25 Aprel Anlaşma Memorandumu

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu anlaşma sayəsində Azərbaycan Avropanın qaz bazarındakı fəaliyyətini daha da genişləndirəcək. Anlaşmanı imzalayan tərəflər arasında əməkdaşlıq güclənəcək.
SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini bərpa etdiyi gündən başlayaraq neft və qaz sahəsində baş vermiş irəliləyişlər danılmazdır. Ümumilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın bir çox ölkəsinə neft və qaz ixrac edir.  1994 -cü ildə imzalanmış   “XX əsrin müqaviləsi” bu sahədə atılmış ilk və ən böyük addımdır və cənab İlham Əliyev bugün atasının yeritdiyi siyasətə sadiq qalaraq onu daha da irəliyə aparır- XXI əsrin mühüm müqavilələrinə imza atır. Sofiyada imzalanan anlaşma da məhz elə bu müqavilələrdən biridir.
Aprelin 25-də baş tutan anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar. Daha sonra Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənib və tərəflər çıxış ediblər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz çıxışında anlaşmanın əhəmiyyətini vurğulayıb və Azərbaycanın Avropa üçün etibarlı əməkdaş olduğunu,imzalanan memorandumun ölkələr arasındakı münasibətləri daha da sıxlaşdıracağını bildirib. Eyni zamanda anlaşmanı “ Həmrəylik Halqası”nın yaranması yolunda ilk böyük addım kimi qiymətləndirib.
Bir-birinin ardınca çıxış edən nazirlər öz çıxışlarında Azərbaycanın sadiq əməkdaş olduğunu, yeni layihənin imzalayan dövlətlərin inkişafına yaxşı təsir edəcəyini vurğulayıb və digər dövlətləri də yaxın zamanda anlaşmanı imzalamağa dəvət ediblər. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışında Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini qeyd edib. Bu anlaşmada Türkiyənidə tərəfdaş kimi görmək arzusunda olduğunu dilə gətirib.  Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxışında Heydər Əliyevin xidmətlərini xüsusilə “XX əsrin müqaviləsi”nin əhəmiyyətinə nəzər salıb və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışları dinlədikdən sonra öz sözlərinə Bolqarıstan Prezidentinə dəvət üçün təşəkkür edərək başlayıb. Bolqarıstan və Azərbaycan arasındakı münasibətlərdən danışan cənab Prezident 6 ay əvvəlki Bolqarıstan səfərindən danışıb, iki dövlətin sadəcə əməkdaş deyil eyni zamanda dost dövlətlər olduğunu qeyd edib.  Anlaşmanın əhəmiyyətindən danışan İlham Əliyev Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycanın strateji tərəfdar olduqlarını bildirib və yeni layihə ilə əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edibBu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq deyə əlavə edib. Sonda Avrasiya enerji xəritəsini yenidən cızdığımızı bildirən İlham Əliyev tərəfdaşları anlaşma münasibəti ilə təbrik edərək öz çıxışını sonlandırıb.
Bolqarıstan Prezidenti Rumen Radev çıxışına təklifi qəbul edib gəldiyi üçün İlham Əliyevə təşəkkür etməklə başlayıb. Anlaşmanın bütün Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin xeyrinə olduğunu,  Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. Prezident gələcəkdə yaşıl hidrogenin nəqli barədə də danışıqların başlayacağını, eyni zamanda yaxın günlərdə SOCAR-ın Sofiyada yeni ofisinin açılış mərasiminin keçiriləcəyini elan edib. Sonda müqavilə ilə bağlı hamını təbrik edən Rumen Radev tərəfdaşlara uğur arzulayaraq çıxışını bitirib.

Xatirə Cəfərova 

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti