8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Camal Qaşıqçı cinayətində bütün oxların MBS-yə yönəlməsi onun ciddi şəkildə nüfuzunu itirməsinə səbəb olmuşdur. Buna rəğmən, "2030 baxışı” ilə Səudiyyə Ərəbistanının cəlbedici bütün qaynaqlarının xarici sərmayəçilərə, xüsusilə Qərbdən olan investorlara açılacağı fikri cinayəti unutdurmuş, MBS-ni də Qərb sənayesinə can suyu olacaq "qaranlıqlar ilahəsi”nə çevirmişdir.
Silah lobbisinin savaşı olan Yəmən müharibəsindən çıxan nəticələr Səudiyyə Ərəbistanının həm iqtisadiyyatına, həm də son yüz ildə meydana gətirdiyi sosial inteqrasiyasına zərbə vurmuşdur. ABŞ-dan olan məsləhətçilərinə qulaq asan MBS, savaş üzündən dibə vuran iqtisadiyyatı canlandırmaq və sarsılan sosial inteqrasiyanı toparlamaq üçün atıla biləcək ən son addımı atdı. Dünyanın ən böyük neft şirkəti olan ARAMCO-nu xalqa açdı. İlk anda edilən müraciətlərlə birlikdə, gözlənilən 2 trilyon dollarlıq nəticə alındı, lakin ödəmələr reallaşmadı və birjada böyük məyusluq yaratdı.
MBS-nin əlindəki ən böyük kozırı oynamasına rəğmən, istənilən nəticəni ala bilməməsi sabiq vəliəhdi və bəzi digər xanədan üzvlərini ümidləndirərək, hərəkətə keçirdi.
Doğrusu, dünyanın müxtəlif yerlərinə dağılmış Səudiyyə diasporası gün keçdikcə şikayətlərinin dozasını sosial media vasitəsilə yüksəltməkdədir.
Daxildə Yəmən müharibəsinin meydana gətirdiyi yıxıcı iqtisadi təxribatı MBS-yə yükləyənlərin atdığı səssiz çığırtılar saray ətrafında rezonans verməkdədir. 11 sentyabr hadisələrindən sonra sosial mühəndislik layihəsi əsasında xüsusilə ABŞ və bəzi Qərb ölkələrinə göndərilən və oxuyub geri dönən tələbələrin yüksək gözləntiləri də boşa çıxmışdır.
Vəliəhd təyin edilərkən xilaskar kimi baxılan MBS, indi sanki Səudiyyə Ərəbistanı tarixinin bütün mənfi cəhətlərini özündə cəmləyən bir şəxsə çevrilmişdir. Eyni zamanda xanədan tarixini yaxşı bilən, təcrübəli və daha müdrik bir şəxs olan Kral Salman isə səlahiyyətsiz və təsirsiz qalmışdır.
İndi həbs edilən xanədan mənsubları bəzi qəbilələrdən də dəstək alaraq, Kral Salmana qarşı çevriliş təşəbbüsündə olmaqda ittiham edilirlər. Ancaq işin doğrusu bu xanədan mənsublarının Kral Salmana qarşı deyil, MBS-yə qarşı olmalarıdır. Əslində, bütün Körfəz xanədanlıqlarında, bəzən ölümlə də nəticələnən, ailədaxili rəqabətlərin mövcud olması məlumdur, hətta buna tarixi kontekstdə normal baxılmaqdadır. Ancaq tarix boyunca Krala mütləq bağlılıqla biət edən bəzi sosial qrupların, qəbilələrin başqa xanədan mənsublarından biri ilə əməkdaşlıq etmələri nəticədə böyük hadisələrə gətirib çıxarmışdır. Bu səbəblə, bu günlərdə Səudiyyə Ərəbistanında baş verənlər adi rəqabəti ötmüş, daha böyük gözləntilərə hamilədir.
Səudiyyə Ərəbistanının qurucusu, MBS-nin babası olan Əbdüləziz, Ərəbistanın, demək olar ki, bütün böyük qəbilələriylə evlilik münasibətləri qurmuş və qohumluq yolu ilə onları özünə bağlamışdır.
Bu ənənə oğulları tərəfindən də davam etdirilmişdir. Bu ağıllı davranış o günlərdə böyük fayda vermiş və müxtəlif qəbilələrin Krala bağlılığı təmin edilmişdir. Lakin bu durum tədricən fərqli analardan olan qardaşlar, dolayısilə, düşmən qəbilələr arasında rəqabəti də artırmışdır. Başqa sözlə, o əmirlər, şahzadələr Kralın və analarının uşaqları olmaqdan çıxaraq, daha çox analarının mənsub olduğu qəbilələrin uşaqları olmuşlar.
Bu anda Səudiyyə Ərəbistanında tam olaraq məhz bunun yaşandığını söyləmək tezdir, lakin o da var ki, bizim arxivlərimiz MBS-nin ana tərəfindən olan babasının belə bir mübahisənin tərəfi olduğunu göstərməkdədir.
Səudiyyə xanədanından olan Abdulla bin Türki 1870-ci ilədək Riyad bölgəsinin əmiri olub. O dövrdə qardaşı Səud ona qarşı çıxaraq, əmirliyi tələb edir. Səudun iki önəmli dəstəkçisi varmış. Onlar bu ixtilafdan öz xeyirlərinə istifadə edərək, Mərkəzi Ərəbistanın içlərinə sızmaq istəyən ingilislər və ana tərəfindən qohum olan bədəvi qəbilələrmiş. Bu qəbilələrin başında isə Ucman qəbiləsi gəlirmiş.
Midhət paşanın işə qarışmasıyla Səudun əleyhinə bitən həmin hekayəni bu sütunda bitirmək, təbii, mümkün deyildir. Ona görə də xülasə edək. İngilislərin öz qardaşına qarşı dəstəklədikləri Səud ilə əməkdaşlıq edən bu qəbilənin başçısı Rakan bin Hisleyn Osmanlı Dövlətinə qarşı üsyan edincə həbs edilmiş və o dövrdə Balkanlarda bir Osmanlı vilayəti olan Nişə sürgün edilmişdir. Osmanlı-Serb-Qaradağ müharibəsindən sonra II Əbdülhəmid tərəfindən əfv edilərək, Necidə geri dönməsinə izin verilən Rakan öz hekayəsini şişirdilmiş şəkildə şeirlərə tökmüş və zamanla dastanlaşmışdır.
Kral Salman atasının ənənəsinə bağlı olaraq, bir evliliyini də Ucman qəbiləsindən olan xanımla qurmuş və MBS də bu qəbiləyə mənsub olan həmin xanımdan dünyaya gəlmişdir.
Bu qısa hekayədə bir-birilə əlaqəli şəkildə şərh edilməli olan bir çox ip ucu vardır. O da sizə qalmış. Ancaq istənilən halda, Səudiyyə Ərəbistanını bölgəyə də ciddi təsir edəcək isti günlər gözləməkdədir.
Zəkəriyə Qurşun
"Yeni Şafak”, Türkiyə, 09 mart 2020-ci il
Tərcümə Strateq.az-ındır