8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda milli valyutanın ABŞ dollarına qarşı məzənnəsi son 6 ildə dəyişməz olaraq qalmaqdadır. Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənən məzənnənin ölkənin əsas ixrac məhsulu olan neftin dünya bazar qiymətinə bağlı olduğu artıq hamı tərəfindən qəbul olunan reallıqdır. Buna görə də bir çox hallarda hökumətin, yerli və xarici təşkilatların manatın məzənnəsinə dair proqnozları etibarlı hesab olunmur...
Qeyd edək ki, bugünlərdə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb. Şirkət 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət ekspertləri 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini gözləyirlər. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq. Bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdıqlarını açıqlayıblar.
S&P-də hesab edirlər ki, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər: “Bu, Azərbaycan Mərkəzi Bankının 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək”.
Maraqlıdır ki, hər üç analitik mərkəzin proqnozu Azərbaycan hökumətinin proqnozu ilə üst-üstə düşür. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 manat səviyyəsində götürülüb. 2024-cü il üzrə dövlət büdcəsi zərfində yer alan məlumatda qeyd olunur ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, manatın məzənnəsinə dair proqnozların üst-üstə düşməsi onun inzibati yollarla tənzimlənməsindən irəli gəlir: “Belə proqnozlar öncələr də çox səsləndirilib. Reallıq budur ki, Azərbaycan manatının məzənnəsi neftin dünya bazar qiymətinə bağlıdır. Məzənnənin sabit qalması üçün dünya neft bazarının sabitləşməsi lazımdır. Neft qiymətləri bu və ya digər səbəbdən kəskin aşağı enərsə, istər-istəməz manatın məzənnəsinin də zəifləməsinə gətirib çıxaracaq”.
Ekspertə görə, verilən proqnozlar yalnız dünya neft bazarında Azərbaycan üçün əlverişli həddə olan qiymət sabitliyinin davam etməsi şərtilə özünü doğrulda bilər.
Dünya neft bazarında qiymətlərə təsir edən əsas amillər qlobal tələb və təklifdir. Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən bu ilin oktyabrında qlobal gündəlik neft təklifi 320 min barel artaraq 102 milyon barelə çatıb. Artımın əsas hissəsi ABŞ və Braziliyada qeydə alınıb: “ABŞ və Braziliyada hasilatın artımı proqnozları üstələyib ki, bu da 2023-cü ildə qlobal neft tədarükünün sutkada 1,7 milyon barel artaraq rekord həddə - 101,8 milyon barelə çatmasına səbəb olub. Bu, əvvəlki illə müqayisədə 140 min barel çoxdur”.
Agentliyə görə, hər hansı gözlənilməz fasilələrin qarşısını almaqla, OPEC-ə daxil olmayan hasilatçılar 2024-cü ildə qlobal artıma yenidən gündə 1,6 milyon barel töhfə verməklə dünya bazarına tədarükü misli görünməmiş 103,4 milyon barelə çatdıracaqlar. Agentliyin ehtimalına görə, 2024-cü ildə neftə olan gündəlik qlobal tələbat 102,9 milyon barel (öncəki proqnoz - 102,7 milyon barel) civarında olacaq.
Citigroup Inc. analitikləri də neft bazarına pessimist baxırlar və qarşıdan gələn qışda dünyada yanacağın profisitini gözləyirlər. Onların proqnozlarına görə, 2024-cü ilin ikinci rübündə Brent markalı neftin orta qiyməti 73 dollar/barel olacaq, ilin sonunda isə bir barel üçün 68 dollara enəcək.
Citi analitikləri hesab edir ki, 2024-cü ildə qlobal neft təklifi tələbi orta hesabla 1,4 milyon barel üstələyəcək və bu, əsasən qeyri-OPEC ölkələrində hasilatın artması hesabına baş verəcək. Bu ölkələrə Argentina, Braziliya, Kanada, Qayana və ABŞ daxildir.
Bundan əvvəl “Goldman Sachs” analitikləri 2024-cü ildə Brent neftinin 80-100 dollar/barel diapazonunda ticarət olunacağı, 2024-cü ildə dünya bazarında kəsirin sutkada təxminən 700 min barel olacağını proqnozlaşdırmışdılar.
Azərbaycan üçün neftin hətta 65 dollarlıq qiyməti də əlverişli hesab olunur. Çünki ölkənin 2024-cü il və növbəti 3 illik makroiqtisadi proqnozlaşması neftin 60 dollarlıq qiyməti üzərindən həyata keçirilib. Bu baxımdan, gözlənilən yeganə təhdid hasilatın azalmasıdır. Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 490 min barel səviyyəsində olub. BEA-nın qiymətləndirməsinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatı 490 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir. Beləliklə, Azərbaycan oktyabr ayında “OPEC+” çərçivəsində kvotasından 194 min barel geridə qalıb.
Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 193 min barel geridə qalıb.
Nazirlik bildirir ki, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan, 7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.
2023-cü ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.
Açıqlanan göstəricilərdən aydın olur ki, əvvəla, qaz hasilatı və ixracının artım tempi neft hasilatının azalmasından itirilən gəlirləri kompensasiya etməyə imkan vermir. İkincisi, ölkənin əsas neft hasilatı mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat gözləniləndən daha böyük sürətlə azalır. 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Bu cari ilin eyni dövründə isə neft hasilatının 7 faizdən çox azalması deməkdir. Ötən il respublika üzrə neft hasilatının 17,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib. Bu isə hasilatdakı azalmanın bütünlüklə AÇG-də qeydə alındığını göstərir: illik ifadədə azalma 12,3 faizdir.
Ötən ilin 10 ayında 21,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,7 milyon tona yaxını konsorsiumun, 1,2 milyon tonu isə SOCAR-ın payına düşüb.
AÇG-də hasilat və ixracın azalması Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin də aşağı düşməsinə səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabrında Dövlət Neft Fonduna AÇG yatağı üzrə 5 milyard 865,8 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə (qaz və kondensat) 1 milyard 183 milyon ABŞ dolları olmaqla cəmi 7 milyard 48,8 milyon ABŞ dolları gəlir daxil olub. Ötən ilin eyni dövründə bu göstəricilər AÇG yatağından 8 milyard 326 milyon ABŞ dolları, Şahdəniz yatağından 1 milyard 209 milyon ABŞ dolları olmaqla cəmi 9 milyard 535 milyon ABŞ dolları təşkil etmişdi. Göründüyü kimi, AÇG üzrə gəlirlər 2 milyard 460,2 milyon dollar, “Şahdəniz” üzrə gəlirlər isə 26 milyon dollar azalıb.
Neft Fondu ilə yanaşı neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalarda da azalma var. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 artaraq 14 milyard 593,5 milyon manat olub. Bunun 8 milyard 387,4 milyon manatı qeyri-neft-qaz sektorundan, 6 milyard 206,1 milyon manatı isə neft-qaz sektorundan daxil olub. Ötən ilin eyni dövründə Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat, neft-qaz sektorundan daxilolmalar isə 6 milyard 960,4 milyon manat təşkil etmişdi. Bu isə neft-qaz sektorundan vergi daxilolmalarının 754,3 milyon manat azalması deməkdir.
Bu azalmalara rəğmən ölkənin xarici ticarətində 9 ayda 13,9 milyard dollar profisitin olması valyutaya olan ehtiyacların qarşılanmasında problem yaratmır. Mərkəzi Bankın məlumatına əsasən, daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21.6 faiz möhkəmlənib. Tənzimləyici bildirir ki, profisitli xarici ticarət balansı şəraitində ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizində təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olub.“Yeni Müsavat”