Nəsib Məhəməliyev Səməd Seyidovun ziddinə gedir

 

                        Deputatlar ziddiyətli açıqlamalar verirlər


 

Milli Məclisinin bir qrup üzvünün ABŞ-a səfəri ətrafında müzakirələr cəmiyyətdə hələ də davam edir. Söhbət deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyyətinin Vaşinqtona səfərindən gedir. Səfərlə bağlı yayılan məlumatda qeyd edilirdi ki, deputatlarımız ABŞ Konqresin bir neçə üzvü ilə görüşmək və yəhudilərin ən lobbi qruplarından olan AIPAC-ın təşkil etdiyi illik siyasi konfransda iştirak etmək olub və bir həftə davam edib. Deputat qrupunun rəhbəri,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, Mərkəzi Asiya və Qafqaz İnstitutu və Vaşinqtonda yerləşən İpək Yolu Araşdırmalar Proqramı tərəfindən təşkil olunmuş "Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə dəyişikliklər” adlı tədbirdə çıxışı zamanı bəyan edib ki, "Biz siyasi islahatlara başlamaq üçün Vaşinqtona gəldik və böyük məmnuniyyətlə və razılıqla demək istəyirəm ki, biz bu təşəbbüsü anlamağa və dəstəkləməyə qadir olar insanlarla qarşılaşdıq”. Bu tədbirlə bağlı məlumat yayan media orqanları tədbir iştirakçılarını Azərbaycan hökumətinin peşəkar lobbiçiləri və diaspor nümayəndələrindən ibarət olduğunu da qeyd edirlər.

Tədbirin adından göründüyü kimi indi bütün müstəvilərdə Qafqazda böyük siyasi dəyişikliklərin baş verdiyi artıq qəbul olunur və bu dəyişikliklərin ölkələrin daxili və xarici siyasətində səbəb ola biləcək dəyişikliklər müzakirə olunur. Tədbirdə çıxışı zamanı Səməd Seyidov son zamanlar Azərbaycanda həyata keçirilən islahatlardan, tədbirlərdən danışıb və "daha böyük islahatların” olacağını vəd edib. Ancaq hansı islahatları nəzərdə tutduğunu və onların nə zaman həyata keçiriləcəyini açıqlamayıb. Deputat Asim Mollazadə isə çıxışında deyib ki, islahatlar üçün "islahatçılar lazımdır”. Deputat bildirib ki, " məmurlardan tamamilə başqa davranış lazımdır, onlar sovet ənənəsini (hər şeyə nəzarət etmək) unutmalıdırlar”.

Milli Məclisin bir qrup deputatı Vaşinqtona gedib orada belə fikirlər səsləndirir və aydın görünür ki, ABŞ-dan dəstək almağa çalışırlar. Ancaq onların digər həmkarları Bakıda tamamilə fərqli açıqlamalar verirlər. Məsələn, həmin Səməd Seyidovun sədr olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Unikal.org-a müsahibəsində belə bir fikirlər səsləndirib: "Heç kimə sirr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin ələ keçirilməsi, sivilizasiyalar arası artıq gizlədilməyən müharibə və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqdə, Tunis, Liviya, İraq, Suriya, Yəmən, Misir, Fələstin eyni zamanda bizə çox yaxın olan Ukraynada, Latın Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir.Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərdə 3-cü bir qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd- yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır, hətta parçalanmasa belə onların bərpasına yüzillər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur”.

Nəsib Məhəməliyev Səməd Seyidovun ziddinə gedir

 

 

Belə görünür ki, Milli Məclsinin eyni Komitəsinin sədri ilə üzvü arasında, deputatlar Səməd Seyidovla Nəsib Məhəmməliyev arasında kəskin fikir ayrılığı var. Biri Vaşinqtona gedib, islahatlara dəstək istəyir, o birisi Bakıda demokratiya adı altında dövlətlərin dağıdılması siyasətindən danışır. Hər kəsə məlumdur ki, demokratiya ilə bağlı tələblər yalnız ABŞ-ın xarici siyasətində əks olunub. Demokratiya ilə bağlı tələblər irəli sürən beynəlxalq təşkilatlar olsa da, bu tələbi özünün xarici siyasətinin təməl məsələlərindən elan edən yeganə dövlət ABŞ-dır. Avropa dövlətləri demokratiya ilə bağlı fikirlərini ifadə etsələr də, bu onların xarici siyasətlərinin təməlində dayanmır. Belə görünür ki, Milli Məclisin eyni komitəsinin deputatları arasında kəskin fikir ayrılığı var.

Ancaq bu fikir ayrılığı ilk dəfə müşahidə olunmur. Belə ki, 2013-cü ildə  Azərbaycan parlamentinin bir qrup üzvü ARDNŞ-nin təşkil etdiyi səfərlə ABŞ-da olmuş və bütün ölkəni gəzərək həm federal, həm də ştatlar səviyyəsində Bakıya dəstək təmin etmək üçün lobbiçilik etmişdilər. Həmin səfər çərçivəsində Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda Azərbaycan parlamentinin təmsilçiləri ilə müzakirələr də aparılmış və Milli Məclisinin nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov həmin müzakirə zamanı Rusiya və İran təhlükəsindən danışaraq "Bizi sendviç kimi sıxırlar” kimi bu gün tez-tez təkrarlanan məşhur bəyanatını vermişdi. İndi olduğu kimi o zaman da nümayəndə heyyətinin üzvü olan Asim Mollazadə isə "mənim prezidentim təzyiq altındadır” demişdi.

İndi Səməd Seyidov Vaşiqntonda ABŞ-ın Azərbaycandakı islahatlara dəstək verməsini xahiş edir,bunun üçün lobbiçilərlə ciddi iş aparır, onun rəhbərlik etdiyi  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev isə bəzi dövlətlərin demokratiya adı altında dövlətlərinin daxili işlərinə müdaxilənin nəticələri haqqında həyəcan təbilli çalır və Tunis, Liviya, İraq, Suriya, Yəmən, Misir, Fələstin, Ukrayna və Venesueladan danışır.

2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi rayonunun icra başçısı olmuş və bu vəzifələrdə olduğu bir müddətdə heç bir uğurlu işi ilə diqqəti cəlb etməmiş Nəsib Məhəməliyevin xarici siyasətə transferini uğurlu hesab etmək olmaz. Əksinə, onun bu kimi açıqlamalarının Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun uğurlu fəaliyyətinə problemlər yaradacağı şəksizdir. Axı, ABŞ-ın Azərbaycandakı səfirliyi yerli medianı diqqətlə izləyir və rəsmi şəxslərin bu kimi açıqlamaları heç şübhəsiz ki qeydə alınaraq, lazımi ünvanlara göndərilir. Sabiq icra başçısı isə görünür belə məsələlərdən xəbərsizdir.

 A.Nəbiyev,

"Yeni Sözçü"qəzeti

 

 



Oxşar Xəbərlər

Xəbər lenti