Təhlilçilər:" Ağ Evin Suriya üçün hələ də effektiv planı yoxdur"

Təhlilçilər:" Ağ Evin Suriya üçün hələ də effektiv planı yoxdur"

 

Rusiyanın Suriyada üsyançı qüvvələrə qarşı döyüşən Əsəd qüvvələrinə havadan hərbi dəstək kampaniyasına başlamasından bir il sonra ölkədə qarışıqlı  davam edir, vəziyyət daha da pisləşir.

Ekspertlər isə Ağ Evin münaqişəyə son qoyulması üçün nə effektiv planı, nə də yaxşı variantları olduğunu bildirir.

Moskva hava hücumlarının ildönümünü Suriya hökuməti ilə birlikdə üsyançıların sonuncu istinadgahı olan Hələbdə bombardmanları instensivləşdirməyə söz verməklə qeyd edib.

250 mindən çox insan su ehtiyatları, qaçqın düşərgələri, xəstəxanalar və humanitar yardım təchizatı da daxil olmaqla mühüm obyektlərin bombardman edildiyi şəhərdə ilişib qalıb. Ağ Evin verdiyi məlumata əsasən, bomba hücumları nəticəsində yeraltı uşaq meydançası da dağıdılıb.

Cümə günü Almaniya kansleri Angela Merkellə telefonla danışan ABŞ prezidenti Barak Obama hücumları "barbarlıq aktı" adlandırıb.

Ağ Ev Moskvanın atəşkəsə əməl etməsi və Hələbə yardımın çatdırılmasına imkan verməsi üçün prezident Əsədə təzyiq göstərəcəyinə ümid etməyə davam edir.

ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs keçən ay Rusiya və Suriyanın müxalifə üsyançıların şəhərdən çıxarılması səylərini davam etdirərək hava hücumları keçirməsindən sonra pozulub.

Bombardmanlar Moskva və Vaşinqton arasında münaqişənin diplomatik yolla həlli səylərinin çıxılmaz nöqtəyə gəlməsinə gətirib çıxarıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada bombardmanlara görə diplomatik danışıqları dayandırması ilə bağlı hədələrini "qəbuledilməz və kədərli" adlandırıb.

ABŞ dövlət katibi Con Kerri və Lavrov arasında cümə günü telefon söhbəti də bir nəticə verməyib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib ki, Obama administrasiyası Suriyada "əzabların yüngülləşdirilməsi" yollarını nəzərdən keçirməyə davam etdirəcək, lakin variantlar o qədər də yaxşı deyil".

ABŞ-ın siyasətində böyük dəyişiklik gözlənilmir

Ağ Ev eyni zamanda, Suriya siyasətində heç bir ciddi dəyişikliyin olacağına da işarə etməyib.

ABŞ-ın Suriyada keçmiş səfiri Robert Ford ABŞ və Rusiyanın baxışlarında fundamental fərqlərin olduğuna görə iki ölkə arasında böhranın həlli səylərinin dönüş nöqtəsi yarada bilməcəyini əvvəlcədən bildirib.

2011-2014-cü illər arasında diplomatik rolunu icra edən Ford deyib ki, Amerikanın əsas prioriteti əks-terror olduğu halda, Rusiyanın əsas hədəfi Əsəd hökumətinin hakimiyyətdə qalmasını təmin etməkdən ibarətdir.

O hazırda Vaşinqtonda işlədiyi Yaxın Şərq İnstitutunun veb səhifəsində yerləşdirilən şərhdə yazıb ki, Obama administrasiyasının birbaşa hərbi müdaxiləni istisna etməsinə görə, "Vaşinqton bunun daimi həll olmayacağını bildiyi halda, Suriyada İŞİD-ə qarşı döyüşən yerli qüvvələri dəstəkləyir."

Sergey Lavrov isə hətta iddia edib ki, "ABŞ Nusranı müxalifətdən ayırmaqdan imtina etdiyi üçün Suriyada Əl-Qaidənin qanadı olan Əl-Nusra Cəbhəsini dəstəkləyir".

Terrorçular və müxalifət qrupları

Rusiyanın Suriyada terrorçu qruplara qarşı mübarizə apardığını bildirməsinə baxmayaraq, ABŞ Moskvanı yerli müxalifət qrupları və mülki əhalini hədəf almaqda ittiham edir.

Ekspertlərin bir hissəsi Birləşmiş Ştatların kifayət qədər iş görmədiyini bildirir.

Müharibə Tədqiqatları İnstitutunun təhlilçisi Cenevyev Kasaqrandenin fikrincə, "ABŞ heç vaxt Suriya münaqişəsinin əsaslı həlli üçün kifayət qədər iş görməyib. "Bu, ABŞ-ı bir çox cəhətdən məhdudlaşdırır"-deyə o bildirib.

Təhlilçinin sözlərinə görə, Rusiya ilə birgə səylərə son qoyulmalıdır.

"Tamamilə aydındır ki, bu danışıqlar kifayət deyil və onlar bir nəticəsi olmayacaq. ABŞ Rusiya Suriyada vətəndaş müharibəsində döyüşən tərəf olduğu halda Rusiya ilə tərəfdaşlığı heç bir şərtlə qəbul etməməlidir"-deyə o bildirib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Entoni Kordesman deyir ki, Kerrinin danışıqlar yolu ilə həll tapmaq üçün göstərdiyi səylərə baxmayaraq, burada mühüm reallıqlar nəzərə alınmır.

"Rusiya, Əsəd rejimi, İran və Hizbullahın danışıqlar yolu ilə həllə məhəl qoymadığı nəzərə alınmır"-deyə o bildirib.

Ekspertlər eyni zamanda, ABŞ-ın müxalifət qruplarının Əl-Qaidəyə üz tutmaq məcburiyyəti qarşısında qalmaması üçün onlara dəstəyi artırmalı olduğunu bildirir.

Lakin onlar eyni zamanda Suriya böhranının həlli üçün asan və ya hər hansı yaxşı bir yolun olmadığını etiraf edir.  

  (Amerikanın səsi)



Oxşar Xəbərlər

Xəbər lenti