Azərbaycanın növbəti uğuru

Azərbaycan 2024-cü ilin 11-22 noyabr tarixində beynəlxalq səviyyəli tədbir olan COP29-a ev sahibliyi etdi. Ölkə başçısı Cənab İlham Əliyevin COP29 tədbirinin yekun iclasında qeyd etdiyi kimi qısa müddət ərzində Azərbaycan COP29 tədbirinin rahat və yüksək səviyyədə keçirilməsinə nail oldu.  

    Müşahidələrdən və müqayisələrdən görünür ki,  Azərbaycan  son illərin ən uğurlu daxili və xarici siyasətini həyata keçirən, bununla da özünün milli maraqlarını qorumaqla regiona töhfə verən, bölgənin iqlim, daxili təhlükəsizlik, iqtisadi və siyasi imkanlarını genişləndirən ölkədir. Bu reallıqlar  Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yaranıb.  

   Ötən əsrin 50-ci illərindən başlayaraq bütün dünya iqlim dəyişikliyi riskləri üzərində işləyir. 90-cı illərdən etibarən həyəcan təbili çalınır. Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyinə mənfi təsir göstərən ölkələr  inkişaf etmiş ölkələrdir. Çünki sənayenin sürətli inkişafı çirklənmə probleminin yaranmasına yol açır. Hazırda 4-cü Sənaye İnqilabında yaşadığımız bu dünyada ikinci sənaye inqilabından, daha dəqiq desək, elektrik enerjisinin kəşf olunmasından etibarən hava çirklənməsi və iqlim dəyişikliyi məsələləri yaranmağa başlayıb. İnkişaf etmiş ölkələr sənaye inqilablarının mərkəzində yerləşdiyindən dünya üçün bu problemləri də ən çox həmin ölkələr yaradırlar. İnkişaf etməkdə olan ölkələr isə buna daha az səbəb olurlar.  

   Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab olunur. Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas və dayanıqlı olmasını, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dənizdə gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz ekoloji siyasətində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını prioritet vəzifə hesab edir. Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı Azəri-Çıraq-Günəşli yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün "Neft dağılmaları üzrə fəaliyyət Planları"na uyğun real texniki sistem formalaşdırılıb. Neft dağılmalarının qarşısının alınması, ballast sularının və başqa tullantıların yığılması məqsədilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə malikdirlər.

     “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan COP29-da bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Azərbaycanın nailiyyətinə şahid oldu.

   COP29-un ən böyük uğurlarından biri də 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

    Azərbacan dövləti daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə nail oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə qalmalarına qədər, nəqliyyat və təklükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Bu tədbir ilə ölkəmiz imicini daha çox coğrafiyalarda genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq  səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.

   Respublikamızın Prezidenti Cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına səbəb olur.

 

Zeynəb Məmmədova

Suraxanı rayoun, Ə. Məmmədov adına101 nömrəli məktəbin ibtidai sinif müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti