İcra başçısına xəbərdarlıq edilib

 

 

 


 

 Elmar Vəliyevin kadrlarına qarşı narazılıq artır

 

Ötən ayın 3-də Yunis Səfərov tərəfindən güllənən, iyulun 4-də Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç tərəfindən əməliyyat olunan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən yeni bir xəbər yoxdur. Ötən ayın 6-da İsrailə aparılan Elmar Vəliyevlə bağlı bu müddətdə bir foto və bir-iki qısa məlumat yayıblar. Son məlumat ötən ayın 25-də yayıldı və həmin xəbərdə deyilirdi ki, "Elmar Vəliyevin səhhəti normallaşır - ayağa qaldırılıb, yeriyir, qidalanır”. Ancaq bu xəbəri təsdiq edən video və ya foto şəkillər olmadığı üçün cəmiyyət bu xəbəri şübhə ilə qarşıladı. Bu xəbərin yayılmasından on gündən artıq vaxt geçir və Elmar Vəliyevin sağlığının yerində olduğunu təsdiq edən məlumatlar yoxdur. Bu hal isə onun kadrlarını ciddi narahat edir. Məlumata görə, ciddi narahatlıq keçirənlərdən biri də Elmar Vəliyevin yaxın qohumu, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevdir. Vidadi İsayev Elmar Vəliyevin həyat yoldaşının əmisi oğlu olmaqla yanaşı qaynı Nazim İsayevin qaynatasıdır. Göründüyü kimi, Vidadi İsayevi Elmar Vəliyevlə bir neçə qohumluq əlaqəsi birləşdirir. Vidadi İsayevin karyera yüksəlişi də Elmar Vəliyev Yevlax şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra başlayıb. Belə ki, ixtisasça tarix müəllimi olan Vidadi İsayev uzun bir müddət, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri vəzifəsində işləyib. Elmar Vəliyev Yevlax şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Vidadi İsayev icra başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunub. Cəmi bir il bu vəzifədə işlədikdən sonra 2005-ci ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və 2011-ci ilə kimi bu vəzifədə çalışıb. 3 mart 2011-ci ilən isə Bərdə rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutur. Vidadi İsayev Bərdə rayon icra hakimiyyətinin başçısı təyin edildikdən sonra onun haqqında bir sıra ittihamlar səslənməyə başladı.

 

 

Lakin həmin vaxtlar Elmar Vəliyevin mövqeyi güclü olduğu üçün Vidadi İsayevə qarşı səslənən ittihamlara heç bir reaksiya verilmədi. İndi isə Elmar Vəliyevin səhhətinin qeyri-müəyyən, mənsub olduğu qruplaşmanın mövqelərinin isə zəiflədiyi bu günlərdə Vidadi İsayevlə bağlı da ittihamlara daha çox diqqət ayrılır. Məlumata görə, icra başçısına rayon sakinləri ilə davranışını dəyişməklə bağlı ciddi xəbərdarlıq olunub. Ümumiyyətlə, Elmar Vəliyevin bütün kadrlarının fəaliyyətində çatışmayan ən ciddi hal onların əhali ilə normal münasibət qura bilməmələridir. Görünür, bu əsasən onların icra başçısı olduqları rayonların əhalsinin mentalitetinə bələd olmamaları, yerlərdə heç bir dayaqlarının olmaması ilə bağlıdır. Çox maraqlıdır ki, Elmar Vəliyevin kadrlarından olan Qoca Səmədovun 2011-ci ildən rəhbərlik etdiyi Yevlax şəhərində Gəncə, Bərdə, Tərtərdə yaşanan narazılıqlar yaşanmır. Bu bir yandan Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun mülayim xarakterə malik olması ilə izah edilirsə, digər tərəfdən Qoca Səmədovun Yevlaxda doğulması, böyüməsi və işləməsi ilə izah edilir. Qeyd edilir ki, 1959-cu ildə Yevlax şəhərində anadan olan Qoca Səmədovun bütün fəaliyyəti bu şəhərlə bağlıdır. Əmək fəaliyyətinə 1976-cı ildə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstəsində fəhlə işləməklə başlayan Qoca Səmədov qısa müddətdə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi işləsə də, 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004–cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir. Elmar Vəliyev Yevlax şəhər icra başçısı təyin edildikdən sonra Qoca Səmədov 2004-2005–ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi, 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Artıq yeddi ildən çoxdur ki, Yevlax şəhər icra hakimiyyətinə başçılıq edən Qoca Səmədovun bu illər ərzində bir nəfərlə də olsun münaqişəsi olmayıb. Ancaq eyni sözləri Elmar Vəliyevin himayəsi sayəsində icra başçısı vəzifəsinə yüksələn Vidadi İsayev, Müstəqim Məmmədov,

 

İcra başçısına xəbərdarlıq edilib

Eldəniz Xudiyev və Nizami Hacıyev haqqında demək çətindir. Əgər Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının icra başçıları Eldəniz Xudiyev və Nizami Hacıyevin fəaliyyətləri diqqətləri çox cəlb eləməsə də, Bərdə rayonun başçısı Vidadi İsayevin və Tərtər rayonun başçısı Müstəqim Məmmədovun hər bir hərəkəti müzakirəyə səbəb olur.

 

Bərdə rayonundan "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumatda,  Elmar Vəliyevin ötən ayın 3-də güllələnməsindən sonra Vidadi İsayev rayon ərazsində çox nadir hallarda görmək olur. Eyni zamanda icra başçısı ilə yerli məmurlar arasında, xüsusilə də prezidentin sabiq köməkçisi Tariyel Ağayevin yaxın qohumları ilə gərginlik artır. Bərdəli məmurlar hesab edirlər ki, əslən Bərdədən olmayan birinin icra başçısı işləməsi qəbuledilməzdir. İddialara görə, həmin məmurlar bir müddət əvvəl bir araya gəlib və Vidadi İsayevin ilginc əməlləri ilə bağlı dövlət rəsmilərini məlumatlatdırmağa qərar veriblər. İddiaya görə, məhz bu məlumatlardan sonra Prezident Adminstrasiyasının rəhbər şəxslərindən biri Vidadi İsayevə xəbərdarlıq edib. İcra başçısının diqqətinə çatdırılıb ki, belə məlumatlar daxil olmaqda davam etsə onu vəzifəsindən kənarlaşdıracaqlar. Bu məlumatın səhihliyini təsdiq edə bilməsək də, bir məlumat bu bilginin əsassız olmadığını göstərir. Məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Vidadi isayevin kürəkəni, Elmar Vəliyevin isə qaynı olan Yevlax Gömrük İdarəsinin rəis müavini Nazim İsayevə işdən çıxmaq üçün könüllü ərizə yazmağı təklif edib. Bütün bu məlumatları dəqiqləşdirməyə çalışacağıq və adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

 "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti