8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Anar Əliyevin Azərbaycandan çirkli pulların yuyulmasını təşkil edən, mayın 30-da Riqada qətlə yetirilən Latviyalı bankir Martıniş Bunkusla nə kimi əlaqəsi olub?
"Hürriyyət”in ötən saylarının birində "Rövnəq Abdullayevin "qara kassası” haqda sensasion iddia” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, "SOCAR Trading SA” şirkətinin rəhbəri (?) Anar Əliyevin neft pullarını talan etməsi haqda faktlar təqdim etmişdik. Yazının sonunda isə bildirmişdik ki, "Hürriyyət”ə Anar Əliyevin Azərbaycandan çirkli pulların yuyulmasını təşkil edən, mayın 30-da Riqada qətlə yetirilən Latviyalı bankir Martıniş Bunkusla yaxın əlaqəsi olduğu haqda informasiyalar daxil olub. Hansı ki, çirkli pulların yuyucusu M.Bunkusun qətlində azərbaycanlı "biznesmenlər”in ittiham olunduğu bir vaxtda A.Əliyevin mərhum bankirlə əlaqəsinin olması haqda deyilənlər kifayət qədər ciddi məsələdir. Üstəlik, bu, həm də ciddi araşdırma tələb edən məsələdir.
Ötən müddət ərzində apardığımız araşdırmanın nəticəsini oxucularımızla bölüşməzdən oncə xatırladaq ki, Azərbaycan, Rusiya və digər bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasını təşkil etdiyi üçün Avropa Mərkəzi Bankı tərəfindən 2016-cı ildə lisenziyası ləğv edilmiş Latviya bankı «Trasta komercbanka»-nın ləğvedicisi Martıniş Bunkus mayın 30-da Riqada qətlə yetirilib. Latviya KİV-ləri xəbər verir ki, həmin qətlin "bankda pulları batan azərbaycanlı biznesmenlər” tərəfindən sifariş verildiyi versiyası araşdırılır.
Martıniş Bunkusun qətli hazırda bank sektorunda çirkli pulların yuyulması qalmaqallarına görə ciddi böhran yaşanan Latviyada böhranı daha da dərinləşdirib. Xəbərlərə görə «Trasta komercbanka»-nın ləğvedici administratoru olmuş Bunkus səhər saat 08.45 radələrində Riqadakı "Lesnaya” qəbiristanlığının yaxınlığında güllələnib.
Bunkusu şəxsi "Range Rover" avtomobilində gedərkən vurublar
Latviya kriminal polisinin Baş idarəsinin rəisi Andrey Qrişin bildirib ki, bu qətl diqqətlə planlaşdırılıb. Qatillərin iki nəfər olduğu təxmin edilir. Onlardan biri "Volkswagen” markalı furqonun sükanı arxasında olub, digəri hədəf atəş açıb. Bunkus avtomat silahdan açılan atəşlə öldürülüb. Hadisədən sonra qəbiristanlığın digər səmtində həmin mikroavtobus yandırılmış vəziyyətdə tapılıb, avtomobilin salonunda avtomatdan atəş açmaq üçün əldəqayırma ştativ aşkarlanıb. Polis qatillərin peşəkarlar olduğunu və hədəfdən yayınmamaq üçün ştativdən istifadə etdiklərini bildirir. Mikroavtobusda saxta dövlət nömrə nişanı olub. Bu qətlin araşdırılması üçün kriminal polisin ən yaxşı əməliyyatçıları və müstəntiqləri səfərbər olunub. Habelə ABŞ Federal Təhqiqatlar Bürosu qətlin araşdırılması üçün ekspertlər göndərəcəyini açıqlayıb. Qətlin Bunkusun peşə fəaliyyəti ilə bağlı olduğu şübhə doğurmur.
Martinış Bunkusun Latviyada Azərbaycan, Ukrayna və Rusiyadan çirkli pulların leqallaşdırılması ilə məşğul olan və ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı mərkəzi FinCEN tərəfindən sanksiya tətbiq ediləndən sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalan "ABLV bank”ın da ləğvedcisi təyin edilməsi gözlənilirdi.
"Trasta Komercbanka”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov kimdir?
