Keçmiş komitə sədrinin qardaşının istintaqa verdiyi ifadə: "Borcumu qaytarmağa imkanım olmayıb"

Keçmiş komitə sədrinin qardaşının istintaqa verdiyi ifadə: "Borcumu qaytarmağa imkanım olmayıb"

 

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun istintaqa verdiyi ifadəsi məlum olub.

Sozcu.info  report-a istinadən xəbər verir ki, o, istintaq dövründə bildirib ki, 2004-cü ildə qaynı Taleh Abdullayev "Sahil D Kompani” MMC-ni təsis edib.

S.İbrahimov qeyd edib ki, 2006-cı ildə "İSR Holdinq”lə şifahi razılaşma əldə olunub: "Razılaşmaya əsasən, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını "Sahil D Kompani” tikməliydi, "İSR Holdinq” isə bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Daha sonra Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etdi. Bundan sonra bütün mənzilləri Məzahir Cəfərov satdı. 1999-cu ildə 95 faiz payı mənə aid olan "STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə 14 ünvanında yaşayış binasının tikintisinə başladı".

Onun sözlərinə görə, 2006-2008-ci illərdə həmin ünvanda bina tikilərək vətəndaşlara satılıb: "Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət tədbiri ilə əlaqədar söküldü və oradan mənzil alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə Məzahir Cəfərov tərəfindən "Sahil D Kompani”nin tikdiyi binada mənzil verildi. "STS” və "Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə verməkdən imtina etdi və itirdiyini söylədi. Mən də Talehə müraciət edib MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə ikinci möhürlə onlara mənzil satıb. Məzahir Cəfərov hazırda rəhmətə gedib".

S.İbrahimov dindirilən zaman vurğulayıb ki, "Sahil D Kompani” şirkətinin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləyib: "Lakin mən Məzahir Cəfərova "STS” şirkəti adından "Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası ilə "STS”in möhürünü vuraraq "Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib".

Təqsirləndirilən şəxs söyləyib ki, həmin binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməyib, onlardan pul almayıb: "Vətəndaşlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib. Amma Zabit Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam. Onunla razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə, 100 min manat borcum qalıb, onunla bağlı da borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb".

Daha sonra S.İbrahimov ifadəsində Həsən Əliyev küçəsində "Galaxy Palace” MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bildiyini qeyd edib.

O deyib ki, MMC-dəki digər vəzifəli şəxslər, mühasiblər bundan məlumatsız olublar.

S.İbrahimov bildirib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödənilib: "Qalan pulu isə ödəmək imkanım olmayıb".

İttiham aktında qeyd edilib ki, S.İbrahimov zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödəyib. Onlardan biri - Etibar Allahverdiyevə olan 141 min manat borca görə Baş Prokurorluğun Beynəlxalq Bankdakı hesabına 126 min manat pul köçürüb. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı ödəniş etməyib.

Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti