Qüsurlu mal nədir? Qüsurlu malın satılması halında istehlakçıların hüquqları


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, müqavilə üzrə satıcının əsas öhdəliyi əşyanı alıcının mülkiyyətinə verməkdir. Bundan əlavə olaraq, satıcının alıcı qarşısında başqa öhdəlikləri də mövcuddur. ( əşyanın üçüncü şəxsin hüquqlarından azad şəkildə verilməsi, lazımı keyfiyyətli əşyanın verilməsi,satıcının əşyanı vermək vəzifəsinin icra məqamı və s.).

Satılan əşyanın lazımi keyfiyyətdə olmaması və ya alğı-satqı müqaviləsinə uyğun gələn əşyanın verilməməsi nəticəsində qüsur anlayışı meydana çıxır. Mülki Məcəllədə qüsurun anlayışı verilməsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən qüsur, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uygunsuzluğudur.  Qüsur dedikdə, əşyanın alğı-satqı müqaviləsinə uyğun olmaması və ya əşyada olmalı olan xüsusiyyətlərin əskikliyi başa düşülür.

Türkiyə hüququnda qüsurlu əşya “ayıplı mal” adlandırılaraq, doktrində müxtəlif anlayışlar verilmişdir. Bir yanaşmaya görə qüsur, bir malın qiymətini və ya ondan gözlənilən faydayı əhəmiyyətli dərəcədə azaldan gizli nöqsanlardır.

Qüsurun doktrində 3 növü fərqləndirilir:

  • Maddi qüsur: Əşyanın fiziki xüsusiyyətində mövcud olan əskikliklər maddi qüsur hesab olunur.
  • İqtisadi qüsur: Məlumdur ki, hər əşya müəyyən məqsədlərin ve tələbatların ödənilməsi məqsədilə alınır. Belə olduğu təqdirdə, alınan əşyadan müəyyən gəlir gətirməsi və ya qənaət edilməsi üçün əlverişli olması gözləniləndir. Əşya bu keyfiyyətlərə sahib olmadıqda iqtisadi qüsurlu hesab olunur.
  • Hüquqi qüsur: Alınan malda hər hansı maddi qüsur olmur, lakin alıcının maldan istifadə etməsi və ya fayda əldə etməsi üçün bəzi hüquqi məhdudlaşdırmalar mövcuddur. Məsələn, alıcı üçüncü şəxsin hüquqları ilə yüklü edilmiş əşya alması.

Mülki Məcəllənin 581.2-ci maddələrinə nəzər salaq. AR MM-in 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadəedildiyi məqsədlərə yarayan əşya verməyəborcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyəborcludur.

Beləliklə,

  1.  İlk növbədə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti barədə şərtlərin göstərilməsi məqsədəuyğundur. Əgər, belə şərtlər göstərilməmişdirsə, satıcı əşyanın istifadə edildiyi məqsədə uyğun əşya verməyə borçludur.
  2.  Alıcı satıcıya bu malı nə üçün, hansı məqsəd üçün istifadə edəcəyini bildirir. Bu zaman satıcı alıcının məlumatına uyğun olaraq həmin məqsədlərə uyğun gələn əşyanı verməlidir.

Göründüyü kimi, əgər a) bəndinə uyğun gəlməyən əşya verilmişdirsə, bu əşyanın “vacib hesab edilən keyfiyyətlərinin olmaması” səbəbindən qüsurlu, b) bəndinə uyğun gəlməyən əşya verilmişdirsə, bu “söz verilən keyfiyyətlərin olmaması” səbəbindən qüsurlu hesab ediləcəkdir.

Qarantiya müddəti.

Alğı-satqı müqaviləsində əşyaya dair qarantiya müddəti göstərilə, yaxud əşya qarantiya müddəti olmadan satıla bilər. Qarantiya müddət Bu səbəbdən, qarantiya müddəti iki yerə bölünür:

  1. Qanuni qarantiya müdəti (AR MM-in 589.2-ci maddəsi)
  2. Müqavilə üzrə müəyyənləşdirilmiş maddəsi

AR MM-in 589.2-ci maddəsinə görə əgəəşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.

Göstərilən maddə üzrə 3 hal meydana çıxa bilər. İlk olaraq, əşya qarantiyasız satıla bilər, ikinci halda müqavilə ilə müəyyən edilən müddət qanuni qarantiyadan az ola bilər və nəhayət, iki ildən artıq qarantiya müddəti müəyyənləşdirilə bilər. Əgər tərəflər arasında razılaşmada qarantiya müddəti göstərilməyibsə, bu zaman qanuni qarantiya, yəni alıcı iki il müddət ərzində əşya ilə bağlı tələblərini irəli sürə bilər. Təbii ki, müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az, yaxud çox ola bilər. Məsələn, alğı-satqı müqaviləsində 1 illik qaratiya müddəti nəzərdə tutula bilər. Belə olan halda, 1 il müddət 2 ilin tərkibinə daxil olduğundan alıcı əşyaya dair tələbi iki il ərzində irəli sürə bilər. Lakin, göstərilən nümunədə sübutetmə yükü ilə bağlı maraqlı məqam ortaya çıxır. Əgər alıcı əşyada aşkar etdiyi qüsurlarla bağlı tələbi 1 il ərzində irəli sürmüşdürsə, sübutetmə yükü (əşyada olan qüsurların onun əməlinin nəticəsində olmaması ilə bağlı) satıcının üzərinə düşür. Əgər tələblər 1 il keçdikdən sonra, lakin iki il tamamlanmadan irəli sürülübsə, bu zaman sübutetmə yükü ( əşyada olan qüsurlarının əşya ona təslim edilənə qədər olduğu ilə bağlı) alıcının üzərinə düşür.

Bunun tam tərsi də ola bilərdi. Belə ki, müqavilə üzrə alıcı əşyadan 3 illik qarantiya müddəti olan elektronik əşya alır. Müqavilə üzrə müddət müəyyənləşdiyindən, alıcı əşya ilə bağlı tələbləri 3 il ərzində irəli sürə bilər və sübutetmə yükü satıcının üzərinə düşür.  Beləliklə, əşyanın qarantiya müddəti sübutetmə vəzifəsinin müəyyənləşdirilməsində mühüm faktordur.

İstər Mülki Məcəllə, istərsə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”AR Qanunu lazımı keyfiyyətdə olmayan əşya satılması zamanı alıcı üçün hüquqi imkanlar, başqa sözlə “seçicililik haqqı”  yaradır. AR MM-in 587-ci maddəsi imkan verir ki, lazimi keyfiyyətli olmayan əşyanın verilməsi zamanı alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər:

  1. alış qiymətinin mütənasib azaldılması;
  2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
  3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli ədərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (AR MM 587.2)

 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Göstərilənlərdən əlavə olaraq, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə  iddiacılar  dövlət rüsumu ödəməkdən azad olunurlar.

Aysu Nəbizadə

Hüquqşünas



Oxşar Xəbərlər

Xəbər lenti