Qeyd edək ki, ötən ilin avqust ayında Latviyanın "Trasta komercbanka” bankının törəmə şirkəti olan "TKB Leasing” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğvini elan edib. Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilirdi. Bildirilirdi ki, kreditorlar iki ay müddətində şirkətlə bağlı iddialarını Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 27 ünvanına təqdim edə bilərlər.
Şirkətin bağlanma səbəblərinə gəldikdə isə, qeyd etdiyimiz kimi, Avropa Mərkəzi Bankı "Trasta komercbanka” nın lisenziyasını ləğv etməsi idi. Buna səbəb kimi bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilirdi.
Məlumat üçün bildirək ki, "Trasta Komercbanka” Azərbaycan bazarına 2010-cu ildə daxil olub, "TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib. Bu törəmə şirkətin əsas funksiyası da məhz Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, "kağız üzərindəki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə "komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.
Şirkətin rəsmi saytında isə göstərilirdi ki, "TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. "TKB Leasing”-in rəhbəri və "Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov təyin edilib.
2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş "Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri barədə məlumat yoxdur.
Latviya bankının adı təkcə Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarışmayıb. Korrupsiya və mütəşəkkil cinayətkarlıq üzrə jurnalist araşdırmaları Mərkəzi OCCRP-nin 2014-cü il avqustun 24-də dərc etdiyi məlumatda deyilir ki, "Trasta Komercbanka” Rusiyadan milyardlarla dolların çıxarılması və leqallaşdırılması üzrə nəhəng sxemin marşrutunda son nöqtədir. OCCRP bankın Rusiyadan çirkli pulların çıxarılmasında və leqallaşdırılmasında əsas vasitəçi olduğunu təsdiq edən bank sənədlərini əldə etdiyini bildirmişdi.
Latviyalı bankirin qətlini kim sifariş verib?
Latviyanın "TV3 Xəbərlər” proqramı bir neçə mənbəyə istinadən bildirir ki, Martıniş Bunkusun qətlinin sifarişçiləri azərbaycanlı "biznesmenlər” ola bilər. Məlumata görə, siyasi dairələrdə və hüquq-mühafizə orqanlarında belə təxmin edirlər ki, «Trasta komercbanka» bankında iri məbləğdə pulları batan azərbaycanlı "biznesmenlər” bu qətli sifariş verib. Proqramda bildirilib ki, həmin bankın Azərbaycan, Rusiya, Tacikistan, Ukrayna kimi ölkələrdə nümayəndəlikləri olub. Bu ölkələrdə isə pullarını məmuniyyətlə offşorlarda və xarici banklarda gizlətmək istəyən nüfuzlu qruplaşmalar fəaliyyət göstərir.
Bir neçə mənbə "TV3 Xəbərlər” proqramında belə versiya səsləndirib ki, azərbaycanlı "biznesmenlər” pullarının banklarda ilişib qaldığını və onları qaytarmaq şansının olmadığını görəndə bu qətli sifariş verə bilərdilər. Belə ki, Latviya vətəndaşı olmayan 206 əmanətçinin, o cümlədən 52 fiziki və 154 hüququ şəxsin əmanəti həmin bankda batıb.
Bildirilir ki, azərbaycanlıların mafiyasının episentri hesab edilən Moskvada mart ayında azərbaycanlı biznesmen güllələnib. Qatillər peşəkar hərəkət ediblər və xarakterinə görə bu qətl Bunkusun qətlini xatırladıb. Bunkusun qətlində olduğu kimi Riqada da killerlər hədəfi videomüşahidə kameralarının olmadığı yerdə vurublar.
Bunkusun qətlinin miqyası və forması göstərir ki, sifarişçilər və icraçılar Latviyadan deyillər. Təcrübəli polislər killerin ştattivdən istifadə etməsindən təəcübləniblər, əvvəllər Latviyada belə hala rast gəlinməyib. Keçmiş polis rəisi Valdis Voinis bildirib ki, silahı ştativə bərkidəndə hədəfi vurmaq ehtimalı yüksək olur və görünür killerlər əvvəllər də belə təcrübəyə malik olublar. "Onlar hədəfi izləyiblər, mövqe seçiblər və sərrast atəş açıblar”-keçmiş polis rəisi deyib.
