8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı kimi tanınan Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilən Sahib İbrahimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham da irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir. Göründüyü kimi Sahib İbrahimov artıq Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir. Ancaq tezliklə ona qarşı Cinayət Məcəlləsinin daha bir neçə maddəsi ilə ittiham irəli sürülə bilər. Belə ki, Sahib İbrahimovun adı bir neçə il intihar hadisəsi ilə bağlı gündəmə gəlmişdi. Söhbət, 2015-ci ilin iyun ayının 20-də keçmiş komitə sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərov özünü asaraq intihar etməsindən gedirdi.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi "STS” və "Sahil D Company” MMC-nin direktoru olan Məzahir Cəfərovu vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham edirdi. Mərhum Məzahir Cəfərov barəsində Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla bağlı ittiham irəli sürülmüşdü. O zaman yayılan söz-söhbətlərdə guya Məzahir Cəfərov etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı vətəndaşların 4 milyon 458 min manatını mənimsəməkdə təqsirləndirilirdi. O zaman Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənilib. Ancaq vətəndaşlara dəyən zərərin böyük hissəsi ödənmədiyi və baş vermiş olaya hüquqi qiymət verilmək üçün açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Ancaq Məzahir Cəfərovun intihar etməsi vəziyyəti dəyişdi. Mərhum Məzahir Cəfərov hazırda həbs edilmiş Sahib İbrahimovun şirkətlərinin rəhbəri olub. Bunu Sahib İbrahimovun özünün də bu intihar hadisəsindən qabaq verdiyi müsahibələr də təsdiq edir. Məzahir Cəfərov isə yalnız icraçı direktor olub. İcraçı direktorun intihar etməsi üçün isə cox ciddi səbəblər olmalıdır. Onun intihara məcbur qalması o zaman istisna edilmirdi. Həmin dövrdə mətbuata müsahibə verən İlham Qasımov Məzahir Cəfərovu Sahib İbrahimovun "qurbanı” da adlandırmışdı.
"Yeni Sözçü” qəzetinin redaksiysaına daxil olan məlumata görə, Məzahir Cəfərovun intihar etməsi ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə yeni iş açılacaq. Daha doğrusu bir zamanlar Prokurorluq tərəfindən araşdırılmış bu iş yenidən istintaq olunacaq.
Məlumatlı mənbə bildirir ki, Məzahir Cəfərovun intiharı ilə bağlı cinayət işinin təkrar istintaq olunması Sahib İbrahimovun digər qardaşlarının da yolunu həbsxanadan sala bilər. Bununla bağlı araşdırma aparmağa çalışacağıq.
Hələlik isə qeyd edək ki, Sahib İbrahimovun böyük qardaşı Hacı İbrahim Nehrəmli mətbuata açıqlamasında qardaşı olmasına baxmayaraq, Sahib İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb və onun haqqında heç nə bilmədiyini və bilmək də istəmədiyini dilə gətirib. Ancaq şahidlər bildirir ki, 2014-2015-ci illərdə Sahib İbrahimov tez-tez Hacı İbrahim Nehrəmlinin yanına, "Avesta Konsern”in Məmməd Araz küçəsindəki ofisinə gəlirmiş. İndi isə Hacı İbrahim Sahib İbrahimovla qardaş olmasına baxmayaraq, hansısa əlaqəsinin olmadığını dilə gətirməkdən çəkinmir.
Məlumatlı mənbə bildirir ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovu maliyyə pozuntusuna yol verməkdə ittiham etmişdi. Hacı İbrahim Nehrəmlinin özü isə mətbuatda dəfələrlə Azərbaycan Beynəlxalq Bankından götürdüyü yüz milyonlarla manatı talamaqda, vergidən yayınmaqda və digər cinayət xarakterli əməllərdə ittiham olunub. Sahib İbrahimovun həbsi isə istintaqın artıq İbrahimov qardaşları haqqında həbs qəti imkan tədbiri seçməkdən çəkinmədiyini göstərir. Hətta Sahib İbrahimovun bu yolda ilk addım olduğu da istisna edilmir. Mövzunu gündəmdə saxlamağa çalışacağıq. Adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti