8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev "musavat.com”-a Milli Məclisdə başlanmış büdcə müzakirələri barədə müsahibə verib.
Sozcu.info müsahibəni təqdim edir:
– Qüdrət bəy, Milli Məclisdəki müzakirələrdə sizin də büdcə layihəsi ilə bağlı tənqidi fikirlərinizi eşitdik, bir sıra təklifləriniz oldu. Necə hesab edirsiniz, hökumət ona ünvanlı çağırışlara müsbət mənada qarşılıq verəcəkmi, yoxsa plenar iclasa elə əvvəlki layihə təqdim olunacaq?
– Keçən il qaçqınların və məcburi köçkünlərin mənzil tikintisi ilə bağlı vəsait azaldılmışdı. Hər halda mənim çıxışımdan sonra, sağ olsunlar ki, bunu nəzərə aldılar və 2014-cü il, yəni 350 milyon manat səviyyəsində saxladılar. Sözün doğrusu, mən bilmirəm, o vəsaitlə bağlı icra vəziyyəti necədir, yəqin, bunu gələn il büdcənin icrasını müzakirə edəndə biləcəyik. Amma qaçqın və məcburi köçkünlər 25 il, hətta ondan çox müddətdə öz yurd-yuvalarını itiriblər, onların böyük qismi hələ də acınacaqlı vəziyyətə yaşayır. Biz xalq olaraq, vətəndaş olaraq buna dözməməliyik. Prezident bu ilin aprelində Sivilizasiyalararası Dialoq Forumunda çıxış edərək bildirdi ki, Azərbaycan indiyə qədər 90 qəsəbə tikib və hər il təqribən 20 min insan mənzillə təmin olunur, amma yenə də bu, yetərli deyil. O insanların böyük bir hissəsi yenə də öz mənzil şəraitinin nə vaxt yaxşılaşdırılacağını gözləyir. Yəni prezidentin özü də bu barədə demişdi. Bütün bunlardan sonra bu sahəyə mütləq xüsusi diqqət ayırmalıdır.
Biz çalışmalıyıq ki, nəhayət, qısa bir müddət ərzində qaçqınların mənzil problemini həll edib başa çatdıraq. 2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və "Formula-1" yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrıldığı halda, qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına cəmi 90 milyon manat vəsait ayrılıb. Parlamentdəki çıxışımda da dedim ki, Azərbaycan dövləti və xalqı üçün prioritet 330 milyon 300 min manatlıq yeni idman obyektlərinin tikintisi yox, 9 min qəzalı vəziyyətdə yaşayan ailənin təcili mənzillə təmin olunmasıdır. Bu gün 40-45 min insan risk altında yaşayır. Necə ki, Füzulidən olan bir qaçqın ailəsi bu yaxınlarda yanğında məhv oldu. O binalarda elektrik naqilləri hörümçək toruna bənzəyir, bina hər an insanların başına uça bilər.
– Dediyiniz kimi, prezident üçün bu problemlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçısı sahibkarlığın inkişafına önəm verir, bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Amma məlum oldu ki, 2017-ci ilin dövlət büdcəsində sahibkarlığın inkişafına bir manat da ayrılmayıb. Üstəlik, Tarif Şurası sahibkarlığa da böyük zərbə olan qiymət artımına gedir, narazılıq yaradır. Bu ziddiyyətlər nədən doğur?
– Sözün doğrusu, mən düşünürəm ki, hakimiyyət daxilində hansısa gözəgörünməyən, ola bilsin, kənar təsirlərin də nəticəsində çox vaxt qeyri-populyar, nəinki vəziyyətin düzəlməsinə xidmət etməyən, əksinə, vəziyyəti ağırlaşdıracaq istiqamətdə qərarlar qəbul edirlər və mən burada hansısa təxribatın da olacağını istisna etmirəm. Burada xaricdən də təsir ola bilər, daxildəki, elə hökumətin öz içindəki müəyyən qüvvələrlə birlikdə düşünülmüş bir addım da ola bilər. Əlimdə konkret faktlar yoxdur, amma ehtimallar və intuisiyam mənə deyir ki, nəsə xoşagəlməz bir proses başladılıb. Prezidentin bəzi tapşırıq və qərarlarının zamanında icra olunmaması bunu göstərir ki, hansısa bir təxribat var. Buna görə də ölkənin siyasi rəhbərliyi, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər bu məsələlərin üzərində ciddi düşünməli və təhlil etməlidirlər.
– Referendumdan sonra böyük islahatlara gediləcəyi ilə bağlı gözləntilər var idi. Mümkündürmü ki, kimlərsə bu kimi addımlarla islahatların reallaşmasını əngəlləməyə çalışır?
– Deyək ki, prezident özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı xüsusi fərman imzalamışdı. Amma Nazirlər Kabineti özəlləşdirmə ilə bağlı konkret addımlar atmalı idi. Az qala bir ildən artıq vaxt keçir, 1-2 kiçik müəssisədən başqa hələlik heç bir iri müəssisə özəlləşdirilməyə çıxarılmayıb. Yəni bacardıqları qədər bu prosesi yubadırlar. İkincisi, bank sektorunda yaranmış vəziyyətin dəyişdirilməsi istiqamətində də qəbul olunmuş qərarlar yanlışdır. Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Mən çıxışımda da dedim, manatın kursu sabitləşməyənədək Azərbaycana heç bir iş adamı ciddi investisiya yatırmayacaq – nə daxili, nə də xarici investorlar. Ona görə də manat nəhayət ki, üzüb bir məntəqəyə gəlib çatmalıdır. Bunu nə qədər uzadacaqlarsa, deməli, iqtisadiyyata vəsait qoyuluşu olmayacaq. Əgər yeni zavod, fabrik tikməyəcəksənsə, yeni emal müəssisəsi yaratmayacaqsansa, qeyri-neft sektorunu necə inkişaf etdirəcəksən? Yaxud torpaqları münbitləşdirmək üçün vəsaitin yoxdursa, keyfiyyətli toxumun, texnikanın, gübrənin alınması imkanlarından məhrumsansa, kənd təsərrüfatını necə inkişaf etdirəcəksən? Bunların hamısı sonda gəlib maliyyətə bağlanır. Ölkənin milli valyutası sabitləşməyibsə, ora heç kim ciddi vəsait qoymayacaq.
– Belə çıxır, gələn il bundan da ağır vəziyyət yarana bilər?
– Bunu tək mən demirəm. Maliyyə naziri Samir Şərifov, hökumətin digər üzvləri, nazirlər də deyir ki, bəli, gələn il daha pis, daha ağır olacaq. Deyək ki, 2017-ci ili keçirdik, bəs, qarantiya hardadır ki, 2018-ci il yaxşı olacaq? Siz 2017-ci ildə vəziyyətin yaxşılaşması üçün hansı işləri görəcəksiniz, söhbət bundan gedir.
– Qiymət artımı və digər prosesləri müxalifətin, sadəcə, kənardan müşahidə etməsi də normal görünmür. Etirazlar bir tərəfə, hansısa təşəbbüslər, təkliflər də yox dərəcəsindədir. Sizcə, bu, normaldırmı?
– Əlbəttə, müxalifət etiraz etməlidir və biz də qiymət artımına, islahatların ləngidilməsinə etiraz edirik. Amma müxalifət də öz məsuliyyətini dərk etməlidir ki, bu islahatların həyata keçirilməsi üçün mütləq ölkədə siyasi sabitlik lazımdır. Əgər insanlar küçələrə çağırılırsa və bu da sonra elə bir prosesə çevrilir ki, ölkə yenə də xaosa sürüklənir, əlbəttə, buna yol vermək olmaz. Etirazın bildirilməsi o formada olmalıdır ki, iqtidarı islahatları sürətləndirməyə stimullaşdırsın, yoxsa cəmiyyətdə bir az da qarşıdurmanı gücləndirməyə xidmət etməsin, ölkədə yaranmaqda olan sosial narazılıq ki, var, o narazı insanların idarəolunmayan bir prosesə qoşulmasına yol verilməsin. Yəni ölkədə sabitliyin qorunmasında müxalifətin də iqtidar qədər məsuliyyəti var. Müxalifətin də dediklərini iqtidar qulaqardına vurmamalıdır. Bizim təkliflər ciddi şəkildə öyrənilməli, müzakirə olunmalıdır. Mütləq və mütləq islahatlar genişləndirilməlidir. Birinci devalvasiyadan iki il keçir… Düzdür, bəzi dövlət orqanlarında şəffaflığın səviyyəsi xeyli dərəcədə artırılıb, neqativ hallar tam aradan qaldırılıb, ASAN Xidmətin fəaliyyəti xeyli dərəcədə genişləndirilib. Ancaq bu, cəmiyyətdəki vəziyyəti köklü surətdə dəyişmək üçün yetərli deyil. Ən azından iki nazirliklə bağlı gedən cinayət işinin istintaqı və məhkəmə istintaqı göstərir ki, doğrudan da, orda həm maliyyə nəzarəti yüksək səviyyədə təmin olunmayıb, həm də idarəetmədə ciddi qanun pozuntuları mövcuddur.
– Eyni zamanda, hakim komandada ciddi kadr dəyişikliyinə də gedilmədi. Bu komanda ilə islahatların aparılmasının mümkünsüzlüyü barədə də çox deyilib…
– Əlbəttə ki, dəyişikliklər etmək lazımdır. Biz bunu hər zaman deyirik ki, komanda mütləq yenilənməlidir. Birincisi, komanda yenilənəndə insanlar yeni təyin olunmuş şəxsə müəyyən ümidlər bağlayır, yeniliklər gözləyirlər. Təzə gələn adam həqiqətən də çalışır ki, nə isə bir yeniliklər eləsin. Ola bilər ki, təzə təyin olunmuş şəxs əvvəlkindən daha uğursuz ola bilər, o halda onu da dəyişmək lazımdır. Təzə təyin olunub deyə, oturub gözləmək lazım deyil ki, azı 5 il işləsin. Ölkədə çevik kadr siyasəti aparılmalıdır. Həm də verilmiş göstərişlərin tez yerinə yetirilməsi təmin olunmalıdır. İndi prezident göstərişlər verir, amma biz görürük ki, onların icrası xeyli yubanır.
– Qüdrət bəy, bəlkə də vitse-prezidentlər təyin olunsa, bu, sürəti xeyli artırardı. Razılaşırsınızmı?
– Əslində yeni konstitusiya qəbul olunandan sonra vitse-prezidentlərlə bağlı təyinat olmalı idi. Amma prezident 6 ay vaxt verdi ki, vitse-prezidentlərin statusunu müəyyənləşdirən yeni qanun qəbul olunsun və bundan sonra təyinat olsun. Bu qanun layihəsinin hazırlanmasına da, deyəsən, iki ay vaxt qoyulmuşdu. Dekabr ayında bu layihə parlamentin müzakirəsinə çıxarılsa, yeni ilin əvvəllərində artıq bu təyinatlar ola bilər. İnsanların bu institutla əlaqədar olaraq müəyyən gözləntiləri var. Amma sözün doğrusu, düşünmürəm ki, təkcə vitse-prezidentlərin təyin olunması vəziyyəti ciddi şəkildə dəyişə bilər. Müəyyən müsbət dəyişikliklər ola bilər, amma ciddi dəyişikliklər gözləmirəm. Ölkədə bazar iqtisadiyyatına keçid həyata keçilməlidir. Azərbaycan iqtisadiyyatı hibrid iqtisadiyyatdır. Yəni sosialist təsərrüfat sistemi ilə bazar iqtisadiyyatının bir anormal qarışığı, izdivacıdır. Nazirlər Kabinetinin 44 üzvü var. Bu rəqəm minimum iki dəfə azaldılmalıdır. Məmurların sayı minimum 30 faiz azaldılmalıdır. Qənaət olunmuş vəsait də o biri məmurların əmək haqqının artırılmasına sərf olunmalıdır ki, onların layiqli həyatını təmin etmək mümkün olsun. Yoxsa aldığı maaşla dolana bilməyəndə məmur mütləq qanun pozuntusuna yol verəcək, qulluq mövqeyindən istifadə etməklə həyatını yaxşılaşdırmaq barədə düşünəcək və bu zaman da neqativ hallar, sui-istifadə halları baş verir. Mütləq özəlləşdirməyə getmək lazımdır. Azərbaycanda bu qədər dövlət universitetləri ola bilməz. AMEA da BDU kimi bir universitetə çevrilməli, Akademiyanın institutları da ayrıca fakültələr olmalıdır. Ancaq bu qurum da özəlləşdirilməlidir. Bizim akademiklər təkcə elmi araşdırmalarla yox, həm də tədrislə məşğul olmalı və həm də qazanc götürməlidirlər. Dünyada tək keçmiş sovet respublikalarından başqa heç yerdə elmlər akademiyası deyilən təsisatlar yoxdur. Bu da dövlətin üzərində bir yükdür. Həmçinin səhiyyə obyektləri özəlləşdirilməlidir.
Bunlar özəlləşdirilməlidir ki, onlar vergi ödəsinlər. Kasıbların övladları da təhsil kreditləri hesabına təhsil almalıdır. Həmçinin icbari tibbi sığorta tətbiq olunmalı, məktəb tikintisinə geniş meydan verilməli, ikinövbəli təhsil aradan qaldırılmalıdır. İş adamlarına vergi güzəştləri tətbiq olunsa, qat-qat ucuz qiymətə məktəblər tikilə bilər. İdman komplekslərinin özünü özəlləşdirmək lazımdır. Rayonlarda onlar baxımsız vəziyyətdə qalıb. Bu işlər həyata keçirilsə, biz xeyli dərəcədə irəli gedə bilərik və xaricdən də investisiya cəlb olunmasına nail olarıq. Bundan əlavə, müəllimlərin, həkimlərin maaşı artırılmalıdır. Həmçinin bizim ön cəbhədə xidmət edən zabitlə paytaxtdakı zabitin əmək haqqı eyni olmamalıdır. Həyatlarına risk etdikləri üçün onların maaşı daha yüksək olmalıdır. Parlamentdəki müzakirələrdə dediyim kimi, həm də devalvasiya nəzərə alınmaqla hərbçilərin maaşının artırılmasına da çox ciddi ehtiyac var.