Latviyanın daxili işlər naziri Rixard Kozlovskis yerli televiziyalara bildirib ki, Birləşmiş Ştatlar xəfiyyələri bu səs-küylü qətlin araşdırılmasına kömək edə bilərlər. Artıq müvafiq danışıqlar gedir. Nazirin bildirdiyinə görə bu qətlin araşdırılması üçün bütün polis resursları, ən yaxşı kriminalistlər və müstəntiqlər cəlb edilib. "Biz yol verə bilmərik ki, mütəşəkkil cinayətkarlıq Riqada bizə öz şərtlərini diqtə etsinlər”-nazir deyib.
İyunun 6-da ABŞ maliyyə nazirinin terrorçuluqla mübarizə üzrə müavini -FinCEN-in rəhbəri Marşall Billingsli "ABLV bank”ın məsələsi ilə bağlı Riqaya səfər edib və baş nazir Maris Kuçunskislə görüşündə Bunkusun qətli də müzakirə olunub. FinCEN-in rəhbəri Bunkusun qətlini "allahsızlıq” adlandırıb və Latviyaya bu qətlin araşdırılması üçün hərtərəfli kömək vəd edib. Kozlovskis isə deyib ki, Latviya tərəfi ABŞ-dan bu qətlin araşdırılması üçün texniki ekspertiza köməyi xahiş edir. Çünki amerikalılar bu sahədə böyük təcrübəyə malikdir. Qətlin üstünün açılması üçün pul mükafatının da təyin edilməsi gözlənilir.
Anar Əliyevin Latviyalı bankir Martıniş Bunkusla nə kimi əlaqəsi olub?
"SOCAR Trading SA” şirkətinin rəhbəri (?) Anar Əliyevin mayın 30-da Riqada qətlə yetirilən Latviyalı bankir Martıniş Bunkusla yaxın əlaqəsi olduğu haqda iddialara gəldikdə, bu haqda "Hürriyyət”ə açıqlama verən mənbənin sözlərinə görə, əslində burada söhbət təkcə A.Əliyevdən getmir. Belə ki, onunla yanaşı, daha bir neçə azərbaycanlı oliqarxın sağlığında Martıniş Bunkusla işgüzar münasibətdə olduğu haqda informasiyalar var. "İşgüzar münasibət dedikdə, söhbət külli miqdarda çirkli pulun yuyulmasından gedir. Əslində, hakimiyyət daxilində də bir çoxlarına bəllidir ki, Rövnəq Abdullayevin sözügedən qohumu neft satışı ilə deyil, qanunsuz yollarla əldə edilən milyonları xaricə çıxarmaqla məşğul olub. Əks halda Azərbaycan dövlətinin neft satışını bir uşağa həvalə etdiyi haqda iddialar nə dərəcədə inandırıcı ola bilər? Burada A.Əliyevin missiyası sadəcə bəzi oliqarx-məmurların pulunu ofşorlara daşımaqdan ibarət olub” – deyə mənbə vurğulayır.
Əlbəttə, "Hürriyyət” olaraq bizim əlimizdə bu deyilənlərlə bağlı hər hansı fakt olmadığından, Martıniş Bunkusun qətlini A.Əliyevin, yaxud da hansısa azərbaycanlı oliqarxın sifariş etdiyi iddiasını irəli sürmək fikrindən uzağıq. Bununla belə, mənbə Anar Əliyevin vaxtilə Martıniş Bunkusla yaxın əlaqədə olduğu haqda informasiyaların gerçək olduğunu deyir. Onun sözlərinə görə, "SOCAR Trading SA” şirkətinin rəhbəri 2015-ci ildə təkcə bir əməliyyat zamanı 20 milyon dollara yaxın vəsaiti "Trasta komercbanka” bankı vasitəsilə ofşor hesaba ötürə bilmişdi...
Bu və digər iddialarla bağlı növbəti yazımızda daha ətraflı açıqlama verəcəyik. Bu zaman A.Əliyevin Martıniş Bunkusla nə kimi əlaqəsi olduğu və bankirin qətlində hər hansı əlaqəsinin olub-olmadığı haqda suallara da cavab tapmış olacaqsınız. Bizi izləyin.