Prezident İlham Əliyevin Davos müsahibəsindən əsas mesajlar

Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq mövqeyini, iqtisadi inkişaf strategiyasını və gələcək hədəflərini əks etdirən əhəmiyyətli bir çıxış oldu. Müsahibə zamanı ölkəmizin əldə etdiyi uğurlar, regional və qlobal əməkdaşlıq strategiyaları və yeni çağırışlara cavab olaraq görülən tədbirlər müzakirə edildi.
Ərazi bütövlüyünün bərpası və milli güc məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu uğurunu BMT qətnamələrinə və beynəlxalq hüquq normalarına əsaslanaraq qazandığını, lakin beynəlxalq təşkilatların kifayət qədər təsirli olmadığını vurğuladı. Bu, ölkəmizin öz resurslarına güvənərək problemi həll etməsi baxımından mühüm mesaj idi.
İqtisadi güc və dayanıqlı inkişaf Prezidentin çıxışında əsas məqamlardan biri oldu. Xarici borcun Ümumi daxili məhsulanisbətinin cəmi 6,9% olması Azərbaycanın güclü maliyyə dayanıqlılığına malik olduğunu göstərir. Bu, xarici sərmayəçilər üçün etibarlı investisiya mühiti yaradır və Azərbaycanın regionda lider oyunçuya çevrilməsini təsdiqləyir.
Beynəlxalq ticarət və açıq bazar siyasəti sahəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə apardığı danışıqların vacibliyi vurğulandı. Prezident proteksionizmin və ikili standartların qlobal iqtisadi inkişafa mane olduğunu bildirərək, ölkəmizin bu sahədə daha ədalətli ticarət prinsipləri uğrunda çalışdığını qeyd etdi.
Strateji tərəfdaşlıqlar və xarici siyasət məsələlərinə gəldikdə, Prezident Azərbaycanın Çinlə strateji tərəfdaşlığı, Avropa İttifaqı ilə əməkdaşlığı, Türkiyə, Rusiya və Özbəkistanla müttəfiqlik bəyannamələrini imzalamasını vurğuladı. Bu siyasət tək bir tərəfə bağlı olmamaq və balanslaşdırılmış münasibətlər qurmaq prinsipinə əsaslanır.
Nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın Orta Dəhliz layihəsində aktiv rol oynadığı və dəniz ticarət limanının yükaşırma gücünün 15 milyondan 25 milyon tona artırılacağı açıqlandı. Bu, ölkəmizin beynəlxalq ticarət yollarında əhəmiyyətini artıran strateji addımlardan biridir.
Yaşıl enerji və ekoloji hədəflər də ön planda idi. Azərbaycan 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat günəş və külək enerjisi hasil etməyi planlaşdırır. Bu, həm ekoloji dayanıqlılığa, həm də ölkənin enerji müstəqilliyinə xidmət edəcək mühüm təşəbbüsdür.
Daxili siyasət və liderlik prinsipləri ilə bağlı Prezident İlham Əliyev ədalətli idarəetmə və milli maraqların qorunması prinsipini vurğuladı. O, xalqın maraqlarını beynəlxalq təzyiqlərdən üstün tutmağın və vədləri yerinə yetirməyin əhəmiyyətini qeyd etdi. 17 illik rəhbərlik dövründə verdiyi vədlərin – ərazi bütövlüyünün bərpası və milli ləyaqətin qorunması – artıq reallaşdığını bildirdi.
Bu müsahibə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmək, iqtisadiyyatını şaxələndirmək və yeni çağırışlara uyğun strategiyalar müəyyən etmək istiqamətindəki yolunu açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı yalnız problemlərin həlli deyil, həm də innovativ və gələcəyə yönəlmiş siyasətin aparılmasının vacibliyini göstərdi. Bu yanaşma, Azərbaycanın dünyada etibarlı və güclü tərəfdaş kimi tanınmasını təmin edəcək.
Aygün Səfərova
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti