Azərbaycanda 2 milyondan artıq vətəndaşın seçki hüququ niyə yoxdur? – MSK izahat verə bilmir

Azərbaycanda 2 milyondan artıq vətəndaşın seçki hüququ niyə yoxdur?

 

Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytlarında yerləşdirilmiş seçici siyahılarında ciddi problemlər var. Məntəqələr üzrə siyahılara göz gəzdirəndə məlum olur ki, burda uzun müddət ərazidə yaşamayan, paytaxta və ölkə xaricinə köçmüş şəxslərin də adları yer alıb. Yalnız Azərbaycan daxilində başqa ünvanlarda rəsmi qeydiyyata düşən vətəndaşların adları çıxarılıb və yaşadığı ərazi üzrə seçici siyahısına salınıb.

MSK-nin açıqladığı məlumata görə, Azərbaycanda 5 milyon 192 min 42 nəfər seçici var. Bu, ölkədə yaşayan əhalinin təxminən yarısı deməkdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən bir qədər artıqdır. Rəqəmlərdən görünür ki, vətəndaşların yarısının seçki hüququ yoxdur və ya MSK onları qeydiyyata salmayıb. DSK-nın ötən il açıqladığı statistikaya görə, Azərbaycanda səsvermə hüququ olmayan, yəni yaşı 18-ə çatmayan 2.7 milyon nəfər var. Beləliklə, bu rəqəmi 10 milyondan çıxsaq, yenə 2.3 milyon vətəndaşın adları seçici siyahılarına salınmayıb.

Burada maraqlı məqam ondan ibarətdir ki, hazırki seçici siyahalarında faktiki bölgədə yaşamayan, ölkədən gedən hər kəsin adı var. Yəni, daxili urbanizasiyaya məruz qalmış vətəndaşların adları siyahıda qalır. O zaman, 2.3 milyon vətəndaşın niyə MSK-nın qeydiyyatında olmaması ciddi sual doğurur.

Azərbaycanda əhalinin sayı ilə bağlı statistika doğru deyil, yaxud başqa bir səbəbdən 2.3 milyon nəfərin seçki hüququ yoxdur.

Demokratik Təşəbbüslər İnstitutunun seçkiqabağı vəziyyətə dair hazırladığı hesabatda bu problemə geniş yer ayrılıb. Hesabatda qeyd olunur ki, Secki Məcəlləsinə əsasən, seçicilərin daimi siyahısı MSK-nın muəyyənləşdirdiyi formada hər il mayın 30-dək hər bir secki məntəqəsi üzrə təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir: "Seçki məntəqəsinin ərazisində yaşamalarını təsdiq edə bilən və seçki hüququ olan vətəndaşlar adı daimi seçici siyahısında yoxdursa, seçki günü MnSK-da olan əlavə seçici siyahısında qeydiyyatdan keçə bilərlər”.

Sənddə göstərilir ki, 2019-cu il may ayının 29-da təsdiq olunmuş məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5 212 902 seçici daxil edilib. Ancaq bu rəqəm Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlə kəskin surətdə fərqlənir: "Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2019-cu ilin 1 yanvarına olan əhalinin (9 981 500) yaşı 18 olan hissəsinin sayı təqribən 7 353 000- dir. Yəni əhalinin 73 faizindən çoxu seçicidir. Ancaq MSK-nın açıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 52 faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı çəkilən orqanların açıqladığı rəqəmlərdə 21 faiz - 2 140 098 nəfər fərq ortaya çıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilçilərinin, ATƏT/DTİHB-nun dəfələrlə ifadə etdikləri narahatlıqlara baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara ağlabatan izah verməyiblər”.



Oxşar Xəbərlər

Xəbər lenti