlə məşğul olan şəxslər, eləcə də dövlət vəsaitlərini mənimsəyən məmurlar əldə etdikləri gəlirləri xaricə çıxarmağa çalışırlar. Onlara görə, bu addım özünü sığortalamaqdır. Bundan sonra kifayət qədər maneələrlə qarşılaşacaqlar. Düşünürəm ki, bu yenilik sadə əhalinin maddi durumuna ciddi təsir etməyəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti