8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təhlükəli bəyanatlar: məhv etməkdən danışırlar
Belə görünür ki, Vaşinqtonla Tehranın barışmaq fikirləri yoxdur. Onların bir-birini təhdid etməsi davam edir. Amerika Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb ki, əgər İran müharibəyə başlasa, bu, "onun rəsmi sonu olacaq". Yəni Amerika İranı məhv edə bilər. Tehrandan cavab gecikməyib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, heç kim İranı qorxuda bilməz. İran güclü hərbi zərbə endirməyə qadir dövlətdir. Hətta M.C.Zərifə görə, müharibə ona görə olmayacaq ki, İran bunu istəmir və "regionda elə bir dövlət yoxdur ki, İrana qarşı dura bilmək xülyasına qapılsın" (bax: Над Ираном сгустился Twitter. Дональд Трамп пригрозил Тегерану "официальным концом" / "Коммерсантъ", 21 may 2019).
Prezident Həsən Ruhani də qeyd edib ki, "İran dialoq tərəfdarıdır, lakin qorxu və hədə ilə düşmən tərəf onu danışıqlara getməyə məcbur etməyə çalışırsa, dünya bir olsa belə, heç kim İranı təslim edə bilməz" (bax: əvvəlki mənbəyə). Ekspertlər hesab edirlər ki, İranın bu cür sərt davranması, onun Rusiyaya arxalanması ilə bağlıdır. Məlumdur ki, Moskva Tehranı nüvə sazişi məsələsində dəstəkləmişdi və həm Amerikaya, həm də Avropaya İrana qarşı addım atmayacağını ifadə etmişdi.
Hər bir halda, İranın özünümüdafiə hüququ vardır və bu istiqamətdə addımlar ata bilər. Xüsusilə də proseslər Amerikanın deyil, İranın sərhədləri yaxınlığında cərəyan edir. Digər tərəfdən, məsələ yalnız söz atışması ilə məhdudlaşmır. Hər iki dövlət qarşılıqlı hərbi əzələ nümayiş etdirirlər. Amerikalılar regiona kifayət qədər böyük hərbi qüvvə göndərmək fikrindədirlər. Onlar, eyni zamanda, regionda baş verən hərbi təxribatlarda Tehranın əlinin olduğunu vurğulayırlar.
Artıq bir neçə dəfə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin ərazisində və obyektlərində partlayışlar törədilib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə məxsus obyektlərdə hərbi təxribatlar baş verib. Bundan dörd tanker və iki neftçıxarma məntəqəsi zərər görüb. Sonuncu dəfə bu hücumu İranın təsiri altında olan husilərin etdiyi haqqında Ər-Riyaddan informasiyalar yayılıb. Bunlardan başqa, Bağdadın mərkəzini də atəşə tutublar. Burada əsasən amerikalılar yaşayırlar.
Bunların fonunda Səudiyyə Ərəbistanı Kralının Məkkədə ƏDL-ə üzv ölkələrin növbədənkənar toplantısını keçirmək haqqında təklif verməsi maraq doğurub. Bu ölkənin dövlət naziri A.Əl-Cübeyr isə bəyan etmişdi ki, "Əgər digər tərəf müharibəni seçsə, Krallıq bütün gücü və qətiyyəti ilə cavab verəcək" (bax: əvvəlki mənbəyə).
Regionun digər dövlətlərinin bu proseslərə münasibəti maraq doğurur. Yaxın Şərqdə hələlik aktiv surətdə hansısa tərəfin yanında olduğunu bildirən dövlət yoxdur. Ankara bəyan edib ki, İranın mövqeyi haqlıdır. Çünki ona qarşı ikili standartlar həyata keçirilir. İranın da özünümüdafiə hüququ vardır. Ancaq İrana qarşı tətbiq olunan sanksiyalardan yaxa qurtarmaq mümkün deyil. Vaşinqton aydın və birmənalı bəyan edir ki, sanksiyanı pozanın özü sanksiya altına düşəcək. Başqa tərəfdən, Türkiyənin özünün Amerika ilə münasibətləri normal deyil. O cümlədən Ankaraya qarşı da sanksiyaların tətbiqi istisna edilmir. Konkret olaraq, amerikalılar S-400 məsələsinə görə Türkiyəni "cəzalandırmağa" çalışır. Deməli, regionun digər böyük dövləti olan Türkiyənin də başını müəyyən məsələlərlə qatırlar. Hələlik belədir. İran məsələsi həll olunduqdan sonra Türkiyəyə münasibətin necə olacağı məlum deyil.
Daha riskli mənzərə: böyük dövlətlərin savaşı
Regionun digər dövlətlərinin də mövqeyində birlik müşahidə edilmir. Bu, müəyyən məqamlardan xəbər verir. Mümkündür ki, ərəb dövlətlərinin bir qrupu İrana qarşı koalisiya yaratsınlar. Belə olduqda, vəziyyət daha təhlükəli mərhələyə qədəm qoymuş olacaq. Çünki bununla müsəlman dünyası faktiki olaraq iki yerə parçalanmış olur. Bu, baş verərsə, regionun geosiyasi mənzərəsi neqativə doğru kəskin dəyişə bilər. Ona görə ki, bütün hallarda regionun müsəlman əhalisi zərər görmüş olacaq.
ABŞ-İran münasibətlərinin yeni səviyyədə kəskinləşməsi qlobal geosiyasətdə ciddi qarşıdurmalar meydana gətirə bilər. İlk olaraq Rusiya-Amerika münasibətlərində gərginlik arta bilər. Çünki Moskva Tehranı açıq müdafiə edir. Bununla yanaşı, regionda terror qruplarının yeni dalğası fəallaşa bilər. Rusiya kəşfiyyatı dəfələrlə belə bir təhlükənin mövcudluğu barədə məlumatlar yayıb. Yəni məsələ yalnız ABŞ və İran ordusunun savaşması ehtimalı ilə deyil, həm də terrorun tüğyan etməsi ilə əlaqəlidir.
Məsələnin bu tərəfi Avropanı da narahat edir. Yaxın Şərqdə böyük savaşın ortaya çıxması miqrasiya məsələsi ilə yanaşı, terroru da Avropa üçün daha həssas faktora çevirə bilər. Amerika ilə Aİ ölkələri arasında təhlükəsizliklə bağlı özünü göstərən ziddiyyətlərin fonunda bu aspekt Brüssel üçün kifayət qədər əhəmiyyətli görünür. Sirr deyil ki, Avropa İttifaqı rəsmiləri İranla hərbi toqquşmanın baş verməməsi üçün diplomatik fəallığı artırıblar. Onları daha çox narahat edən isə Tehranın nüvə silahına sahib ola bilməsi ehtimalının artmasıdır. İndiki vəziyyət məhz həmin istiqamətə aparır.
Belə ki, Tehran nüvə sazişi üzrə danışıqlar üçün Avropa ölkələrinə 60 gün vaxt verib. Bu müddət ərzində vəziyyət dəyişməsə, İran sazişin bəzi bəndlərinə əməl etməyi dayandırır, yəni nüvə silahı istehsalı üçün araşdırmaları bərpa edir. Avropa bunu kifayət qədər qorxulu hal adlandırır. İran məsələsinin mümkün geosiyasi əks-sədası bu məsələlərlə də məhdudlaşmır. Ekspertlər ABŞ-İran qarşıdurması kontekstində Vaşinqtonla Pekinin münasibətlərinin dinamikasına da maraq göstərirlər.
Bu istiqamətdə də vəziyyət ürəkaçan görünmür. Son dövrlərdə dünyanın iki böyük dövləti arasında gərginlik daha da çoxalıb. Onlar indi hərbi aspektdə də qarşı-qarşıya gələ bilərlər. Asiya-Sakit okean hövzəsi ilə yanaşı, Əfqanıstan və Mərkəzi Asiya istiqamətlərində də tərəflər arasında anlaşılmazlıq artır. Xüsusilə enerji sferasında və təhlükəsizliyin təminində problemlər meydana gəlir. Çin regionda fəallaşdıqca, Amerika daha sərt mövqe tutur.
Bütün bunları nəzərə alaraq, ekspertlər hesab edirlər ki, Amerikanın Yaxın Şərqdə hərbi iştirakını gücləndirməsi, əslində, son nəticədə Çin məsələsi ilə bağlıdır. Əgər İran səddi aşılsa, amerikan hərbi qüvvələri Çin səddinə daha da yaxınlaşacaqlar. Bununla Çin faktiki olaraq bir neçə istiqamətdən və bir neçə aspektdə mühasirəyə alınmış olur. Əlbəttə, bütün bunlar İran məsələsini Çin üçün də aktual edir. Pekinin atacağı addımlar maraqla gözlənilir.
Beləliklə, Yaxın Şərq növbəti dəfə çox həssas bir durumla üzləşib. Regionda bir neçə münaqişə alovu var. İsrail-Ərəb münaqişəsinə, Suriya, Yəmən, İraqla bağlı yaranmış gərginliyə İran da əlavə olunur. Eyni zamanda, bu qədər münaqişələrin mövcud olması və onlarda terror faktorunun ciddi rol oynaması çox təhlükəlidir. Bu prosesin qarşısını real olaraq almaqdan söhbət getmir. Əksinə, yeni-yeni ziddiyyətlər əlavə olunur. Təbii ki, bu cür gedişat son dərəcə böyük narahatlıq yaradır. Böyük dövlətlərin bir-biri ilə savaşması həmişə milyonlarla insanın həyatını itirməsi ilə nəticələnir.
Bundan başqa, onsuz da dünyada humanitar fəlakət yüksək həddə çatıb. Onun daha da artması bütövlükdə dünyaya yeni çətinliklər yaradacaq. Bu bağlılıqda BMT-nin nüvə müharibəsi ehtimalından bəhs etməsi son dərəcə böyük narahatlığa səbəb olub. BMT ekspertləri hesab edirlər ki, dünya nüvə müharibəsinə çox yaxınlaşıb. ABŞ-İran qarşıdurmasına bu təhlükə prizmasından baxsaq, mənzərənin nə qədər riskli olduğuna əmin ola bilərik.