8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın planı bir neçə hektar ərazini azad etmək deyildi. Bakının planı aprelin 24-nə kimi Xankəndini məhv etmək, Meğrini tutmaq idi.
Sozcu.info xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının rəhbərinin "mətbuat katibi” David Babayan erməni mətbuatına müsahibəsi zamanı deyib.
O bildirib ki, bu hücumun qarşısı "qətiyyətlə” alınıb və " dünyada bu cür uğursuzluğa düçar olan ikinci hücum” yoxdur.
Babayan bölgədə problemlərin olduğunu da etiraf edib:
"Problemlər var və onlar həll edilir. Sərhədin möhkəmləndirilməsi üçün işlər görülür”.
Xatırladaq ki, 2016-cı ilin aprelində baş verən Dördgünlük müharibə zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələri ağır məğlubiyyətə uğrayıblar və 25 il ərzində möhkəmləndikləri səngərlərdən 40 dəqiqə ərzində vurulub çıxarılıblar. Ermənistanın özünün etirafına görə, cəmi 4 gün müddətində Ermənistan 500-ə dən çox itki verib, 30 tank da daxil olmaqla, yüzlərlə zirehli texnikası məhv edilib.
Hücum isə birbaşa Rusiyanın aktiv müdaxiləsindən sonra dayandı.
Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sərkisyanın bu barədə yalanlarını ifşa edən 2016-cı il 3 iyun çıxışı da bunu təsdiqləyir:
"Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə ifadə edib. Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, "Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb. Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə? Mən artıq bunu demişəm və qısaca olaraq, bir daha qeyd etmək istəyirəm ki, çünki Ermənistan sülh istəmir. Görəndə, onlara təzyiq artır ki, məsələ sülh yolu ilə həll olunsun, bəyanatlar səslənir ki, status-kvo dəyişməlidir, - status-kvonun dəyişməsi isə işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, - təxribatlara əl atır.
Onlar aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə, Qazax bölgəsində bizim iki hərbçimiz həlak olub. Onlar daim bizim kəndləri atəşə tutur, mövqelərimizə hücum edirdilər. 2014-cü ildə növbəti təxribat törədib bizim mövqelərimizə hərbi helikopterlə hücum çəkmişdilər. Bizim Ordumuz onu vurdu. Ermənistan bundan bəhanə kimi istifadə etdi və danışıqlar bir il donduruldu. Yəni, görəndə ki, onlara təzyiq güclənir, daim təxribatlara əl atırlar. Bu aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan Ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. Yəni, bu, birinci yalan.
İkinci yalan odur ki, "Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər, onlar 800 hektar torpağı itiriblər. Bu, çox qəribə bir nəzarətdir. Birincisi, onu qeyd etməliyəm ki, Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib. Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan Ordusu nəzarət edir. O ərazidə erməni ordusu heç tərpənə də bilmir.
Üçüncü yalan odur ki, "Dağlıq Qarabağ ordusu” yoxdur. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir. Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərkibində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır. Onların 80 faizi Ermənistan vətəndaşlarıdır, Ermənistanda doğulublar. "Dağlıq Qarabağ ordusu” mifdir. Bu, üçüncü yalan.
Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu, yalandır. Azərbaycan belə bir xahiş etməyib. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ bir iki-üç gün Ermənistan ordusu çalışırdı ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, görəndə ki, böyük itkilər verir, görəndə ki, əgər dayanmasa, daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə zəng etdi, dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin və bizim qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş dayandırılsın və qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın.
Yəni, budur reallıq. Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləq "Ginnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər”.