Hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ - Bakıda nə baş verir?


Bakıda tozlu hava müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.

Sozcu.info xəbər verir ki, sözügedən vəziyyətlə bağlı meteoroloq Cavid Hüseynov yenisabah.az-a danışıb.

O qeyd edib ki, Bakı şəhərində mart ayının 15-də havada müşahidə olunan və meteoroloji görünüş məsafəsini məhdudlaşdıran atmosfer hadisəsi sis adlanır:

“Sis hadisəsi duman və çəndən fərqli olaraq toz, tüstü və havadakı su buxarının qarışığından əmələ gəlir. Sisin yaranmasına səbəb, həm Bakı və Sumqayıt şəhərlərinin sənaye obyektlərindən atmosferə atılan, həm də sinoptik şəraitlə əlaqədar olaraq ölkəmizə qonşu dövlətlərin (İran, Türkmənistan və digər) ərazisindən küləklərin fəaliyyəti ilə daxil olan tüstü və tozun havadakı miqdarının artmasıdır. Adətən bu cür hava şəraiti ən çox allergiya və astma xəstəliyi olan insanlara mənfi təsir göstərir. Nəticədə onların xəstəliyində kəskinləşmə müşahidə olunur.

Siklonik fəaliyyətlə əlaqədar olaraq yaxın günlərdə havanın bir neçə gün qeyri-sabit keçəcəyi (qeyri-sabit hava şəraiti fasilələrlə mart ayının 21-dək davam edəcək), yağıntılı olacağı (19-u və 20-si yağıntılar intensivləşəcək) və küləyin öz istiqamətini şimal-qərb və şimal istqamətinə dəyişməsilə müşahidə olunan sisli havanın çən və yağıntılı hava ilə əvəz olunacağı gözlənilir ki, bu da havadakı tüstü və tozun miqdarının azalmasına səbəb olacaqdır”.

Tozlu hava şəraitinin insanların səhhətinə bir sıra mənfi təsirləri olduğunu vurğulayan Pulmonoloq həkim Ramin Nəriman saytımıza açıqlamasında insanların necə qorunması barədə tövsiyələr verib:

“Bakı dənizqırağında yerləşdiyi üçün qumlu şəhərdir. Eyni zamanda burada küləkli hava şəraitinin müşahidə olunması tozun miqdarının artmasına səbəb olur. Bundan əlavə olaraq insanlardan qaynaqlanan səbəblər də var. Bura düzgün ağacların əkilməməsi, avtomobil sayının çox olması da daxildir. Avtomobillərin çox olması havada qazın həcmini artırır. Bitki örtüyü ilə bağlı məsələ isə, ekoloqlarla məsləhətləşmə aparılmadan yaşıllaşdırma işlərinin həyata keçirilməsidir. Hara baxsaq, şamkimilər sinfinə daxil olan ağac növlərini müşahidə edirik. Bu tip bitkilər havada toz yaradır və yayır. Yaxşı olar ki, havadakı tozun miqdarını azaltmaq, qarşısını almaq məqsədilə yarpaqlı bitkilərin əkimi həyata keçirilsin. Həmişəyaşıl bitkilərə aid olan şamkimilər sinfinə daxil olan ağacların sayı azaldılsın. İqlimə uyğun və dözümlü olan çinar kimi ağacların əkilməsi daha məqsədə uyğundur.

İnsanlar bu vəziyyətin yaratdığı risklərdən özünü qorumaq üçün tibbi maskalardan istifadə etməlidirlər. Lakin həmin vasitələri 3 saatdan bir dəyişmək vacibdir. Həmçinin küləkli havada çölə çıxmaq, pəncərə və qapıları açıq saxlamaq məsləhətli deyil.

İstər qaz, istərsə də toz dənələri əsas tənəffüs sisteminə daxil olur. Bu həm də dəriyə, selikli qişa və saçlara da öz mənfi təsirini göstərir. Amma tozun ən çox təsir etdiyi orqan tənəffüs yollarıdır. Tənəffüs yollarına toz qaz şəklində daxil olur və onu zədələyir. Nəticədə iltihablaşma əmələ gəlir. Belə olduqda tənəffüs sistemində obstruktiv xəstəliklərinin yaranmasına şərait yaranır. Bu xəstəliklərə astma, emfizema və s. daxildir. Bütün bu sadalananlar insanların sağlamlığına kifayət qədər ziyan vurur. Təəssüf ki, belə bir vəziyyətin qarşısını almaq Bakı şəhərində kifayət qədər çətindir”.



Oxşar Xəbərlər

Xəbər lenti