8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub. "Report”un xəbərinə görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini "8-ci kilometr” adlanan bazarın topdansatış mağazasından aldığı müəyyən edilib. Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.
Yada salaq ki, bundan əvvəl Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Həmzəyev özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.
Sərxan Bayramov vəfat edib, əməliyyatçının dostu C.Həmzəyevin hər iki gözü kor olub.
Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbayel rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbayel rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Rəsmi məlumata görə, aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tiflis prospektində yerləşən "Baku City” restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən "Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş "Chivas Regal 12" markalı spirtli içkiləri ”Baku City" restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə "Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib: "İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd ”Chivas Regal 12" adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda "Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərinə vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb".
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada "Chivas Regal 12", ”Chivas Regal 18", "Chivas Regal 21", ”Jameson", "Grands”, "Jack Daniels” adlı və s. viski, "Nemirov”, "Ruskiy Standart”, "Belyuga”, "Grey Gouse”, "Minsk”, "Qu Quşu”, "Region”, "Grey Cardinal” adlı və s. araq, "Patron”, "Olmega”, "Siera”, "El Chapo” adlı tekila, "Henessy” və "Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Təəssüf ki, Azərbaycanda kustar üsulla spirtli içkilərin hazırlanması geniş vüsət alıb. Şadlıq saraylarında, müxtəlif kafe-restoranda standartlara uyğun olmayan içkilər hazırlanır və satılır. Vizual olaraq isə saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər. Mütəxəssislərin sözlərinə görə, zəhərlənməyə səbəb olan araqları isə əsasən yeyinti deyil, ucuz başa gələn texniki spirtdən hazırlayırlar. Bu da ilk növbədə qaraciyərdə zəhərlənmə yaradır, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Həmçinin texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Bundan əlavə, həmin içkilərin tərkibində olan metil gözü kor edəcək, hətta ölümə səbəb olacaq qədər təhlükəlidir.