Qarabağ əlillərinə daha 50 avtomobil verildi - Foto

Qarabağ əlillərinə daha 50 avtomobil verildi - Foto

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə təqdim edib.

Sozcu.info xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımlar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində ölkəmizdə minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu və digər sosial tədbirlər ölkədə sosial inkişafda ciddi irəliləyişləri təmin etməklə, cari ildə 4,2 milyon vətəndaşın rifah halının yaxşılaşdırılmasına mühüm dəstək olub.

Nazir müavini eyni zamanda müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, həmçinin müharibə əlillərinin avtomobillə təminatı işlərinin ildən-ilə gücləndirildiyini bildirib. M.Kərimli qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

M.Kərimli avtomobillə təminat tədbirlərinin də ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla bu il artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Sonda avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.



Oxşar Xəbərlər

Xəbər lenti